16 Aprel 2015 16:39
1 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura aprelin 15-də Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi Masa keçirdi.

Bu masanın keçirilməsi ilk növbədə AXCP sədri Əli Kərimlinin hakimiyyət uğrunda mübarizə strategiyasının yoxluğunun təsdiqi, qarşıdan gələn seçkilərə yönəlmiş fəndlərinin tam iflası idi.

Əgər xatırlayırsınızsa, Milli Şura mart və aprel aylarında iki seyrək mitinq keçirmiş və hər iki aksiyanın təşkilində əsas mesajlarını dindar qruplara ünvanlamışdı.

O zaman da qeyd etmişdim, indi də deyirəm: siyasiləşmiş dindarlar xarici dövlətlər tərəfindən Azərbaycana qarşı hazırlanmış təhdid və təzyiq qruplarıdır və Əli Kərimli bu qruplardan yox, o qruplar Əli Kərimlidən istifadə edə bilər. Odur ki, AXCP sədrinin onların dəstəyinə ümidlənməsi, müavininin əllaməlik edib dindar seqmentlərə xüsusi müraciət ünvanlanması siyasi fəhmsizlik, korluq və yaramazlıqdan başqa bir şey deyildi.

İkincisi, Milli Şuranın birinci aksiyasında marginal və azsaylı kütləyə xitabən yeni mitinqin günü təyin edildi, ancaq eyni keyfiyyətsizliklə baş tutan sonrakı açıq hava görüşündə fərqli anons verildi. Bu anonsda “etirazlarımızı davam etdirəcəyik” deyilsə də, gün təyin edilmədi. Məlum olduğu kimi, Azərbaycanda reket qəzetlər var. Onların ənənəvi üsulu budur ki, hər hansı bir dövlət qulluqçusunun, şirkətin əleyhinə yazı hazırlandığı barədə anons verir, son nəticədə həmin yazının dərc olunmaması üçün adı çəkilə biləcək şəxslərdən pul qoparırlar. AXCP-nin “mitinq anonsu” da reket qəzetlərin bu üsulundan fərqlənmirdi.

Sadəcə, Əli Kərimli öncə onu anlaya bilməmişdi ki, bu cür marginal və seyrək kütlə, iki mitinqdə tribunaya bir iqtisadçı bilməməsi ilə əslində mövcud hakimiyyətin lehinə çalışır. İstər cəmiyyətin rasional kəsimləri, istərsə də beynəlxalq müşahidəçilər bir daha əmin olur ki, Əli Kərimlinin timsalında Azərbaycan müxalifəti siyasi böhranla üzləşib, onun nə proseslərin inkişafına təsir edəcək sayda sosial bazası var, nə alternativ proqramlar hazırlayacaq komandası, nə də cəmiyyətdən dəstək ala biləcək funksionerləri.

Ancaq AXCP sədri meydanın onluq olmadığı həqiqətini “soyuq duş” effekti ilə qəbul edəndən sonra “kabinetlərdə mübarizə” taktikasını seçdi. Ancaq keçirilən tədbirin həm formatı, həm də mövzusu Əli Kərimlinin nə qədər plansız və çarəsiz vəziyyətdə olduğunu bir daha ortaya qoydu.

Həmin tədbirdə çıxış edən Milli Şura üyələri bəyan etdilər ki, qarşıdakı Riqa Sammitində Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamalıdır.

Bu təklif Milli Şuranın sədri Cəmil Həsənlinin dilindən səsləndiyinə görə, onu qurumun rəsmi siyasi mövqeyi kimi qəbul etmək lazımdır.

Cəmil Həsənlinin dünənki çıxışından sitat təqdim edirəm: "Qarşıdakı Riqa sammitində Azərbaycan Assossasiya sazişini imzalamalıdır. Azərbaycan dövlət rəhbərliyini də ona çağırırq ki, bu sazişi imzalamaq lazımdır."

