Bütün Azərbaycan, irili-xırdalı ellik camaatımız bizə artıq yaxın sabahlar içindən boylanan həyəcanlı vüsal günlərinin sorağındadır. Keçmişlərdə toyları 40 gün, 40 gecə edərdilər. 30 ilin həsrəti 40 günlük çal-çağırla ovudularmı? Şuşada, Xankəndində, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında, Kəlbəcərdə şadyanalıq, büsat aylarla səngiməyəcək. Yaralarına məhəbbətimizlə məlhəm qoyacağıq, Qarabağ!
Bütün millət fəhlən olacaq, əziz Qarabağ, səni öpə-öpə, oxşaya-oxşaya təzədən tikib-quracağıq. Hərənin ürəyində bu gün elə ürəyi boyda Qarabağ eşqi var. Amma biz nə birinciyik, nə sonuncu. Bizdən sonra da yeni nəsillər gələcək, Qarabağın başından keçənləri bildikcə bu sevimli diyarın qədrini bizdən də çox biləcək, Qarabağın hər qarışına məhəbbətləri bizimkindən də artıq olacaq.
Bəs bizdən əvvəlkilər Qarabağı necə seviblər? Azərbaycan aşiqi Mirzə Cəlil lap cavanlıq çağlarından, başlanan XX yüzilin əvvəllərində ilk gəldiyindən, ilk gördüyündən Qarabağa, gözəl Şuşaya vurulmuşdu. Lakin tale elə gətirdi ki, sonra özü də dönüb oldu qarabağlı. Çünki el sözüdür, birindən xəbər alırlar “Haralısan”? Qayıdlr ki, hələ evlənməmişəm. Mirzə Cəlil taleyini Cavanşirlər nəslindən olan Həmidə xanımla bağladı və onsuz da əvvəldən qəlbində var olan Qarabağ, Şuşa sevgisi birəbeş artdı... Oktyabrın 25-də saat 22.15-də FM 105 tezliyində Azərbaycan Radiosunda səslənəcək “Axşam görüşlər”ində böyük ədibimiz Cəlil Məmmədquluzadənin Qarabağ səfərləri, Qarabağla bağlı yazıları, Qarabağdakı unudulmaz görüşlərindən söz açacağıq.