20 Mart 2020 20:27
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacir siyasətçi, publisist Mirzəbala Məhəmmədzadə Novruz günü ilə bağlı yazdığı bir məqaləsində “qurtuluş” kəlməsinin “qurt” (qurd) sözündən yarandığını bildirir:

“Tarixin bu gününə təsadüf edən bir günündə əsrlərdən bəri tilsimdə qalmış türk milləti bir qurt izinə düşmüş və dünyanı istila üçün Asiya steplərinə çıxmışdır. Türk xalqları qurt başını əsrlərlə tuğra, bayraq başı əlaməti surətində sərf etmişlərdi. Bu gün bayramını saxladığımız “qurtuluş” kəlməsinin həmin “qurt”un adından alınma bir söz olduğunu nəzərə alsaq, Türk-Turan aləmində qurtun nə qədər müqəddəs tutulduğunu təslim etmiş oluruq”.

Azərbaycan yerləşdiyi coğrafi əraziyə görə həm Orta Asiyaya xas Ergenekon dastanını, həm də Ön Asiyaya xas Novruz bayramının adətlərini bərabər şəkildə qeyd edib. Zamanla Novruz kəlməsi və adətləri daha ön plana çıxıb. Hətta İslamın bölgəyə gəlməsindən min il sonra da bölgənin özündə formalaşan bayramlar dini bayramlardan daha təntənə ilə qeyd edilib. Novruz adətlərinin tədqiqatçılarından yazıçı Yusif Vəzir Çəmənzəminli haqlı olaraq yazırdı: “Xalqımızın təqdir еtdiyi adətlərdən ən birincisi, hеç şübhə yоx ki, Nоvruz bayramıdır.

Bu bayram о qədər əziz tutulur ki, hətta “Mövludi-Nəbi” bеlə buna nisbətən yоx mənziləsinə gəlir. Səbəbi aşkardır: Xalq özü yaratdığı bir adəti kənardan gələn və qılınc zоru ilə təlqin оlunan bir еtiqada tərcih еdir. “Biz qılınc müsəlmanıyıq” dеyən bir millətin islamiyyətə nə qədər yabançı оlduğunu izah еtməyə lüzum görülmür və əsrlərdən bəri bütün hücumlara rəğmən təntənə ilə kеçirdiyi adət və ayinlərin də nədən irəli gəldiyi aydın bir məsələdir”.

Azərbaycanda cümhuriyyətin elanı ilə İran-Turan münasibətlərində qırılma dövrü başladığı üçün Novruz məsələsinə baxışda da əski türk inanclarının müəlliflərin yazılarında ön plana çıxdığını görürük. M.Məhəmmədzadənin Cümhuriyyət dövründə yazdığı məqalə də bu qəbildəndir. Rəsulzadə də mühacirətdə qələmə aldığı bir yazısında Ergenekondan xilas məsələsini qeyd edib: “Milli olan hər şeyi yox etməyə çalışan bu qanlı istila rejimi yaşadıqca, şübhə yoxdur ki, çağdaş azərbaycanlılar xalq təbirincə qara bayram yaşayacaq, Zöhhak dövründəki iranilər, Ergenekondakı türklər kimi həqiqi qurtuluş gününü dörd gözlə gözləyəcəklər”.

21 martın Ergenekon dastanı ilə bağlı olması ilə bağlı mühacirətdə ən geniş yazını Cümhuriyyət deputatı Məhəmmədsadıq Aran yazıb. Maraqlıdır ki, İstanbulda Ergenekon bayramını törən kimi keçirən ilk şəxs də o olub. 1948-ci il martın 22-də Aran sədri olduğu Türk Kültür Çalışmaları Dərnəyində törən təşkil edib və bu tədbirdə Bakının xilaskarı Nuri paşa da iştirak edib. Tədbirdəki çıxışında Aran belə deyib: “Türk milləti keçirdiyi hər müşkülat qarşısında daima müvəffəq olub, hər şeyi bacarıb. Buna misal olaraq, iki türk şahzadəsinin Ergenekon dağından çıxaraq dörd əsr sonra intiqam almalarıdır…”

Geniş məqaləsində Aran bayram adətlərindən biri olaraq bildirib: “Törənlərin ən önəmlisi torpaq altından bir tunel açıb – eynilə Ergenekon dastanında olduğu kimi – o dəlikdən keçmə adətidir. Bu şəkildə tilsimdən qurtulur”.

Mühacir Əziz Alpoud da uşaqlığında Qazax mahalında gördüyü adətlərlə bağlı yazdığı məqaləsində 21 martı Bozqurd bayramı kimi qeyd edib.
Göründüyü kimi XX əsrin əvvəllərində Azərbaycanın Novruzustan kimi də adlandırılan coğrafi ərazidən ayrılmaq meyilləri müəlliflərin yazılarında Ergenekon dastanının önə çıxmasına səbəb olub. Amma Cümhuriyyət səfiri, yazıçı Yusif Vəzir Sovet dönəmində yazdığı məqalələrində Novruz-Zərdüşt münasibətlərini önə çəkib. Hətta açıq şəkildə yazıb: “Ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü…”.


Müəllif: Dilqəm Əhməd