19 Yanvar 2015 16:38
2 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm Əhməd

Mən Güntay Gəncalpın romanları daxil bütün kitablarını oxumuşam.

Yazılarında bir-birini inkar o qədər güclü idi ki, heç vaxt nə onunla müzakirəyə qoşulmaq, nə də ki statuslarına şərh yazmaq istəmişəm.

Amma Fazil Mustafanın statusuna “Babək Sasani mirasıdır” yazdıqdan sonra ona bəzi xatırlatmalarda bulunmaq istədim.

Qeyd edək ki, bir neçə gündür başlanan polemikalarda Fazil Mustafanı dəstəkləyən imzalardan birincisi Güntaydır.

Baxın, 2006-cı ildə Güntay Gəncalp Babək haqqında nələr yazırdı:

- Biz, Babək Xürrəmdini özbəöz, soybasoy Azərbaycan türkü, Azərbaycan türk tarixinin parlaq dönəmi olaraq qəbul edir, günümüzdəki fars faşizminə qarşı mübarizəmizdə onun ulu ruhundan güc alırıq.

- Babəkin qurduğu Qaradağ mərkəzli cümhuriyyət, tarixi keçmişi etibarı ilə ozan kültürünün beşiyi olmuşdur.

- Babək Xürrəmdinin islamla deyil, ərəb imperatorluğu ilə savaşdığını yazırlar. Lakin bu baxış doğru deyildir, çünkü islam da ərəb imperatorluğunun rəsmi ideolojisi idi. İslam müsəlmanlara “cəhad” adı ilə təcavüz mekanizmini asanlaşdırırdı. Bu üzdən də Babək həm xilafətə, həm də onun inancına qarşı savaşırdı.

- Müsəlmanlar, sadəcə Babəki və arxadaşlarını çirkin şəkildə edam etmədilər. Həm də bu millətdə istiqlal zehniyyətini doğuran bütün mənəvi, əxlaqi dəyərləri məhv etməyə çalışdılar.

- Babək Xürrəmdinin ordusunun içində ərəblərin də olduğunu tarixçilər yazmaqdadırlar. Bunlar xilafətin zülmündən Babəkə sığınanlar idi. Bu da onu göstərir ki, Babək bütün görüşlərə hörmət edən bir şəxsiyyət olmuşdur.

- Fars şovinizmi əsas olaraq Babəki fikri baxımdan Məzdəkçiliyə və irqi baxımdan Sasanilərə bağlamağa çalışmışdır. Bu tezis üzərinə təbliğatlarını yürütməkdədirlər. Güya Babəkin atası Sasanilərin paytaxtı Tisfondan Qaradağa gəlmiş və sonra da Babək “İran”lıların ərəblərə qarşı apardığı mübarizənin rəhbərliyinə yüksəlmişdir! Əlbəttə ki, hər olayı Sasanilərə bağlamaq fars şovinist tarixçilərinin alışqanlıqlarıdır. Ancaq onlar bu sualı ümumiyyətlə ortaya qoymurlar ki, Babəkin atası o zaman nədən Mədayindən Qaradağa gəlmiş və necə olmuş ki, qısa bir müddətdə Azərbaycan əhalisinin kültürü ilə qaynayıb qarışmış, sonra da Azərbaycan türklərinin xilafətə qarşı savaşında hərəkətin başına keçmiş? Azərbaycan xalqı nədən bir yabancıya güvənib onu özünə rəhbər seçmişdir?

