Bir neçə gün öncə Qafqaz İslam Ordusunun Bakını azad etməsindən 104 il ötdü. Azərbaycan Parlamentində Osmanlı qoşunlarını Bakıya çağırmasından fəxrlə danışan Məhəmmədəmin Rəsulzadədən tutmuş bu orduda əsgəri vəzifədə olan gələcək professor Əhməd Cəfəroğlunadək hər kəs bu tarixi missiyada iştirak edib. Azərbaycan və Türkiyə zabitləri, əsgərləri may ayından sentyabrın 15-dək bu uğurda vuruşub, eyni zamanda siyasilər də diplomatik cəbhədə mücadilə aparıblar. Böyük Əhməd bəy Ağaoğlu həmin ilin avqustunda yazdığı məqaləsində “Bakı Azərbaycandır!” ifadəsini işlədərək azad ediləcək şəhərin ölkə qədər dəyərli olduğunu bildirib.
Qafqaz İslam Ordusu haqqında olan arxiv sənədləri Türkiyədə çap olunub. Süleyman İzzət bəy, Rüştü bəy kimi zabitlər isə hərbi xatirələrini qələmə alıblar. Bu mövzuda kifayət qədər tədqiqat əsəri da yazılıb.
Hadisənin şahidləri arasında Türkiyənin tanınmış professoru Əhməd Cəfəroğlu da vardı. Gəncə şəhərində doğulan Əhməd bəyə bu ordunun topçu batareyasında xidmət etmək qismət olub. İllər sonra – 1965-ci ildə qələmə aldığı “Türk-İslam Ordusu” adlı məqaləsində Cəfəroğlu iştirakından belə bəhs edib:
“Azərbaycan qurtuluş hərəkatının ağır yükü və şərəfi təkbaşına 5-ci Qafqaz firqəsinin öhdəsində idi. Bir ovuc döyüşçüdən ibarət bu əsgəri firqənin itkiləri Azərbaycan könüllülərinin yardımı ilə təlafi ediləcəkdi. Beləcə Qafqaz Seymi zamanında yarım-yamalaq qurulmuş yerli Azərbaycan səhra və dağ topçu batareyaları topçu təşkilatından məhrum qalan Türk-İslam Ordusunun əmrinə verilmişdi. Mənim də könüllü olaraq qatıldığım bu Azərbaycan topçu briqadaları cüt topdan hazırlanmış bir neçə batareyadan ibarətdi. İkinci briqada Gəncədə general Murad Tlexasın komandanlığı altında atəş vəziyyətinə gətirilmiş 6 səhra və 4 dağ topundan ibarətdi”.
Xatirəsində Cəfəroğlu Qafqaz İslam Ordusuna qarşı Bakıda müqavimətə hazırlanan ermənilərin də vəziyyəti barədə məlumat verib:
“Bakı xalqının 18 yaşından 55 yaşına qədər qeyri-müsəlman kişiləri istisnasız əsgəri vəzifəyə məcbur edilmişdilər. Türk ordusuna qarşı bəslənən bu müqavimət kini bununla məhdudlaşmırdı. Dağılmış rus ordusunda təlim görmüş erməni əsgərləri Bakıdakı başıpozuq erməni camaatı ilə əl-ələ verərək ağlasığmaz hiyləgərliklər və zülmlər edirdilər... İrandakı kiçik ingilis qoşunlarını dərhal Bakıya cəlb etdikləri kimi rus süvari kazak alayını da qismən də olsa, hərbə soxmağa müvəffəq olmuşdular... Bakı neft quyularında çalışan zavallı və fəqir İran fəhlələri heç bir yerdən himayə görmədikləri üçün bolşeviklər tərəfindən sürətli silahlandırılmış, zorla cəbhəyə göndərilmişdilər. Şiddət və təzyiqə rəğmən heç bir türk Türk-İslam Ordusuna qarşı bir qurşun da atmağı ağlından keçirməmiş, əksinə Bakıdakı iç savaşda Türk-İslam Ordusuna yol açmaq üçün canlarını fəda etməkdən çəkinməmişlər”.
Əhməd bəy 15 sentyabrda baş tutan yekun zəfərdən sonra baş verən maraqlı hadisədən də bəhs edib:
“Bakı meydan müharibəsi 15 sentyabr 1918-ci ilin gecəsi İran bayrağı ilə böyük bir təslimiyyət bayrağını daşıyan qapalı minik avtomobilinin Bakı şəhərindən gələrək Türk komandanlığına şəhərin təslimini bildirməsi ilə sona çatmışdır. Sülh heyəti arasında İran, Amerika, İsveç, Danimarka konsulları ilə iki ingilis komandanı və kommunist Bakı hökuməti təmsilçiləri vardı. Bu surətlə Türk silahlarına boyun əyənlər təkcə erməni və rus camaatı deyildi. İrandan yürüyərək gələn, milli Türk hərəkatını əngəlləməyə çalışan Denstervillin ingilis livası da yenilənlər arasında idi. Yerli bolşevik hökuməti təhrikçilərinə gəlincə, onlar türklüyə qarşı dikilən keçmiş dostları, Bakı müqavimətindəki ortaqları olan ingilislər tərəfindən Aşqabadda güllələnərək mükafatlandırıldılar. Nargin adasında həbs edilən Almaniya, Avstriya və Osmanlı dövlətlərinin əsirləri də Türk silahlı qüvvəti tərəfindən qurtarılaraq öz vətənlərinə göndərilmişdilər”.
Xatirəsində keçmiş topçu zabit, professor Əhməd Cəfəroğlu dövrün Azərbaycan və Osmanlı zabitlərinin də adlarını çəkir. Azərbaycandan: general Əliağa Şıxlı, general Murad Girey Tlexas, albay Cavad Şıxlı, Həbib bəy Səlim, Nazım bəy Ramazan, Süleyman Əfəndizadə, İlyas Talışxanlı... Osmanlıdan: Nuri paşa, Mürsəl paşa Bakü, Yusif İzzət paşa, miralay Cəmil Cahid Toydəmir, qaimməqam Osman bəy, Pertev bəy, Nazım bəy, Rüştü bəy, Kılıç Əli bəy, Zehni bəy...