19 May 2021 16:21
7 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Tan” qəzetinin 20 may 1939-cu il tarixli sayında Əhməd bəy Ağaoğlunun vəfatı ilə bağlı bir fotoşəkil dərc edilib: Əhməd bəyin nəşinin önündə dayanan 6 nəfər - 5 övlad, bir bacı. Nəşə daha yaxın olan kiçik qızı Gültəkin və böyük oğlu Əbdürrəhmanın boynubüküklüyü, digər oğlu Səmədin hələ də nə baş verdiyini anlamağa çalışdığı halı, qızları Sürəyya və Tezərin doluxsanmış halı, bacı kimi yaxın qohum bildiyi Humayın qəbullanmışlığı şəkildə qəribə bir aura yaradıb.

Hamısına təhsil vermişdi Ağaoğlu. Ondan sonra da ayaqları üzərində dayana biləcəkdilər. Artıq ölkədə tanınan şəxslərdilər. Atatürkün süfrəsində əyləşmiş, böyük təcrübə toplamışdı qızları. Atalarının mühacir həyatı, Malta sürgünlüyü onları vaxtından əvvəl böyütmüş, həyatın ağrılı tərəfləri ilə daha erkən tanış olmuşdular. Səməd artıq Avropanı görmüş, dövlət işlərində çalışmışdı, Əbdürrəhman Fransada təhsil alıb mühəndis olmuşdu, Sürəyya Torlakyan davasında Behbud xanın müdafiəçilərindən, İstanbul Darulfünununun üç qız tələbəsindən, Türkiyənin ilk qadın vəkili olmuşdu. Digər qızı Tezər lisey direktoru idi, yazdığı “Məntiq” kitabını Mustafa Kamal paşa bəyənmişdi. Ən balaca qızı isə gələcəyin həkimi olacaqdı.

Amma onlar üçün bir dövr artıq qapanmaq üzrə idi. Bu foto təkcə atalarını itirən övladların şəkli deyildi, həm də vətənləri Azərbaycandan onları bir az da uzaqlaşdıran günün şəkliydi.

Uzun illər sonra oğlu Səməd və qızı Sürəyya Azərbaycana getdilər. Səməd bəy ata yurdu Şuşaya da yollandı, ailəsinin evini ziyarət etdi, önündə şəkil çəkdirdi. Atası haqqında ən gözəl xatirələri qələmə aldı. Sürəyya xanım Bakıda oldu, buradakı qohumları ilə görüşdü...

Həmin “Tan” qəzetində Ağaoğlunun evindən reportaj hazırlayan jurnalist Naci Sadullah fotoşəklin çəkildiyi ortamı belə təsvir edib: “Üst mərtəbədəki salona daxil olanda Ağaoğlu yatağında idi, vəfat etmişdi, beş övladı yatağının baş ucunda idilər. Bir küncdə qızı Tezər “Ata, ata, axı sən “insanlar fənalıq etməməlidir” deyirdin. Axı sən fənalığın düşməni idin. Bizə necə bir fənalıq etdin ata? Necə? Necə?” deyə hıçqırırdı. Ağaoğlunun qızı bu gün Ankara Qızlar liseyinin müdirəsidir. Fəqət Türkiyənin oğlan liseylərində dərs deyən ilk qadın müəllimi olan Tezər bu gün tələbələrindən daha uşaq görünürdü. Digər bir küncdə o biri qızı Sürəyya əyləşib. Ağlamır, fəqət göz çeşməsində səhralıq var. Məmləkətin ilk qadın vəkili olan Sürəyya bu gün ömrünün ən böyük məhkəməsini uduzmuş kimidir! Elektrik mühəndisi Əbdürrəhmanla daxili ticarət ümummüdirinin müavini Səməd mənim yanımdadırlar! Bəlli ki, onlara qalan atalıq vəzifələrini bacara bilmək üçün iradələrinin son zərrələrini xərcləyirlər... Bu dəruni mücadilə üzlərinin olan-qalan qanını sorub. İkisi də şəfqətlə Sürəyyanın yanında oturan Gültəkinə baxırlar. Gültəkin Ağaoğlunun ən kiçik qızıdır. Əbdürrəhman “atam onu bizə əmanət etdi, indi iki anası, iki atası var onun!” dedi”.

Türk jurnalist reportajında Ağaoğlunun övladlarına son vəsiyyətinin nə olduğunu da yazıb: “Boynunuz bükülməsin. İnsanın boynu yaş ağac kimidir. Bir dəfə büküldüsə, bir daha qalxmaz! Yalnız maddi zövqlər üçün boyun əyərək yaşayıb ölmək səfil bir həqiqətdir. Fəqət haqsızlığa boyun əymədən, birinə yarınmadan yaşayıb ölmək insana maddi zövqlər verməsə də, ehtişamlıdır!”.

Bu gün həmin fotoşəklin çəkilməsindən 82 il ötür. 1939-cu ilin 19 mayında vəfat etmişdi Ağaoğlu. O zamandan günümüzə qədər bircə dəfə də Şuşada xatirəsi anılmadı. Uzun illər ruslar, sonra isə ermənilər buna imkan vermədilər. Bu gün isə Şuşa azaddır. Əhməd bəy ilk dəfə olaraq müstəqil Azərbaycanda doğulduğu şəhərdə anılmalıdır. Bu, gəncliyini Azərbaycan uğrunda fəda edən mütəfəkkirə borcumuzdur. Şuşada Ağaoğluna heykəl qoyulmalı, xatirə muzeyi yaradılmalıdır. Əminəm ki, bunların hamısı olacaqdır.

Bir zamanlar Ağaoğlunun övladları atalarının nəşi önündə boynubükük dayandıqları kimi biz də itirilmiş Şuşanın önündə 28 il o cür dayanmışdıq. Şükür ki, indi Şuşa da azaddır, Ağaoğlunun vətəni də müstəqildir. Tək edəcəyimiz bir iş qalıb. Şuşa ilə Ağaoğlunu qovuşdurmaq...


Müəllif: Dilqəm Əhməd