18 Dekabr 2022 21:39
12 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd bəy Ağaoğlu Mustafa Kamal Atatürkün istəyinə görə 1930-cu ildə qurulan müxalif Sərbəst Cümhuriyyət Firqəsində təmsil olunur.

Liberal görüşlü bu firqə qısa müddət ərzində uğur qazanır, xüsusilə, İzmir mitinqi ölkədə çaxnaşma yaradır. Üç ay davam edən bu macəra Sərbəst Cümhuriyyət Firqəsinin özünü ləğv etməsi ilə nəticələnir və 1946-cı ilə qədər Türkiyədə təkpartiyalılı sistem davam edir.

Firqə məsələsinin Əhməd bəyə ciddi təsiri olur. Hətta üç aylıq macəradan sonra o, hakim Cümhuriyyət Xalq Firqəsinə qayıtmayacağını da mətbuatda bildirir.

Ta gənclik illərindən etibarən Əhməd bəyə xas olan bu xarakter onu bir çox dostlarından, yoldaşlarından uzaq salmışdı. Əli bəy Hüseynzadə xaric zamanla çevrəsi ilə münasibətləri soyumuşdu. Hətta Parisə getdiyi zaman orada ağır vəziyyətdə yaşayan gənclik silahdaşı Əlimərdan bəy Topçubaşını da ziyarət etməmişdi.

Ağaoğlu Mustafa Kamal paşanın çevrəsindəkilər arasında qətiyyəti ilə xüsusi seçilən şəxs idi. Paşa ona mühüm vəzifələr vermişdi. Həm “Hakimiyyəti-milliyyə” qəzetini idarə etmişdi, həm İrşad heyətində təmsil olunmuşdu, həm də millət vəkili olmuşdu. Eləcə də hüquqşünas olaraq bu sahədəki universitet quruculuğunda iştirak etmişdi. Amma bunlara baxmayaraq hörmət, vəzifə qazandığı hökuməti sərt şəkildə tənqid etməkdən vaz keçməmişdi...

Ağaoğlu prinsipial adamdı.
Mustafa Kamal paşanın tarixi xidmətlərini anlayırdı, təcrübəsi və biliyi ilə onun yanında idi. Amma gördüyü haqsızlığın qarşısında da susmurdu. Ömrünün sonlarında çıxardığı “Axın” qəzetindəki tənqidi yazılarına görə hökumətin sərt müdaxiləsinə tuş gəlsə də, Atatürkə olan münasibəti dəyişməmişdi. Atatürkə tabe olmaqla yanaşı, öz xarakterini qorumuşdu. Bir misal...

Ötən həftə Ankarada milli kitabxanada çalışarkən Əhməd bəyin oğlu Səməd Ağaoğlunun bir xatirəsinə rast gəldim. 1948-ci ildə Səməd bəylə Millət partiyasının qurucularından Hikmət Bayur arasında münaqişə yaranır. Hikmət Bayur daha əvvəl hakim CHP-nin üzvü idi, 1933-1934-cü illərdə təhsil naziri olub, millət vəkili, səfir kimi də çalışıb.
Səməd bəylə Hikmət Bayur arasındakı münaqişədə bizi maraqlandıran oğlunun Əhməd bəylə bağlı xatirəsidir.

Bu xatirədə Əhməd bəyin qətiyyətli bir xarakterə sahib olduğu bir daha bəlli olur:
“Sərbəst Firqə macərasından sonra İstanbulda çıxardığı “Axın” qəzetindəki acı tənqidləri səbəbindən universitet kadrları arasından çıxarılan mərhum atam bu hadisədən bir müddət sonra Ankaraya gələrək zamanın baş naziri ilə görüşür, kürsüsünün geri verilməsini istəyir. Baş nazir atamı o ərəfələrdə təhsil naziri olan Hikmət Bayur bəyin yanına göndərir və “sizin haqqınızda bir düşüncəmiz var” deyir. Hikmət Bayur atama belə təklif verir: “Əgər bir daha müxalifətçilik etməyəcəyinizə və hökuməti tənqid etməyəcəyinizə dair bizə bir sənəd versəniz, kürsünüzü geri qaytararıq!

Atam acı-acı gülür və bu cavabı verərək ayrılır: “Hikmət Bayur, sizə şərəfsizlik sənədimi verəcəyəm? Məmləkətin mənfəətinə uyğun bildiyim bütün tənqidləri namuslu bir vətəndaş olaraq edirəm və edəcəyəm də...”

Ağaoğlu belə qətiyyətli şəxsdi...


Müəllif: Dilqəm Əhməd