24 May 22:05
1 000

2018-ci il. Varşava.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun illlik konfransı.

Bu fotonu da həmin konfransda çəkmişəm. Şəkli çəkməkdə məqsəd məndən sağda başını aşağı salıb, üzünü gizlətməyə çalışan adamın üzünü çəkmək idi.

ATƏT DTİHB-in konfransında iki (hökumət nümayəndəsi və QHT rəhbəri kimi) vəsiqəsi olan, zalda Almaniyada rəsmi qeydiyatı olan "European Center for Arzakh Studies"qeyri-hökumət təşkilatının rəhbəri kimi çıxış edən , kuluarlarda Ermənistan hökumət nümayəndəsi "bacını" gəzdirən bu şəxs şəklini çəkdiyimə görə, məni konfransın təhlükəsizliyi xidmətinə şikayət etmişdi.

Təhlükəsizlik rəisi yaxınlaşıb şəkili silməyi xahiş etdi, mən də onların yanında sildimsə də, sonra bərpa etdim.

Konfransdan bir gün öncə bu şəxs "Arsax"ın müstəqil olması, Dağlıq Qarabağın Ermənistan ordusu tərəfindən işğal deyil, "Arsax-erməni milli azadlıq hərəkatı"nın hərbi qüvvələri tərəfindən "azad" edilməsi, Azərbaycanın Dağlıq Qarabağı "blokadaya alması", orada yaşayanların "insan haqlarının pozulması", beynəlxalq təşkilatların Azərbaycanın maliyyəsi önündə buna göz yumması və s. kimi absurd dolu iki nağıl çıxışı olmuşdu. Bu şəxs ilk dəfə diqqətimi məhz çıxışlarını Paşinyan hökumətinin israr etdiyi absurdlar üzərindən qurmasına görə çəkmişdi.

Sonra, çıxış üçün qeydiyyat sırasında (iştirak edənlər bilir necə uzun sıra olur) apardığı təbliğatdan mənə aydın oldu ki, adam işğal altında olan ərazilərə turizm və mədəni əlaqələrin təşviq adı altında qondarma rejimin ictimai lobbiçiliyini aparmaq üçün Ermənistan xüsusi xidmət orqanlarının Avropaya miqrant qismində yerləşdirdiyi "legioner"lərdən biridir. Almaniyaya yerləşən bu legioner-miqrant isə konfransda missiyasına uyğun qondarma quruma daha çox xarici qonaq qismində rəsmi şəxs cəlb etməklə məşğuldur.

Kofe breakda alman hökumət nümayəndəsinə sırf bu məqsədlə yaxınlaşdım, vizit kart mübadiləsi etdik, Almaniya hökumətindəki və müxalifətindəki dostlarım haqqında danışdım, ümumi tanışlarımız çıxdı və mən də bu şəxs haqqında yuxarıda yazdıqlarım və bura yazmadıqlarım bir neçə müşahidəmi onunla bölüşdüm.

Növbəti kofe-breakda Almaniya hökumət nümayəndəsinin təşəbbüsü ilə (biri XİN nümayəndəsi, digəri Miqrasiya Xidmətinin nümayəndəsi ) daha iki şəxslə bu haqda və ümumiyyətlə miqrant qismində Almaniyaya yerləşdirilmiş xüsusi xidmət nümayəndələrinin Almaniya dövləti üçün gələcəkdə hansı narahatlıqları yaşadacağı haqqında bir saatlıq danışdıq.

Deyə bilərəm ki, onlardan biri o saat ərzində danışdığım hər şeyi qeyd etdi.

Bu günlərdə öyrəndim ki, Almaniya hökuməti "European Center for Arzakh Studies"-in rəsmi qeydiyyatını ləğv edib.

Çox xoşbəxtəm, belə kiçik qələbələr bizi böyük qələbəmizə yaxınlaşdırır.


Müəllif: Yeganə Hacıyeva