7 Aprel 2015 14:36
2 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deməli, belə. O günü küçəmizdə cavan bir oğlan yaxınlaşdı mənə, dedi, qardaş, bilmirsən, buralarda kirayə ev yoxdu ki? Biz tərəflərdə belə şeylər tez-tez olur. Soruşdum, ailəlisən? Dedi, təzə evlənmişəm, bir arvadımdı, bir də özüm. Baxdım üzünə, birinci elə bildim üç dənə qaşı var, sonra gördüm ki, yox, ikisi qaşdı, biri bığ. Sakit adama oxşayırdı. Sakit adam olması ona görə vacibdi ki, bizim qonşuda əri ölmüş yaşlı bir qadın evinin ayrı-ayrı otaqlarını kirayə verib beləcə başını dolandırır, həmin arvad mənə demişdi ki, bala, sən adam tanıyansan, yaxşısının birini tap göndər, otağımın biri boşdu.

Qayıtdım ki, qardaş, ev var, amma «xazeyka»yla bir yerdədi, yan tərəfdə cavan oğlanlar da qalır. Universitet tələbəsidirlər. Əgər ailənlə orda qala bilərsənsə, yerini deyim. Bu sözümə oğlan əsəbiləşdi. Necə qorxdumsa, az qala qışqırıb anamı çağıram. Dedi, qardaş, mənim arvadım beş kişini qatdıyıb qoyar dizinin altına, elə şeydə problem yoxdu, sən de görüm, evin işığı, suyu, qazı daimidirmi? Vallah, düz deyirəm, beləcə də dedi. İstədim deyəm ki, beş kişini qatdıyıb dizinin altına qoyan arvad işıq idarəsinin də, su idarəsinin də, qaz idarəsinin də, hələ desən, icra hakimiyyətinin də atasına od qoyar. Demədim. Mənim bəxtim yoxdu. Ramiz Rövşən demişkən, dünyanın ən qorxaq iti də məni görəndə şirə dönür.

Sözü ona gətirirəm ki, Hülya Avşarın gözləri haqqı, Cəfər Cabbarlı sağ olsaydı, qadınlara azadlıq verdiyinə görə, yəqin, it kimi peşiman olardı. Bilmirəm, bu qadın azadlığıdır, yoxsa qadın həyasızlığı, bildiyim odur ki, bizim cəmiyyətdə ciddi şəkildə kişi hüquqsuzluğu hökm sürür. Kişiləri qadınlardan qorumaq lazımdı, özü də möhkəm qorumaq.

Mən ən çox şuba geyinən qadınlardan it kimi qorxuram. Bilmirəm niyə, görən kimi ürəyim tir-tir əsir. Elə bayaq işə gələndə avtobusda eni ilə uzunu bir-birinə qarışmış bir arvad gəlib oturdu yanımda, düz işə çatana kimi qorxumdan telefonuma gələn zənglərə də cavab vermədim, vallah, birdən ağzımda çıxan sözü səhv başa düşər, özünə aid nəsə yozar deyə. Avtobus iş yerimin yanından keçib getdi, düşmədim ki, birdən pis anlayar, deyər, avtobusdan birinci düşməkdə məqsədin nədi? İnsan nə qədər çarəsiz olarmış. Qadın avtobusdan düşəndən sonra da uzun müddət şubanın vahiməsindən çıxa bilmədim, təsəvvür elədim ki, o qadınla mənim mübahisəm düşüb, Allah uzaq eləsin.

Özü də belə qadınlar ən çox avtobusda təhlükəli olurlar. Yəqin işdən çıxanda yorğun və əsəbi olurlar, ona görə. Elə bil bir anlıq qadınlıqdan çıxıb müvəqqəti kişiyə çevrilirlər. Avtobusda üzünə kişi baxışları ilə elə zəhlə baxırlar ki, qorxundan nəinki ayağa qalxıb yer vermək, düşüb avtobusdan qaçmaq istəyirsən. Bəzən evə piyada getmək ən yaxşı seçim olur.

Təsəvvür eləyin, saatlarla dayanacaqda neçə avtobusa minmirsən ki, boş yer olsun, əyləşib evinə rahat gələsən. Axı işdən çıxmısan, yorğunsan. Bəs niyə mən saatlarla boş oturacağı olan avtobus gözləyib axırda da yerimi hansısa qadına verməliyəm? Səbəb nədir? O qadın kimdi ki? Hamilə və yaxud ayaq üstə güclə dayanan yaşlı qadınlar olsa, başqa məsələ ki, hörmət naminə jest eləmək olar. Yoxsa ucdantutma bütün qadınlara yer verilməlidir? Guya ki, qadın bəşəriyyətin anasıdır, cənnət qadınların ayaqları altındadır? Bu nə boş-boş sözlərdir? Bu fikirlər çox bayağı və mənasız bir şeydir.

Yer vermirəm, yaxşı da eləyirəm, yer mənimdi özüm bilərəm. Elə bu yazını yaza-yaza lap əsəbiləşdim, vallah. Axı sən kimsən ki, mən sənə yerimi verəm? Bu dünyada mənim neçə yerim var ki, onun da birini sənə verəm? Yalançı centlimenliyə doğrudanmı belə ehtiyac var? Ehtiyac varsa, onda mən centlimen-zad deyiləm, imkan verin, rahat oturum yerimdə. Heç olmasa, bir avtobusluq xoşbəxtlik və rahatlıq istəyirəm. Adamı incitməyin, nolar. Başımızın üstündə ədəbaz-ədəbaz dayanmayın. Guya ki, çox mənalı bir qadın qulağında qulaqcıq, ağzında da saqqız çeynəyə-çeynəyə gəlib duracaq başımın üstündə, mən də ona deyəcəm ki, xanım, buyurub əyləşin, musiqiyə rahat qulaq asın, saqqızı da rahat çeynəyin? Axı siz bəşəriyyətin anasısınız, pah. Görün, azərbaycanlı düşüncəsi bəşəriyyəti nə günə qoyub. Onsuz da, yer verəndən sonra kişi ürəyində o qadına nələr deyir, bir Allah bilir. Bəs qadınlar niyə bunu başa düşmürlər? Nə bilim, onsuz da söz deməyin də xeyri yoxdu, Allah haqqı, bezmişəm.


Müəllif: Kəramət Böyükçöl