13 Noyabr 2019 13:43
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmkarım İlqar Əhmədin elmi işindən öyrəndim ki, Cümhuriyyət dönəmində çap olunan satirik “Şeypur” jurnalının 5-ci sayında “Etiraz” adlı maraqlı məqalə dərc olunub. 1918-ci ilin 2 noyabrında çap olunan jurnaldakı məqalədə yazılıb: “Axı biz hamımız bilyoruq ki, ərmənilər elə sırtıq xalqdır ki, onlara Azərbaycanın yarısını da versək, sabah o biri yarısına da göz dikəcəklər. Ol səbəbdən İrəvan və ətraf torpaqlarını ərmənilərə verərkən gələcəkdə olacaqları da düşünmək lazımıydı”.

Əlbəttə ki, Cümhuriyyət liderləri bunu başa düşürdülər. Amma siyasi vəziyyət bizim istəklərimizin əksinə idi, Bakı kimi strateji şəhəri işğaldan azad etmək, ermənilərin Qarabağa olan iddialarının qarşısnı almaq üçün başqa çarə qalmamışdı. Təəssüf ki, elə qısa zamanda məlum oldu ki, ermənilər nəinki bu iddialarından vaz keçiblər, Azərbaycan torpaqlarının növbəti hissəsini ələ keçirmək planı qurublar. “Şeypur” jurnalının 4-cü sayında çap olunan “Nə istiyorlar?” adlı yazıda isə belə bir cümlə var: “Erməni kirvələrimizin qədimdən bəri adətləri odur ki, bir şəbi olan kimi elə bağırırlar ki, səsləri birbaş Yevropaya gedir”.

Təəssüf ki, bizim ya naşılığımızdan, ya haqlılığın verdiyi rahatlıq hissindən, ya da ki biganəlikdən yüz ildir ki, Avropada bizdən daha çox ermənilərin səsi eşidilir. “Şeypur”un yazdığı kimi, erməni başçıları o qədər sırtıqdırlar ki, Xocalı soyqırımı törətdikləri, Qarabağ və ətraf rayonları işğal etdikləri halda, Avropada Azərbaycanın ermənilərə qarşı aqressiyası olduğunu car çəkir, qızğın sülh tərəfdarı olduqlarını bildirirlər.

Qarabağ münaqişəsi üzrə ekspertlərdən Əvəz Həsənov bu yaxınlarda sosial şəbəkədə maraqlı bir fikir yazmışdı:
“Bir dəfə Londonda European Council on Foreign Relations təşkilatının dəvəti ilə tədbirdə çıxış edirdim... Bir nəfər rumıniyalı nümayəndə yaxınlaşıb çox mülayim şəkildə dedi: “Cənab Həsənov, sizin regionun sovet istilasından xilası dövrünü çox yaxşı tədqiq etmişəm. İnciməsəniz sizə demək istəyərdim ki, “Siz 1990-cı illərdə siyasəti küçələrdə və otaqlarda aparırdınız, ermənilər isə siyasəti səngərlərdə və beynəlxalq dairələrdə aparırdı. Ona görə də onlar torpaqları qazandılar, siyasətlə indi məşğul olurlar”.

Necə də haqlı təsbitdir! Erməni istəyinə çatdıqdan sonra təbii ki, səngərdən çıxıb özünü sülh carçısı kimi aparacaq, Azərbaycanın mövcud vəziyyətlə barışmasını tələb edəcək. Artıq erməninin indilik (!) səngərə keçmək kimi fikri yoxdur, İrəvan kimi Qarabağı da beynəlxalq aləmdə tanıtdıqdan sonra, növbəti həmlələrinə keçəcək. Bizim isə hazırda vəziyyətimiz çox gərgindir. İndən belə biz həm səngərdə, həm də Avropa və Amerika salonlarında haqlı mübarizəmizi aparmalıyıq.

Bəxtiyar Hacıyevin Parisdə Paşinyanı sualı ilə susdurması, “aldığınız hər şeyi qaytaracaqsınız!” fikrini birbaşa deməsi Avropa salonlarındakı üstünlüyümüz üçün bir başlanğıc ola bilər. Hələ yüz il qabaq ermənilər bizim Əhməd bəy Ağaoğlu kimi Qarabağdan olan, Fransa təhsilli nəhəng insanımızın Paris Sülh Konfransında iştirakının qarşısını ala bilmişdilər. Çünki ermənilər üçün Qərb salonlarında təkbaşına çıxış etmək, susdurulmamaq çox önəmlidir. Amma B.Hacıyevin, Arzu Məmmədovanın bu addımları ilə Azərbaycan ordusunun addımları bərabər şəkildə davam etməlidir...


Müəllif: Dilqəm Əhməd