18 Noyabr 2014 11:02
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmi-cümlətanı 8 sual verir hər kəsə - cəmi 8 sual. Qadınsan ya kişi? Müəllimsən, yoxsa sevgili? Dindarsan? Hə, ya yox? Uşağın var ya yoxdu? İşdə mükafat versələr, pulu neyləyərsən? Mağazaların canına düşərsən, yoxsa yığarsan? Rəqs, mütaliə, yaxud mahnı? Hansı sənə daha yaxındır? Bu qəbildən səkkizcə sual. Və sonda ağlına gələni qıpqırmızı çırpır sənin üzünə. Duruş gətir, görüm necə gətirirsən. Ağlına gələn də nə olsa yaxşıdı? Sənin guya bundan əvvəlki ömründə dünyanı nə cür tərk etməyin barədə verdikt, hökm, qərar. Eləmədim tənbəllik və bu səkkiz suala müxtəlif variantlarda cavablar yazdım.

Deməli belə - qadınsansa, uşağın varsa, mütaliəni sevirsənsə, əvvəlki həyatın “Titanik”də tamamlanıb. Yox, əgər qadınsansa, uşağın yoxdursa, özün də kitaba yox, rəqsə üstünlük verirsənsə, bu zaman əvvəlki həyatında səni tanrı yolunda qurban veriblər. Bu qədər bəsit, bu qədər məntiqsiz və bu qədər əsassız. Rəqs eləmək məsələsini mahnı oxumaqla əvəzləsən, ürəyin lap ağrıyacaq - əvvəlki həyatında guya nahaq gülləyə tuş gəldiyin üçün.

Bu mənasız test suallarına cavab verib daha mənasız nəticələrlə tanış olmaq, yəni bu prosesi həyata keçirmək işini isə artıq sənin öz iradən həll edir. Özün haqqında əsassız uydurmalar oxumağa meyillisənsə, buyur, test elə, sualları cavablandır və uydurmaları oxu - oxuya bildiyin qədər.

***

Söhbət bu gün geniş təbliğ olunan testlərdən gedir - psixoloji testlərdən. Bu testlərə isə artıq hər yerdə rast gəlinir.

***


“Test” - ingilis dilində “sınaq”dı, “yoxlama”dı. Təzə məsələ də deyil. İnsanlar kimin hansı mərtəbəyə layiq olduğunu yoxlamaq üçün əsrlər boyu müxtəlif testlər keçirir, layiqliləri məhz bu yolla müəyyən edirlər. Qaynaqlar xəbər verir ki, ilk belə sınaqlar qədim Misirdə kahin seçimində keçirilib. Qədim Vavilonda isə yazı-pozuyla məşğul olub mirzəlik etmək istəyənləri bu cür yoxlayarmışlar.


Yapon samuraylarının kodeksi sayılan Busidoda maraqlı bir sınaqdan danışılır. Demə, samuray olmaq istəyən kəsin bütün digər keyfiyyətlərilə yanaşı, bir cəhətinə də fikir verərmişlər. Adamın ac vaxtı yemək yeməyini müşahidə edərmişlər. Vəhşi kimi yeyən, hər şeyi gözünə təpən, doymaq bilməyən qarınqulu adamların samuray olması mümkün deyilmiş.


**

Bir də 20-ci əsrin əvvəllərində ayrı-ayrı Avropa şirkətləri işçi seçərkən psixoloji test keçirməyə başlayırlar. Ötən əsrin 50-ci illərindən psixologiyaya maraq necə artırsa, insanlar kütləvi şəkidə test mərəzinə tutulurlar. Peşə seçərkən - test, ailə qurarkən - test, işə düzələrkən - test, ev alarkən - test. Hər biri də məqsədli. İndi vəziyyət alayı cürdü. Məqsədsiz, səbəbsiz, həm də faciəvi. Sənə hansı maşın yaraşır? 20 suala cavab ver, öyrən. Ana kimi necə anasan? 15 sualı cavablamaqla bunu da biləcəksən. Hansı təxəllüs sənə uyğundur? Ağlına bir şey gəlmirsə, 14 suala cavab ver - düzünü biz deyək. Hansı futbolçuya oxşayırsan? Maraqlıdır? Al tut - 12 sual. Həyatının məqsədi nədir? 10 sualı “hə-yox” eləsən, bunu da biləcəksən. Stop! Burada bir stop! Tanrı yaradır, insan yaşayır, günahları və savablarıyla yol gedir, bəzən son mənzilə çatanda belə o məqsədin nədən ibarət olduğunu anlamır. Testyazan şarlatan, 10 sualın cavabıyla necə müəyyən edirsən bu boyda qəliz məsələni? Ya sən, ey mənim keçəl-küçəl qardaşlarımdan biri, işin-gücün qurtarıbmı? Qızıldan qiymətli vaxtını belə boş sual-cavaba niyə xərcləyirsən? Sən bir məsələnin qoyuluşuna bax - “sənə nə cür insan lazımdır?” 15 sualla lap bu qəliz sualın cavabını da öyrəndin. E-e? Bu cavabdan nə çıxacaq? Hanı sənə gərək olan insan? Bax o insanı tapmaq lazım, mənasız sualların əlaqəsiz cavablarını yox.

P.S. Lütfən demə ki, testlərə xərclədiyin vaxtın qızıldan qiymətli deyil. Qiymətlidir. Bunu bilmirsənsə, günahı özündə axtar.


Müəllif: Afaq Vasifqızı