Səhərdən gözümün yaşını saxlaya bilmirəm. Sevincdən, fərəhdən ağlayıram...
Mediaya baxıram - qürurvericidir. Sosial şəbəkələrə baxıram - Şuşa qoxuyur; bütün həyatımız, duyğularımız, qəlbimiz, baxışlarımız, nəfəsimiz... - Şuşa qoxuyur.
Bütün Azərbaycandan Şuşanın ətri gəlir...
Bir yazar üçün bunları etiraf etmək, yazmaq nə qədər gözəldir. Əslində xoşbəxtlik budur.
Mediaya nəzər salırsan, İlahi, xəbərlərə bax:
Şuşa Azərbaycan Mədəniyyətinin Paytaxtı elan edildi!
Bakıda General Polad Həşimovun adına küçə...
Generalımızın adını daşıyacaq park...
Pilot Rəşad Atakişiyevə Şəhidlik statusu verildi...
Heydər Əliyev Fondu Şuşada “Xarı Bülbül” musiqi festivalına hazırlaşır...
May ayının 8-i və... hara baxırsan Şuşa... Hara baxırsan Qürur...
Axar.az-ın bugünkü manşet yazısının başlığından bəxtəvərlik süzülür: “28 illik lənət bitdi: Şuşa, sən azadsan!..”
Qardaşıma zəng edirəm, hərbçidir, deyir, Şuşadakı komandir dostumla danışırdım. Dedi ki, artıq Şuşanın küçələrində tıxacdır, maşınların sayı o qədər çoxalıb...
Xoşbəxtlik başqa necə olur ki?! Başqa necə ola bilər?!
Və gəl, ağlama; Sevincdən, fərəhdən, bəxtəvərlikdən hönkürmə...
Bir il öncəni yadıma salıram. Hər il mayın 7-də artıq erməni mediasında “atəşfəşanlıq” başlayırdı. Lənətə gəlmiş 8 maya - “qələbə”nin ildönümünə hazırlıq görürdülər. Dünyanın hər yerindən erməni hərəkətlənməsi özünü göstərirdi. Nazirlər, deputatlar, biznesmenlər “bayram”ı qeyd eləmək üçün Qarabağa – Şuşaya axışırdılar...
İndi erməni mediasında ölüm sükutudur. Yasa qərq olublar. Mediada “Şuşi” adı yoxdur, qondardıqları “Şuşi” adı indi heç çəkilmir də!
Artıq Şuşa var!
Artıq Şuşa Azaddır...
Artıq 8 May da Azaddır...
İndi təsəvvür eləmək belə çox çətindir ki, biz 28 il, düz 28 il düşmənin Şuşadakı şeytan şənliklərini seyr etməyə, dözməyə, dözüb ölməməyə məhkum edilmişdik. Bizi haradan vuracaqlarını, haradan ağrıdacaqlarını bilirdlər namərdlər. Ona görə hər dəfə Şuşanı seçirdilər...
Feysbuk ötən illərdə may ayının 8-də yazdığım statusları xatırladır. Oxumaq belə istəmirəm. Biz necə iztirablardan, məşəqqətlərdən, acılardan keçmişik, İlahi, bu 28 ili biz necə yaşamışıq?!.
Və şükürlər olsun ki, artıq ağır, daşınmaz yük kimi çiyinlərimizdən asılıb bizi taqətdən salmır...
Biz artıq Mədəniyyət Paytaxtımız olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsinə hazırlıq görürük.
İlahi, Mehriban xanım hər şeyi necə xüsusi incəliklə və dəqiqliklə düşünə bilir?! “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşada - əsrarəngiz, füsunkar Cıdır düzündə təşkil olunub. Düz 32 il sonra tarixi ardıcıllıq bərpa olunur: təkrar Şuşada musiqi şöləninə start verilir. Diqqətlə fikir verin: Mehriban xanım Şuşaya məhz mədəniyyət aparır, musiqi aparır, sülh və barış aparır. Bir millətin genetik kodlarında nə yaşanırsa, nə saxlanırsa, o toplumun bugünkü mövcudluğunun açması məhz o yaddaşla önə şıxır, bəlirlənir, var olur. Azərbaycan insanının altşüurunda yalnız Sevgi var! Önə çıxan da məhz sevgidir, mədəniyyətdir, mənəviyyatdır. Mehriban xanım bu dəyərlər sistemini o qədər gözəl bilir ki... Sadəcə, möcüzəvidir...
Fərq məhz bundadır. Bu nəciblikdə, bu əsalətdə, bu həssaslıqdadır Vətənə olan münasibət. Şuşa bizimdir, oraya aid bir qum dənəsi belə qiymətlidir bizimçün. Biz istəyirik ki, Şuşa şəhər olsun, Ev olsun, Ocaq olsun, Vətən olsun!!! Azərbaycanlı təfəkkürü ilə erməniliyin fərqi də bundadır. Biz Həyat aparmaq, Can vermək, Nəfəs olmaq üçün gedirik ermənilərin düz 28 il havasızlıqda boğduqları Şuşaya...
İnsanın içindən yalnız şükr etmək gəlir. Bu gün üçün, bu günlər üçün, gələcək üçün, yaşayacağımız hər an üçün. Bu gözəl duyğuları bizə yaşadan hər kəs üçün...
Çiyinlərindəki ağır yüklərlə qayalara dırmaşaraq düşmənin bağrına od salan, Şuşanı azad edən Qəhrəman Əsgərlərimiz üçün ...
Əziz canlarını bu Xoşbəxtlik üçün fəda edən Qəhrəman Şəhidlərimizin ölməz ruhları üçün...
Və əlbəttə ki, Qəhrəmanımız, Sərkərdəmiz, Liderimiz, Ali Baş Komandanımız üçün...
İlham Əliyev Tanrının bu millətə lütfüdür. Mən bu gün Sizə yalnız Şuşaya görə təşəkkür etmək istəyirəm!
Şuşaya görə çox sağ olun, Cənab Prezident!
Qürura görə, Şərəfə görə, çox sağ olun!
Bizi Həyata qaytardığınıza görə çox sağ olun!
“Şuşanın girişində Azərbaycan bayrağə dalğalanır və bundan sonra əbədi dalğalanacaq” - Mən səhər açılandan bu sözləri təkrar-təkrar pıçıldayıram və bu möcüzəvi xoşbəxtli üçün şükr edirəm, dua edirəm...
May ayının 8-də Şükr etmək... kimin ağlına gələrdi ki...