24 Oktyabr 2014 15:52
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dünyasında hicri təqviminin Məhərrəm ayı Həzrəti Muhəmmədin (s.a.s) sevimli nəvəsi İmam Hüseynin bu ayda şəhadətə qovuşması bütün müsəlmanlar, xüsusilə Əhli-beyt sevərlər tərəfindən matəm kimi qəbul olunur. Müqəddəs dinimizin bu günümüzə qədər gəlib çatmasında İmam Hüseyn qiyamından irəli gələn təkzibolunmaz örnəklər var.

Azərbaycan o müsəlman ölkələrindəndir ki, burada Əhli-beyti xalq tanıyıb, onlara böyük hörmət və ehtiram bəsləyərək, onların məsləhət bildiyi yoldan sapmayıblar. Yüzlərlə seyidlərin olduğu Azərbaycanda insanlar onları sevib və kəramətlərinə şahid olub. Sovet hakimiyyətinin dinsiz elan etdiyi cəmiyyətdə Əhli-beyt təmsilçiləri təqiblərə məruz qalıb, lakin heç zaman dinə sədaqətlərindən geri çəkilməyiblər. Həbslərə atılan, sürgün həyatı yaşayan, güllələnən bu Allah dostlarının yaşadığı ömür Azərbaycan insanına bir qürur yeri olub. Əsrlərdir ki, insanların sevə-sevə İmam Hüseyn və onun pak Əhli-beyti adına mübarək Kərbəla şəhidlərini yad etmək, Məhərrəm ayını matəm içində keçirməklə sevgili Peyğəmbərimizə öz vəfalarını göstərirlər.

Zalım və zülmkara boyun əyməmək, haqqın, ədalətin bərpası üçün canından keçmək üçün həyati məsələlərin sütunu olan Kərbəla hadisəsi ölkə müsəlmanları üçün bir ibrətdir. Məhz bunun sayəsində əsrlərdir Azərbaycanda məzhəblərarası və təriqətlərarası düşmənçiliklə müşaiyət olunan böyük münaqişələr olmayıb. Azərbaycanımızın dini kimliyində Əhli-beyt sevgisi milli mənəviyyatımızın bir parçasına çevrilib. Ənənəvi sünnü və şiə qardaşlığının, bərabərliyinin mühafizə olunmasında İmam Hüseyn sevgisi hər zaman ortaq dəyər funksiyasında dayanıb. İmam Hüseynin şəhadətinin fəlsəfəsini dərk edən Azərbaycan xalqı öz milli kimliyinin formalaşmasında, vətənpərvərlik hisslərinə sahiblənməsində bu məktəbdən böyük dərs alıb. Bu gün yaxın Şərqdə baş verənlər, İslam adına ləkə olan və zülm edən “dindarlar”ın qarşısına Azərbaycanda illərdir ki, Əhli-beyt sevgisi və bu sevgidən irəli gələn dövlətçiliyə, Vətənə, bayrağa sadiqlik nümunəsi sipər olub. Təkfirçi qüvvələrin zülm və istibdadından fərqli olaraq, məmləkətimizin həqiqi inanclılarının silahı könüllərin qidası, sevginin qaynağı, qardaşlıq və yardımlaşmanın ortaq nöqtəsi olan Əhli-beyt sevgisidir. Bir gün Vətənin bötüvlüyü yolunda Qarabağa doğru savaş meydanına ilk döyüşə atılanlar yenə də Allahına, Peyğəmbərinə və Onun pak Əhli-beytinə sadiq Azərbaycan vətəndaşları olacaq. Yaxın tarixdə İmam Hüseyn məktəbindən dərs alan Seyid Mübariz İbarhimovun qəhrəmanlıq səlnaməsi bunun bariz nümunəsidir.

Bir neçə gündən sonra qanlı Kərbəla faciəsinin növbəti ildönümündə, xüsusi olaraq Aşurada Əhli-beyt sevərlərin üzərinə həmişəkidən daha artıq məsuliyyət düşür. Bu məsuliyyət də məmləkətimizin, dövlətimizin düşmənlərinə çevrilən təkfiçi milli dönüklərə fürsət verən ifrat əməllərə yol verməməkdir. Bütün Əhli-beyt sevərləri bu mübarək ayı şəhidlərin sərvəri Həzrəti Hüseynin timsalında Vətən şəhidlərimizin ruhunu sevindirəcək şəkildə keçirməyə səsləyirəm!

Şərqşünas Seyid Camal Əzimbəyli


Müəllif: Seyid Camal Əzimbəyli