23 Sentyabr 2023 23:20
8 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevinc və qüruru, kədər və yası eyni zamanda yaşayırıq.

Bir tərəfdən 30 ildən sonra ağ bayraq qaldıran, topunu-topxanasını təhvil verən erməni terrorçularının məhvini görürük, digər tərəfdən vətənimizin hər köşəsində şəhid dəfnlərinin fotoşəkillərini.

Bir tərəfdən vaxtilə terrorçuların önünə əklil qoyduqları tankın hərbi qənimətlər parkına aparıldığını izləyib zövq alırıq, digər tərəfdən sayını bilmədiyimiz neçə evə atəş düşdüyünü fikirləşib ağlayırıq.

Amma bəlli olan həqiqətlər də var. Ənənəvi və sosial mediadan izləyirik. Kimlər bizim yanımızdadırlar, kimlər hələ də timsah kimi son çırpınışlarını edirlər.

Əleyhimizdə olan qəzəblidirlər. Özlərini o qədər itiriblər ki, gah 1915-ci il hadisələri ilə azad etdiyimiz torpaqlardan köç edən ermənilərin vəziyyətlərini müqayisə edirlər, gah da azərbaycanlıların genosid törətdiklərini, ac-susuz saxladıqlarını yazırlar.

Özləri İraqda, Əfqanıstanda, Afrikada işğalçı müharibə apardıqları zaman o qədər mülki insan öldürüblər ki, bütün savaşlarda vəziyyətin eyni olduğunu hesab edirlər. Halbuki videolardan görürük ki, Azərbaycan əsgəri yaralı erməni qadınına da kömək edir, erməni qızın fotoşəklini də yerinə qoyur. Ərzaq göndərir, yanacaq verir.

Əziz millətimiz!

Bu önəmli nöqtəni unutmayın. Azərbaycan əsgəri işğalda olan torpağını azad edərkən heç bir hərbi cinayət törətmədi, mülki vətəndaş öldürmədi. Bu hadisə də torpaqların xilası qədər əhəmiyyətlidir. Həm də buna görə bizə nifrət edirlər. Hesab edirdilər ki, azərbaycanlılar mülki insanları öldürəcək, onlar da sanksiyalar tətbiq edəcəklər, qondarma “dövlət”i tanıyacaqlar.

Amma Azərbaycan dünyaya dərs keçdi. Həm diplomatik, həm hərbi sahədə. Buna görə də qəzəblidirlər. Hətta qardaş Türkiyədə yaşayan, oranın torpağında yetişən, havasında nəfəs alan 113 dırnaqarası, əksəriyyəti pkk-lı, fetöçü, erməni olan kəslər də ölkəmiz əleyhinə bəyanat yaydılar. Nə fayda!

Biz Qarabağı azad etməklə həm də oturuşmuş bir çox mifləri dağıtdıq.

Gördük ki, haqlı və güclü olduğun zaman qarşını kəsəcək qüvvət yoxdur.

Gördük ki, erməni diasporası üfürülmüş şar kimi imiş, bir atımlıq barıtı varmış.

Gördük ki, bir çox dövlətlər ermənilərdən sadəcə Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi olaraq istifadə etmişlər. Bu gün isə artıq heç kimə lazım deyillər.

Yüz ildən sonra ilk dəfə olaraq Cənubi Qafqazın erməni fitnəsindən təmizlənməsi fürsəti doğub.

Azərbaycan səbirlə, tələsmədən bu məsələni mərhələli şəkildə birdəfəlik gömmək üçün addımlar atır.

Daşnakçılığın bölgədə və dünyada süqutu Ermənistanın azadlığı və inkişafı üçün də vacibdir. Bu baxımdan Azərbaycan həm də bütün Cənubi Qafqazda sülhü bərqərar etməkdədir.

Bu gün Cənubi Qafqazın sülh təminatçısı Azərbaycandır. Ölkəmizin rolu bununla bitməyəcək. Hələ irəlidə iki yüz illik ayrılığın bitişi də olacaqdır.


Müəllif: Dilqəm Əhməd