15 May 2023 18:36
12 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşları dünən parlamentin tərkibini müəyyənləşdirsə də, 13-cü prezidentini seçmədi, ikinci tura saxladı. Hazırki prezident R.T.Ərdoğan müxalifətin namizədi K.Kılıçdaroğlundan çox səs yığsa da, 50 faizi keçə bilmədiyi üçün növbəti mərhələdə yarışa çıxacaqlar.

Müxalifət niyə uduzdu?

İlk dəfə idi ki, CXP-nin liderliyində formalaşan Millət İttifaqının 20 ildir iqtidarda olan AKP-nin formalaşdırdığı Cümhur İttifaqını məğlub etmək imkanı yaranmışdı. Çünki mövcud çətin iqtisadi vəziyyət, iqtidarda yaranan metal yorğunluğu, zəlzələnin yaratdığı çətinliklər qarşısında güclənən müxalifət - 6 partiyanın əməkdaşlığı, eləcə də birlikdə yer almasa da, kürd əsilli vətəndaşların Yaşıl Sol partiyasının dəstəyi vardı. Digər tərəfdən ilk dəfə olaraq seçkiyə müxalifətin gündəmi ilə daxil olunmuşdu, Akşenerin yaratdığı qalmaqal Millət İttifaqını xeyli məşhurlaşdırmışdı. Amma buna baxmayaraq nəticə istənilən kimi olmadı. Çünki:
CXP-nin qurduğu ittifaqda yer alan partiyaların İYİ xaric Kemal Kılıçdaroğluna səs gətirməyəcəyi bəlli idi. Vaxtilə Ərdoğanın silahdaşları olmuş Əhməd Davudoğlu ilə Əli Babacanın türk ictimaiyyətində kifayət qədər reytinqi yox idi, digər tərəfdən mübarizə apardıqları AKP-nin nazirləri olduqlarına görə müxalif kəsim arasında da rəğbət oyada bilməmişdilər.

Doğru namizədin seçilməməsi də Millətin məğlubiyyətinə səbəb oldu. Çünki böyük kəsim Ankara bələdiyyə sədri Mansur Yavaşın və ya İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun namizəd olmasını istəyirdi. Akşenerin müdaxiləsi də bu istiqamətdə idi.

Ərbəkançıları təmsil edən iki qurumdan biri olan Millətdə təmsil olunan Səadət partiyası Cümhurda yer alan Yenidən Rifah partiyasına münasibətdə olduqca zəif qaldı.

İttifaqda Kılıçdaroğluna əsas dəstək İYİ partiyadan gəldi, lakin Akşenerin tələb etdiyi namizədlərin qəbul edilməməsi bu qurum tərəfdarlarının da Kamal bəyə yetərli dəstək verməməsinə səbəb oldu.

Rəsmi şəkildə elan edilməsə də, kürd əsilli vətəndaşları təmsil edən Yaşıl Sol partiyanın Millət İttifaqına dəstək olması Kılıçdaroğlunun səs faizini yüksəltsə də, millətçi və mühafizəkar kəsimdən gələn səslərin qarşısını almış oldu və ikinci turda bu məsələ Kamal bəyə daha ciddi sıxıntı yaradacaq.

CXP və onun vətəndaş cəmiyyətində olan dəstəkçilərinin açıq şəkildə anti-Azərbaycan mövqe sərgiləməsi də millətçi kəsimin və Türkiyədə səsvermə haqqı olan azərbaycanlıların Cümhur İttifaqına və Sinan Oğana səs vermələrinə səbəb oldu.

Məmləkət Partiyasının sədri, CXP-nin sabiq namizədi Məhərrəm İncəyə qarşı sosial mediada Millət İttifaqı tərəfindən aparılan linç kampaniyası, nəticədə onun namizədlikdən çəkilməsi də Kamal bəyin gözlənildiyindən fərqli olaraq əleyhinə işlədi.

Cümhur İttifaqının qələbə qazanmasının səbəbləri:

Ölkədəki iqtisadi vəziyyətin çətin olmasına baxmayaraq R.T.Ərdoğanın şəxsi reytinqi bir daha özünü göstərmiş oldu.

Əsasən də Anadolunun daxilində yaşayan vətəndaşlar əvvəlki illərdə olduğu kimi yenidən kütləvi şəkildə Ərdoğana səs verdilər.

Zəlzələdən sonra yaranan vəziyyəti hökumət düzgün idarə etdi və verdiyi vədlər orada əziyyət çəkən vətəndaşlar üçün ümid oldu. Çünki yeni iqtidarın hansı addımlar atacağı həmin insanların nəzərində naməlum idi, ən azından mövcud hökumətin verdiyi sözlərə qısa zamanda əməl edəcəklərini hesab etdilər.
Müdafiə sənayesi istiqamətində Türkiyənin son illərdə qazandığı uğurlar və bunu ictimaiyyətə təbliğ edə bilməsi də Cümhur İttifaqına xeyli səs gətirdi.

Dövlət Bahçelinin sədri olduğu MHP-nin ənənəvi səs faizinin yerində qalması da Cümhur İttifaqına dəstək qazandırdı.

Bu seçkinin əsas qaliblərindən biri də ATA İttifaqının namizədi, əslən Azərbaycan türkü olan Sinan Oğan oldu. Aldığı 5 faiz səslə o faktiki olaraq seçkinin ikinci tura qalmasına səbəb oldu. İstər Sinan Oğanın, istərsə də MHP və İYİ partiyanın qazandığı nəticələr onu göstərir ki, Türkiyədə millətçilik yüksələn xətlə inkişaf edir və artıq seçkilərin taleyini həll etmək gücünə də sahib olmağa başlayır. Buna görə də sol partiyalar bu gerçəklə hesablaşmalı və atacağı addımlarda bu amili nəzərə almalıdırlar.


Müəllif: Dilqəm Əhməd