20 Dekabr 2022 21:57
14 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrdə mühacirət həyatı yaşayan azərbaycanlıların övladlarının bəziləri Türkiyədə önəmli vəzifələrə yüksəliblər. Onlardan üçü Türkiyə Cümhuriyyətini başqa ölkələrdə layiqincə təmsil ediblər. Yəni səfir olaraq göndəriliblər. Bu yazıda onlardan üçü haqqında bəhs edəcəyik.

Kurtuluş Taşkent

Kurtuluş bəy mühacir Əli Taşkentin oğludur. Azərbaycan Milliyətçilər Dərnəyinin qurucusu olan Əli bəy Türkiyədə Ziraət fakultəsində təhsil alıb. “Azərbaycan” jurnalında şeirləri dərc edilib. Daha sonra Azərbaycan Kültür Dərnəyində təmsil olunub.

Əli Taşkentin oğlu Kurtuluş bəy 1944-cü ildə doğulub. 1967-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsindən məzun olub. Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1995-1999-cu illərdə Türkiyənin Qazaxıstandakı səfiri olub. 1999-2000-ci illərdə xarici işlər nazirinin müşaviri, 2000-2002-ci illərdə ABŞ ilə əlaqələrdən məsul müşavir köməkçisi olaraq çalışıb. 2002-2008-ci illərdə Türkiyənin Rusiyadakı səfiri vəzifəsində xidmət edib.

2008-ci ildə Xarici Siyasət Məsləhət Şurasının üzvü olub, bu vəzifədə ikən təqaüdə çıxıb. Hazırda Ankarada yaşayır.

Bozkurt Aran

Müsavat firqəsinin mühacirətdəki sonuncu sədri Məhəmməd Azər Aranın oğludur. Məhəmməd Azər Aran 1911-ci ildə Zəngilanda doğulub. 1929-cu ildə Azərbaycanda liseyi bitirən Məhəmməd Azər Türkiyəyə mühacirət edib.

Burada tibb təhsili alıb. Əsgəri tibb fakültəsini bitirdikdən sonra Azər Aran gənc həkim kimi İkinci Dünya müharibəsi illərində müxtəlif yerlərdə çalışıb. Ardınca nevrologiya üzrə ixtisasını tamamlayıb. 1949-cu ildə qurulan Azərbaycan Kültür Dərnəyində fəaliyyət göstərib. Sivas şəhərində hərbi xəstəxanada baş həkim olaraq çalışıb.

Türkiyə Anıtlar Dərnəyinin üzvü olaraq Sivasda Qazi Bürhanəddinin abidəsini hazırlatdırıb. General rütbəsinə yüksəldilməsi mümkün olmayınca öz arzusu ilə təbib albay kimi təqaüdə çıxıb. Ankaraya gələrək ömrünün sonunadək bu şəhərdə yaşayıb.

1981-ci ildə Müsavat partiyasının və Azərbaycan Milli Mərkəzinin sədri Kərim Odərin vəfatından sonra Ankarada toplanan divan üzvləri onu hər iki qurumun sədri seçiblər. 8 aprel 1993-cü ildə 82 yaşında Ankarada vəfat edib. 9 apreldə Kocatepe məscidində qılınan cənazə namazından sonra Karşıyaka məzarlığında dəfn olunub.

Məhəmməd Azər Aran hüquqşünas Nigar xanımla ailə həyatı qurub. Üç oğlu, iki nəvəsi olub. Böyük oğlu Bozkurt Aran diplomat olub. İkinci oğlu Dr. Oğuz Aran, üçüncü oğlu isə geoloq mühəndis İlhan Arandı.

Bozkurt Aran 17 aprel 1947-ci ildə Vanda doğulub. 1971-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsindən məzun olub. 1973-cü ildən etibarən Xarici İşlər Nazirliyində çalışıb. 1976-1979-cu illərdə Salzburqda konsul müavini, 1979-1981-ci illərdə Kuala Lumpurda, 1983-1987-ci illərdə Vaşinqton səfirliyində baş katib və müşavir kimi çalışıb. 1989-1993-cü illərdə Düseldorfda baş konsul, 1998-2000-ci illərdə Pakistanda, 2004-2006-cı illərdə İranda Türkiyənin səfiri olub. Aran eyni zamanda 2002-2004-cü illərdə UNESCO (Paris), 2007-2012-ci illərdə Ümumdünya Ticarət Təşkilatında (Cenevrə) Türkiyənin daimi təmsilçisi idi.
Aran həmçinin Avropa Siyasi Məsələləri üzrə Baş Direktorun müavini (1993-1998), daha sonra 2000-2002-ci illərdə İkitərəfli İqtisadi Məsələlər üzrə Baş Direktor və Yaxın Şərq Siyasi Məsələləri üzrə Baş Direktor (2006-07) vəzifələrində çalışıb.

O, ÜTT-də işlədiyi müddətdə Ticarət Siyasətinə Nəzarət Şurasının sədri, Ticarət və Ətraf Mühit Komitəsinin sədri, Belarus İştirakçı Qrupunun sədri vəzifələrində çalışıb. Aran həm də Bretton Woods Komitəsinin üzvüdür. Bozkurt Aran 2012-ci ilin avqustunda TEPAV-da yaradılmış Ticarət Araşdırmaları Mərkəzinin direktorudur.

Candan Azer

Azərbaycanlı Abdullah Azərin oğludur. Candan bəy 7 aprel 1941-ci ildə İstanbulda doğulub.

1966-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Xarici Əlaqələr fakültəsini bitirib. Alman, ingilis, italyan və fransız dillərindən başqa, Xarici İşlər Nazirliyində çincə danışa bilən yeganə diplomat olub. Türkiyənin Pekindəki səfirliyinin açılışında iştirak edib. 1978-1982-ci illərdə Brüsseldə NATO-da xidmət edib. 1985-ci ildə Vaşinqtona təyin olunduqdan sonra 1987-1991-ci illərdə Çikaqonun baş konsulu olub. 1994-1998-ci illərdə İslamabadda səfir, 1998-2000-ci illərdə Siyasi Planlaşdırma üzrə baş direktor, 2000-2005-ci illərdə Varşavada səfir, 2005-2006-cı illərdə Xarici İşlər Nazirliyinin müşaviri olub. 7 aprel 2006-cı ildə təqaüdə çıxıb. 2014-cü il oktyabrın 6-da dünyasını dəyişib, Karacaahmet qəbiristanlığında dəfn edilib. “Babadan oğula Güney Kafkasya. Türkiye-Güney Kafkasya ilişkileri” (2011) adlı geniş həcmli kitabın müəllifidir.


Müəllif: Dilqəm Əhməd