- Türkiyə Cümhuriyyətinin rəsmi tarix kitablarında da Əfşinin türk, Babəkin isə türk olmadığı savunulmaqdadır. Türkiyədə şəkillənən bu tarix zehniyyətinin səbəbi Atatürkün ölümündən sonra islamçı tarix teorisinin atatürkçü tarix teorisini dışlayıb və tarix qurumlarını işğal etmə çabasının nəticəsində olsa gərək. Ortada müsəlman olan Əfşin və müsəlman olmayan Babək var. Müsəlman tarixçi, dini simpatisindən yola çıxaraq Əfşini tərcih etməkdədir. Ancaq elmin heç bir hissiyata dayanmaması gərəkməkdədir. Əfşinin türk olduğunu isbatlamaları üçün yetərli dəlilləri yoxdur. Atatürkçü tarix tezisi Osmanlı tarix tezisinə qarşı ortaya çıxan bir sistemdir. Atatürkçü tarix tezisi, türk tarixini bir bütün olaraq anlar. Etnik təşxisdə din bəlirləyici rol oynamaz. On il Türk Dil Qurumunun başqanlığını yapmış böyük dilçi və fikir adamı Macit Gökbərk “Dəyişən dünya, dəyişən dil” kitabında belə yazır : “Mənim quşağım (nəslim) ilk oxulu padşahlıq dönəmində oxumuşdur. Yalnız Osmanlı tarixini oxutdular. Osmanlıdan öncə Anadoluda səlcuqların da olduğunu oxul dışında sonradan öyrəndik”. Macit Gökbərkin söylədiyi, məsələn, Səfəvilərə də aiddir. Səfəvi tarix anlayışı da yalnız şiə tarixinin öyrənilməsinə həsr olunmuşdur. Atatürkçü tarix tezisi bunlara qarşıdır. Türk milləti mədəniyyət planında bir bütündür və türk tarixi bu bütünlük anlayışı bağlamında ələ alınmalıdır.

- Babək Xürrəmdin 23 il dünyanın ən böyük imperatorluğu ilə həm hərbi, həm də fikri planda mübarizə aparmış, Bizans imperatorluğu və bölgənin digər kiçik, böyük dövlətləri ilə geniş miqyaslı diplomatik əlaqəyə girmişdir. Babək Xürrəmdini məğlub etmək Abbasi xilafəti üçün önəmli hədəf idi.

- Babək Xürrəminin qadın haqları anlayışını müsəlmanlar əyyaşçılıq və əxlaqsızlıq olaraq görmüşlər. Daha sonralar modern dünya, Xürrəmilərin qadın haqları anlayışı uğruna mübarizə aparacaqdır.

- Müsəlman tarixçilər Babəkin ordusunun çox düzənli və teknik baxımdan mücəhhəz olduğunu yazmaqdadırlar. Babək bu düzən və teknik təchizat hesabına dünyanın ən böyük imperatorluğu ilə hərbi savaş aparmaqda idi. Bu nə deməkdir? Bu o deməkdir ki, Xürrəmilər zamanında Azərbaycanda hərbi teknik ürətəcək (tolid edəcək) mərkəzlər mövcudmuş. Yəni Babəkin ordusunun silahlarını təmin edən mərkəzlər olmuşdur.

2006-cı ildə, Güney Azərbaycanda türklər tarakana bənzədiləndə bu yazı ortaya çıxmışdı. Hətta Gəncalp bu yazısını “Sezənin sevgisi” adlı kitabına salmışdı.

2015-ci il. İranda türklərə qarşı münasibət dəyişməyib.

Amma Güntay Gəncalp Facebook-da yazır:

"Fars kölə işləmiş öyləmi? Fars niyə kölə olmalı idi ki? Hənuz köləlik zehniyətindən azad olmamış fikrən və ruhən kölə olan səsnsən. Kölə olan indi milyonlarca İrandakı səfəvizədə türkdür. Leşləşmiş insanlar. Soysuzlaşmış və onun bunun başına dərd olan sürülər. Fars kölə olmamış. Fars da insandır və sənin kimi Səfəvizədə türkdən daha şərəflidir, çünkü hədəfi və ədəbiyyatı var. Sənin nəyin var? Heç bir şey. Güvəndiyin o Təbriz İran-fars milliyətçiliyinin alınmaz qalasıdır. O qalanın generallarından biri də saxtalaşdırdığınız Şəhriyardır. Türkləri pislik adlandıran Şəhriyar”.

Nə dəyişdi? Tarix şüurumu? Dəyişən sadəcə, Güntay Gəncalpın bugünkü maraqlarıdır.
Mən ilk və son dəfə Güntay Gəncalp haqqında yazdım. Bir də beş il sonra onun “Səfəvi türk dövləti” adlı kitabı çıxanda bu yazını xatırlayarsınız.


Müəllif: Dilqəm Əhməd