29 Oktyabr 2022 19:12
14 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millətinin bugünkü hafizəsindəki Türkiyə 1918-ci il 15 sentyabrdan başlayır.

Əhməd Cavadın da yazdığı kimi bacalardan iniltilərin duyulduğu bir zamanda gəlmişdi Türk ordusu. Üzeyir bəyin yazdığı kimi, gəlməsə idilər, Bakıda daş-daş üstə qalmayacaqdı.

Rəsulzadənin yazdığı kimi göydən enən mələk kimi qarşılamışdı xalq onları. Çünki ən amansız zamanda, ermənilərin qadın, uşaq, qoca demədən qətl etdikləri bir dövrdə gəlmişdilər.

İngilislərin, rusların Qafqazda at oynatdıqları bir zamanda gəlmişdilər. Qazaxdan Bakıya qədər faktiki işğalda olduğumuz bir vaxtda gəlmişdilər.

Yol boyunca Ağsuda, Göyçayda, Bakıda ölüm-dirim savaşı verərək müsəlman qardaşlarını xilas etmişdilər.

Bu hadisədən öncə də Osmanlı ilə Qafqaz aydınları arasında rabitə vardı. Sonrasında da oldu. Amma daha sonrasında Qafqaza dəmir pərdə endiyi üçün uzun illər Türkiyədən uzaq qaldıq. Oraq və çəkicin ay-ulduza yenildiyi dövrdən Türkiyə yenidən biz olduq. 8 Noyabr Zəfər Günü ilə bu birlik bir daha əbədi təcəlli etdi.

***
Türkiyə həm də bizik.

Bir az Əhməd bəy Ağaoğludur - ömrünü bu ölkənin quruluşuna həsr etdi. Malta adasından onu xilas edən hökumətin yanında yer aldı, ən önəmli qəzetin, xəbər agentliyinin rəhbərliyində oldu. Millətin hakimiyyəti şüarını əsas tutdu. Bu yolda böyük Mustafa Kamal, İsmət İnönü ilə də bəzən problem yaşadı.

Ölkədə hüquq elminin formalaşmasında əvəzsiz xidməti oldu, tələbələr yetişdirdi, əsərlər yazdı. Dövlət və firqə vəhdətinin güclü olduğu bir zamanda "Dövlət və fərd" əsərini yazaraq fərdin yanında dayandı. Yanlışlara göz yuma bilmədi, bu, işini itirməsinə səbəb oldu, amma həqiqəti silahdaşlarından üstün bildi.

Türkiyə həm də Əli bəy Hüseynzadədir bizim üçün. Peterburqdan İstanbula gedərək yeni bir cərəyanın əsasını qoydu. Doktor idi, yeni təşəkkülləri pərdə arxasından idarə etdi. Sultanın təqibindən qaçaraq aylarla gizləndi, Qafqaza qayıtdı. Amma yenidən Türkiyəni vətən bildi, oraya qayıtdı, həkim kimi uzun illər çalışdı.

Türkiyə bizim üçün Hüseyn Caviddir. İstanbulda təhsil alaraq oradakı mütəfəkkirlərin ziyasından Qafqaza da damlalar gətirdi. Nəticədə Əhməd Cavadlar yetişdi.

Türkiyə mühacirlərimizə əbədi mədfən yeri oldu. Cümhuriyyət nazirlərinə, millət vəkillərinə, aydınlara qucaq açdı, onları qorudu, mücadilələrinə dəstək oldu. Bu gün Cümhuriyyətimizin qurucusu onlara əmanətdir.

Turkiyə həm də Firudin Daryal, Səməd Rəfibəyli, Baba Behbuddur. Ölkəsi işğala məruz qalan zabitlərin ana yurdu işğaldan qurtarmasıdır.

***
Nuri Paşadan Bəxtiyar Paşaya qədər... Nə qədər Türk zabiti, əsgəri Qafqazdakı Türk yurdu üçün savaşdı.

İndi olduğu kimi o zaman da Azərbaycan aydınları, şairləri Türk ordusunu mədh edirdi. Bolşevik dövründə və indi də bəzi bolşevik qafalıların iftiraları ona görə heç bir halda yapışmadı. Xalq Turanı İrandan seçə bildi. Vətən müharibəsində Türk ordusu və siyasiləri yanımızda olduğu halda özünü İslam respublikası adlandıranlar düşmənin yanında yer aldı.

Türkiyə Zəngəzur dəhlizinin açılması uğrunda diplomatik savaşı apararkən İranın dini lideri yurdumuzu erməni torpağı adlandırdı.

Ona görə də millətimiz ağı qaradan seçə bilir.

Mustafa Kamal Atatürk və silahdaşlarının qurduğu Cümhuriyyət əbədi yaşayacaq...


Müəllif: Dilqəm Əhməd