Fransa Senatının Ermənistana geniş tərkibli səfəri zamanı Ara Ayvazyan İrəvanda “Təhlükədə olan irsimiz – Artsax” adlı sərginin açılışını edib. Özəlliklə Fransa Senatının sədri Jerar Larşenin gəlişinə hazırlanmış və növbəti yüksək səviyyəli xarici siyasətçini erməni təbliğatı üçün təlimatlandırmaq məqsədi ilə düzənlənən bu tədbirdə Ara Ayvazyan xarici qonaqlar qarşısında özünün yeni biliklərini və məharətini nümayiş etdirib. Əvvəlki kareyarsında işlənmiş avtomobillərin alverçiliyi ilə səfirlik fəaliyyətini uğurla birləşdirməyi bacarmış Ara Ayvazyan bu dəfə “kulturoloq” rolunda çıxış edib və tamaşaçıları xeyli əyləndirib. “…Osmanlı imperiyasında olduğu kimi, müasir dövrdə Azərbaycanda da erməni mədəni abidələrinin planlı şəkildə məhv edildiyini” bildirən Ara Ayvazyan hazırda “Azərbaycan Ordusu tərəfindən tutulmuş Qarabağ ərazilərində qalmış erməni mədəni abidələrinin təhlükədə olduğunu” elan edib.
Hələ Osmanlı ərazisində guya “... ermənilərə məxsus olmuş 1860 kilsə və 229 monastırın dağıdıldığını” iddia etməklə başlayan açılış nitqini Ara Ayvazyan 1997-2006-cı illər ərzində Naxçıvanda “28000 erməni mədəniyyət abidəsinin məhv edilməsi” ilə davam etdirib. Sonda isə azad olunmuş Qarabağ ərazilərində guya erməni mədəniyyətinə məxsus “...1500 mədəniyyət abidəsinin, o cümlədən 161 kilsənin, 600 xaçkarın, sarayların, körpülərin və 19 minə yaxın muzey eksponatının” məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib.
Hələ ermənilərin məskunlaşmasından da əvvəl Osmanlı ərazisində çoxsaylı kilsələrin və monastırların mövcudluğunu nəzərə alsaq, Ara Ayvazyanın xristianlığa aid bütün tarixi abidələri ermənilərin adına yazdığını başa düşmək çətin deyil, amma onların guya türklər tərəfindən məhv edildiyini iddia etməyin ağ yalan olduğu da hamıya yaxşı məlumdur.
Bundan daha təəccüblüsü “kulturoloq” Ayvazyanın Naxçıvan haqqında dedikləridir. Cəmi 6 şəhəri və 200-dən bir qədər çox kəndi olan Naxçıvanda guya vaxtilə ermənilərə məxsus 28000 mədəniyyət abidəsinin olduğunu iddia etməsi Ara Ayvazyanın orta məktəbdə oxuduğu zaman riyaziyyat dərslərində ümumiyyətlə iştirak etmədiyi ehtimalını yaradır. Ayvazyanın hesablamasına inansaq belə çıxır ki, Naxçıvanın hər bir yaşayış məntəqəsində 130-dan şox erməni mədəniyyət abidəsi varmış. Adam nə boyda yalançı olursa olsun, vaxtilə Naxçıvanda yaşamış bir neçə min erməni çəkməçisinin, rəngsazının, bənnasının, süüpürgəçisinin 28 min mədəniyyət abidəsi yaratması haqqında mifi uydurmaq heç bir artistin ağlına və abırına sığışan yalan deyil. Bu artıq yalançılıq yox, lap sehrbazlıqdır. Bu da Ara Ayvazyanın çoxsaylı “vunderkind” qabiliyyətlərindən biridir.
Qarabağ ərazisində “...1500 mədəniyyət abidəsinin, o cümlədən 161 kilsənin, 600 xaçkarın, sarayların, körpülərin və 19 minə yaxın muzey eksponatının” məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirən Ara Ayvazyanın həyasızlığı qarşısında isə ümumiyyətlə söz tapmaq çətindir. Mənsub olduğu qəbilə tərəfindən işğal olunmuş ərazilərdə bu torpaqların əzəli sahibləri tərəfindən yüz illərlə tikilib qurulmuş bütün tikililərin 30 il ərzində yerlə yeksan edilməsindən və üstəlik, artıq bütün dünyanın bunu görməsindən sonra Ara Ayvazyanın hansısa möcüzə nəticəsində “1500 erməni mədəniyyət abidəsinin” sağ qaldığını iddia etməsi çıxılmaz vəziyyət yaradır. Yeganə çıxış yolu Ara Ayvazyanı hər hansı bir yolla Azərbaycana gətirmək, azad olunmuş torpaqlara aparmaq və qulağından tutub onu xarabalığa çevirdikləri Qarabağda kəndbəkənd, şəhərbəşəhər gəzdirmək və onun saydığı 1500 “erməni mədəniyyət abidəsini” göstərməyini tələb etməkdir. Yalnız o halda Ayvazyanın sərgi iştirakçılarına yalan danışdığını etiraf etməkdən başqa yolu qalmayacaq.