2010-cu ildə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində tarixində ilk dəfə 3 mərhələ keçərək "Borussiya" ilə qarşılaşır. Ardıcıl 2 dəfə çempion olacaq qızıl nəsilli, Klopplu dortmundlulara komanda ilk dəfə böyük azarkeşin də verdiyi təzyiqlə ucuz qollar buraxaraq ilk oyunda 4:0 məğlub olur. O vaxt sosial şəbəkələrin o qədər də populyar olmadığı dönəmdə komanda o qədər tənqidlə üzləşdi ki, komandada çalışan 1 məşqçi şoka düşmüşdü. Dedi, sanki uduzağımızı gözləyirmiş bəziləri. Bura xəyallarımıza inanaraq gəlmişik, elə xəyallarmızla da bəlkə Bakıda onlara 5 qol vuracağımıza inanırdıq. Amma o qədər ağlasığmaz tənqidlər gördüm ki, xəyallarımız belə dağıldı.
...2020-ci il İstanbulda "Qarabağ" Avropa Liqasının ilk ev oyununda, Başakşehirdə "Vilyareal"ı qəbul edəndə "Fənərbaxça"nın sabiq mətbuat katibi olan dostum da yanımdaydı. Təbii ki, oyunun gedişində ispanlar zaman-zaman daha üstün təsir bağışlayır, amma komanda dirəşib qol buraxmırdı. Dostumuz epizodların birində bir futbolçumuzun texniki xətasına deyinib məndən soruşdu:
- Abi, bu nə ya? Bu topçu nə qədər alır?
- 300 min avro - əslində, qiyməti şişirtmişdim ki, bir az samballı görünsün
Qardaş səsli hesablama aparmağa apardı: "300 min vursaq 10-a 3 milyon avro edir ilə. "Fənər"də də bu qədər alan futbolçular var. Bu pula bundan daha yaxşısını niyə almırsız?"
Gülümsədim: "Yanlış anladın, aylıq deyil, illikdi maaş. İllik 300 min avro alır".
Heyrətlənir: "İllikmi? Bu topçular illik 300 minə oynayır?"
"Yox. Ən bahalısı 1-2 nəfər bu qədər alır, qalanları daha aşağıdı".
Duruxur: "Abi üzr istəyirəm, 300 minlik futbolçularla 1 neçə ildi qruplarda oynayırsızsa sizə heykəl qoymaq lazımdı, hocaya da qızıldan..."
Bunları yazdıqda 2017-də Çempionlar Liqasına vəsiqə qazandıqdan 3 gün sonrakı "Qəbələ"ylə ilk oyuna da toxunmaq istədim. Bir qədər də xatirələrdən 2018-dən BATE-nin idman direktoruyla olan abunə bileti söhbəti canlandı xatirələrin külləri arasında...
Yazmayacam...
Amma elə-belə...
"Gent" "Qarabağ"dan 3 gün qabaq ölkə çempionatında "Leuven"i qəbul etmişdi, 12-ci sırada qərarlaşmış komandayla oyunu 13 000 azarkeş izləmişdi.
"Qarabağ"da ondan bir neçə gün öncə çempionatda əsas rəqibi "Sabah"la oynayırdı, oyunu 700 nəfər izləmişdi.
Nə əlaqəsi var, hə?
Vaxtilə 200 minə oynayan (mənim 300 dediyim) oyunçu "Qarabağ"ı tərk edib, məğlub olduğu komandaya keçdi, "Gent" isə oyunda yeganə qolu vuran Orbana qışda 3,2 milyon avro ödəyib sıralarına qatdı.
Nə dəxli, hə?
Kadi satılmışdı 5 milyona daha yaxşısını almaq olardı?
Olardı bəlkə...
Amma xatırladım ki, Vadji yayda Fransanın 2-ci liqa xəyallarıyla avrokuboklardan oynamaqdan imtina etdi... Hətta Çempionlar Liqasında oynamamağı belə gözə almışdı...
Yazdıqlarımdan belə çıxır ki, "Qarabağ" uduzmalıydımı? Uduzmaya bilərdi. Uduzmasaydı daha yaxşı olardı, könlümüz-gözümüz açılardı, xəyallarda pərvazlanıb, kubokun "isti"sinə qızınacaqdıq...
Amma qələbə yuxarıda qeyd etdiyim əlahəzrət faktları dəyişdirəsi deyildi. Dəyişməsi üçün "nə əlaqəsi var?" zehniyyətimizi dəyişməliyik. Tərifin "sabun köpüyü" həqiqəti dəyişmirsə, tənqidin təşnəsində də özümüzü boğmamalıyıq.
Hə, bir də dəyişməyən bir şey var:
Qurban Qurbanov hamıdan daha çox istəyirdi qələbə qazanmağı...
Eləcə də məğlubiyyət hamıdan çox Qurban Qurbanovu məyus edib...
P.S. Məqalənin müəllifi Nurlan İbrahimov 2006-cı ildən 2021-ci ilə qədər "Qarabağ" klubunun mətbuat katibi kimi çalışıb.