12 Fevral 2023 11:37
14 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş gündür ki, İstanbulda hüzünlü ab-hava hökm sürür.

İyirmi mindən çox insanın vəfatı köhnə paytaxtı yasa bürüyüb. Dalğalandığı zaman baxmaqdan doymadığımız türk bayrağı yarıya endirilib, o da susmuş şəkildə ağı oxuyur.

Gecələri yatmırıq.

Məzarı evinin daşından olan insanların bir neçəsinin qurtulması xəbərini eşitmək üçün.

Dəbilqəli qəhrəmanlar min bir əziyyətlə körpələri, uşaqları betonların arasından çıxarır, sanki bu dəfə öz ruhlarından onlara üfürürlər...

Türkiyədəki zəlzələ unutduğumuz bəzi şeyləri də bizə xatırlatdı.

Hər anın öz hökmü olduğunu. Siyasi əqidə uğrunda kin-küdurət bəsləməyin mənasızlığını.

Məsələn, bu gün bir fotoşəkil gördük. Dağıntının çevrəsində gənc türk kommunistlərin şorba paylaması və millətçi bir gəncin boşqabı onlardan almasını. Başqa zaman bir-birini gördüklərində az qala silaha əl atan bu qruplar indi ortaq faciə ətrafında birləşib, qılınclarını qınından çıxarmayıblar.

Gənc kommunist dağıntı altında, bəlkə də, hələ sonuncu nəfəsi qalan insanları düşünüb pıçıldayırdı: “Bütün dünya xilasediciləri birləşiniz!”.

Millətçi gənc isə soydaşını qurtaran yəhudini, yunanı, polşalını və sairi düşünüb tərəddüdə varırdı: “Bəlkə də, türkün türkdən başqa dostları varmış”.

Onu da gördük ki, Avropada kilsə zəngləri İstiqlal marşını çaldı, zəlzələdən həlak olanlara sükut saxlanıldı.

Bunları görən bir aşırı islamçı da hər halda ürəyində etiraf edirdi: “Qərb bizi qısqanmırmış...”.

Zəlzələdə insan adlı varlığın da bir çox üzünü gördük.

Tikdiyi binanın yıxıldığını görən sahibkarın, mühəndisin hava limanından qaçmaq istəmələrini.

Minlərlə insan beton altında olduğu halda mağazaları daha necə yağmalaya bilərəm deyə plan quranları.

Dağıntı altında qalan insanların malını, mülkünü oğurlayanları.

Onlara yurd vermiş Türkiyəni ən ağır günündə soymağa çalışan suriyalı qaçqınları. Halbuki öz soydaşları da zəlzələdən can verməkdədirlər.

Bu il Türkiyə üçün çox möhtəşəm olmalı idi. Mustafa Kamal Atatürkün qurduğu dövlətin yüz yaşı tamam olurdu. Bütün bölgələrdə təntənəli tədbirlər keçiriləcəkdi.

Təəssüf ki, yüzüncü il fəlakətlə xatırlanacaq.

Hələ ki dövlətin əsas vacib işi dağıntı altında qalanları çıxarmaq, yaralıları müalicə etməkdir. Artıq kiminsə sağ qalması möcüzəyə bağlıdır.

Önümüzdəki aylarda ölkəni nələr gözləyir?

Demək olar ki, böyük qismi dağılan şəhərlər necə bərpa ediləcək?

Fəlakətdən qurtulan insanlar harada yaşayacaqlar? Onlar bir daha o bölgəyə qayıdacaqlarmı?

1999-cu il dəhşətindən nəticə çıxarmayan dövlət bu dəfə papağını qarşısına qoyub çarə tapacaqmı?

Öz vətəndaşı ağır vəziyyətə düşdüyü halda, suriyalı qaçqınlara nə olacaq?

14 maya təyin edilmiş seçkilər təxirə salınacaqmı?

Suallar çoxdur, cavablar isə bəlli deyil.

Yardım məsələsinə gəldikdə.

Böyük Mustafa Kamal paşa kədərimiz kədərimizdir demişdi. Hər cümləsi bir mayak olan Atanın bu fikri gerçək oldu. Azərbaycan da bu zəlzələ ilə yıxıldı, eyni ağrı-acını yaşadı, qardaşının köməyinə qaçdı. İrandakı zalım və allahsız rejimin ucbatından Xoydakı qardaşlarının köməyinə gedə bilməmişdi. Ona görə də Türkiyənin yasına şərik olmaq üçün yürüdü. Gəncədən Lənkərana, Bakıdan Borçalıya qədər hər azərbaycanlı yardım göndərdi.

Ümid edirik ki, Türkiyə üçün bu zəlzələ sonuncu faciə olacaq.

Ümid edirik ki, Türkiyənin bayrağı bir daha yarıya enməyəcəkdir.


Müəllif: Dilqəm Əhməd