19 Noyabr 2021 00:13
7 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Kamal paşanın Qurtuluş müharibəsinə başladığı 19 may 1919 tarixindən bir gün sonra Osmanlını ingilis himayədarlığına vermək üçün Türkiyədə İngilis Mühibləri Cəmiyyəti adlı təşkilat qurulur.

Mayın 22-də cəmiyyətin beş maddəlik proqramı elan edilir, milyonlarla müsəlmanın yaşadığı İngiltərə ilə Osmanlının arasındakı bağların qüvvətləndirilməsi, ingilislərin elmi, ədəbi, ictimai, iqtisadi sahələrdəki üstünlüklərindən faydalanmağın zəruriliyi bildirilir.

Mühib dost deməkdir.

Proqramda hər iki imperiyanın dostluğundan bəhs edilir. Amma həqiqət başqa idi.
Avropalıların deyimi ilə “xəstə adamı” diriltmək, öz maraqlarına uyğun hala salmaq üçün 600 illik dövləti İngiltərənin mandatına verməkdi.

Ona görə də cəmiyyətdə Osmanlı padşahı, xəlifəsi daxil olmaqla yüksək vəzifəli paşalar da yer almışdılar.

Mustafa Kamal paşa bu cəmiyyət haqqında “Nutuk”da da məlumat verib, cəmiyyətin Şotland presviterian kilsəsinə mənsub şəxslərin idarə etdiyi də artıq bilinməkdədir.

Cəmiyyətin açıq məqsədi ingilis himayədarlığı idisə, gizli məqsədi bunlardı: ölkə daxilində təşkilatlanaraq üsyan yaratmaq, milli şüuru məhv etmək, xarici müdaxiləni asanlaşdırmaq, məmləkətin daxildən parçalanması üçün zəmin hazırlamaq, nəticədə ingilis himayəsinin məmləkətin qurtarılması üçün tək çarə olduğunu təbliğ etmək və s.

Buna görə də cəmiyyət üzvləri Anadoluda başlanan Qurtuluş savaşının qarşısını hər vəchlə almağa çalışırdılar.

İngilislərin 1920-ci ildə millətçi və önəmli dövlət xadimlərini əsir götürüb Malta adasına sürgün etmələrində də bu cəmiyyətin rolu olubdur. İstanbulda bir neçə mətbu dəstəyi də olan cəmiyyət fəaliyyət göstərdiyi 1922-ci ilə qədər bir sıra üsyanların baş verməsinə cəhd etmişdi.

Bir ölkənin, bir millətin ən taleyüklü dövründə başqa bir dövlətin mühibi olmağı ancaq oppurtinist insanlar edə bilər. Vətən müharibəsi dövründə və sonrasında sosial mediada bilərəkdən və ya bilməyərəkdən mühiblik edənlərin varlığı düşündürücüdür.

İran məsələsində gördük.

Tarixi bir qurumun başındakı şəxsdən tutmuş sıravi bir vətəndaşa qədər nə qədər oradakı rejimə xidmət edən insanları gördük. Dövlət başçısı rəsmi şəkildə İranın qanunsuz hərəkətlərindən bəhs etdikdən sonra da bu insanlar mühibliklərindən əl çəkmədilər, şəhidlərimizin qanı bahasına qazandığımız qələbəni başqa dövlətin din xadiminin fətvasına yazmağa çalışdılar. Özünü Allah yolçusu elan edən məşhur din adamlarının isə bu qanunsuzluqlar qarşısında vicdanı dilə gəlib “bu qədər də bəsdir, etməyin, ağalar” deyə bilmədilər. Çünki ingilis mühibləri kimi onlar da Qum mühibləri idilər...

Bir neçə gün öncə sərhəddə baş verənlərdən sonra “Azərbaycan Ermənistana hücum etməməlidir”, “Zəngəzur Ermənistandır” kimi ifadələrlə sosial mediada mühiblik edənləri gördük.

Guya ki Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olub, İrəvanı işğal edəcəkmiş... Halbuki bu yalandan, iftiradan başqa bir şey deyildi. Növbəti erməni təxribatına qarşı ordumuzun cavabı idi. Təxribat 10 Noyabr Bəyannaməsindən bu yana ən qaynar hadisələrdəndi, nəticədə yenə şəhidlərimiz oldu.

Mühiblər isə utanmadılar...

Bakıda Rusiya bayrağı daşıyan mühibləri də gördük.

Qarabağdakı quruculuq işlərinin mahiyyətini anlamayıb hədyan yazılar yazan mühibləri də gördük.
Şəhidlərlə vidalaşdağımız günlərdə mal-mülk davası edən parlamentdəki mühibləri də gördük.
İndən belə daha çox görəcəyik.

Çünki həlqə daralır, Ermənistanla yekun sülh imzalanmalıdır.

Yuxarıda ingilis mühibliyinin nəticəsini yazdıq.

Mühibliklə mübarizədə türklüyün qələbəsi şübhəsizdir.


Müəllif: Dilqəm Əhməd