9 Sentyabr 2020 16:10
3 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk şairi Nazim Hikmətin həyatının bir dövrü də Azərbaycanla bağlıdır. Onun Bakıya gəlişləri, burada çap olunan kitabı, Azərbaycan Sovet ədəbiyyatının təmsilçiləri ilə dostluğu, tələbələr önündəki çıxışı, bizimlə bağlı yazdıqları, onunla bağlı bizimkilərin yazdıqları və s. böyük bir tədqiqat mövzusudur. Bu mövzuda yetərli keyfiyyətdə və həcmdə olmasa da, bir neçə kitab da işıq üzü görüb.

Uzun müddətdir Türkiyə mətbuatında Azərbaycanla əlaqədar mövzuları tədqiq etdiyim üçün Nazim Hikmətlə bağlı da maraqlı materiallar qarşıma çıxır. Bu materialların unudulmaması, internet əsrində daha geniş kütləyə çatması üçün müvafiq mövzuları təqdim etməyə çalışacağıq.

Belə yazılardan biri “Nazim Hikmətli anlar” başlığı ilə mərhum şair Bəxtiyar Vahabzadədən alınan müsahibədir. 1998-ci ildə Türkiyə mətbuatına verdiyi müsahibəsində B.Vahabzadə Nazim Hikmətlə bağlı xatirələrini bölüşüb:

“Mən o zaman çox gənc idim. Nazim təxminən 1950-ci ildə Moskvaya gəldi. Bizim bir şairimiz var, Rəsul Rza. O da Nazim Hikmət üslubunda yazırdı. Onlar öncədən də tanış idilər. Mənim də Rəsul Rzayla dostluğum vardı. Onun vasitəsi ilə Nazim Hikmətlə tanış oldum. Bir-iki il sonra Nazim Bakıya gəldi. Onu biz qarşıladıq. Hətta buraya gəlməsi münasibətilə “Xoş gəldin” adlı şeir də yazmışdım. Aramızdakı yaş fərqi çox idi. Amma biz həmişə danışar, söhbət edərdik. Gənclərlə söhbət etməyi çox sevərdi”.

Nazim Hikmətin Bakı səfərində Azərbaycan türkcəsi məsələsi bir neçə dəfə gündəmdə olub. Tələbələr önündəki çıxışı, Mirzə İbrahimovun məlum cavabı hələ də maraq doğuran məsələlərdir. B.Vahabzadə müsahibəsində dillə bağlı maraqlı xatirə danışıb:

“Bütün Bakı küçələrində o zamanlar rusca “Миру-мир!”, yəni “bütün dünyaya barış” şüarları asılı idi. Nazim bir gün “Azəri türkləri sülh istəmirmi? O zaman bu şüarı niyə rus dilində yazdınız?” deyərək təpki göstərdi. Nazim sonralar çox şeyi anladı. Sovet sistemindəki qüsurları görməyə başladı. Nazim totalitar rejim tərəfdarı deyildi, insani bir demokratiya istəyirdi. Sovet dövründə burada bütün toplantılar, dövlət işləri rus dilində aparılırdı. Nazim bunları qəti şəkildə həzm edə bilmirdi.

Nazim fransız teatrı ilə rus teatrını müqayisə edən bir məqalə yazmışdı. Məqaləsində fransız teatrını rus teatrı ilə müqayisədə bir az daha üstün olduğu fikrini müdafiə etmişdi. Buna görə də ruslar Nazimi tənqid edən məqalələr yazdılar. Nazim “bu məqaləm, deyəsən, Xruşşovun xoşuna gəlmədi” deyincə bizim şair Rəsul Rza cəld dedi: “Sənin nəyinə lazımdır fransız teatrı ilə rus teatrını müqayisə etmək? Sən türk oğlu türksən. Sən Azərbaycan türklərinin mədəniyyəti, teatrı haqqında yaz”.

Bu söhbət əsnasında mən yanlarında idim, amma sözə heç qarışmırdım. Çünki onlardan çox gənc idim. Aramızdakı yaş fərqi səbəbiylə heç bir zaman çox yaxınlaşa bilmədik. Amma mənim şeirlərimi bəyənirdi. Hətta mənə bir şeir kitabını da imzalayaraq hədiyyə etmişdi”.

B.Vahabzadə söhbətinin davamında Türkiyədən qaçan məşhur Sertel ailəsi haqqında da xatirələrini bölüşüb...


Müəllif: Dilqəm Əhməd