İndi gəlin Milli Şuranın təsis bəyannaməsinə baxaq: "... Bloklaşma siyasəti ilə bağlı məsələlər, o cümlədən Avroatlantik məkana inteqrasiya məsələsi ümumxalq referendumu ilə həll ediləcək".

Yaxşı, bu nə demək oldu indi?

Rüstəm İbrahimbəyov Rusiyanın xüsusi xidmət orqanlarındakı bəzi yüksək çinli kəşfiyyatçıların tövsiyyəsi ilə Milli Şura və sizlər ora qoşulanda Azərbaycanın Avroatlantik məkana inteqrasiya məsələlərini “ümumxalq referendumu” ilə həll edəcəyinizi sözyləyirdiniz, indi isə 2013-cü ildən sonra da amansız geopolitik rəqabətdə Azərbaycanın neytrallığını uğurla qorumuş iqtidara ayrı cür çağırış edirsiniz?

Milli Şura öz təsis bəyanatlarından niyə imtina edir?

Milli Şura öz xəttindən geri çəkildiyini, yeni xarici siyasət prioritetləri müəyyənləşdirdiyini harada açıqlayıb?
Milli Şura Azərbaycanın Avroatlantik məkana inteqrasiya məsələlərini “ümumxalq referendumu” ilə həll olunmasına yox, mövcud hakimiyyətin siyasi qərarları ilə çözülməsinə üstünlüyü hansı müzakirələrin nəticəsi olaraq verib?

Bütün bu detallar və suallar onu təsdiq edir ki, Cəmil Həsənlini, Əli Kərimlini və onların ağzına baxanları Avropaya inteqrasiya və demokratiya məsələləri əsla maraqlandırmır.

Bir neçə kəlimə də digər çıxışçılar haqqında deyim.

Sözügedən tədbirdə çıxış edən “Azadlıq” qəzetinin yazarı Şahvələd Çobanoğlu Milli Şura yarananda deyirdi: "Söhbət ondan gedir ki, Milli Şuranın quruculuğunu həyata keçirən tərəflər qərara alıb ki, Azərbaycan keçid dövründə neytral qalsın və gələcəkdə bu məsələ referendumla həll olunsun. Ən əsası budur."

Sual verirəm: Azərbaycanın artıq neytral qalmaması üçün əsas nədir?

Fuad Qəhrəmanlı içində beş qara qəpiyə dəyəcək bircə ciddi cümlə olmayan şərhində söyləyir: “Postsovet ölkələrinin çoxu Rusiya təhdidi ilə qarşılaşıblar. Belə olan təqdirdə Avrointeqrasiya Rusiyadan gələn təhdidə qarşı beynəlxalq birliyin dəstəyini alma imkanlarımızı artıra bilər"

Təklif edirəm: Lütfən, biriləri bu adama xəritədə Krımı tapıb göstərsinlər və sonra da yadına salsınlar ki, Kiyevi nüvə silahından imtina etməsi üçün razı salan Qərb dövlətləri Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə qarant durmuşdular. Hanı onlar?

Keçmiş millət vəkili Gültəkin Hacıbəyli Avropa Birliyi ilə imzalanacaq sazişin Azərbaycana hörmətlə müşayiət olunacağını deyir.

Soruşuram: Bəs, Avropa Parlamentinin sizin bu çıxışı etdiyiniz gün qondarma “erməni soyqırımı”nı tanıması nə anlama gəlir, əcaba?

Dostlar, Milli Şuranı yaradanlar- Rüstəm İbrahimbəyov da, Eldar Namazov da, Cəmil Həsənli də, Əli Kərimli də, Gültəkin Hacıbəyli də siyasətlə yox, avantüra ilə məşğuldurlar.

Azərbaycan nə Avropa Birliyi ilə assosiativ saziş imzalayıb Rusiyanı qarşısına almalıdır, nə Avrasiya İttifaqına qoşulub Qərbə dirsək görməlidir.

“Şərq Tərəfdaşlığı” na qoşulan ölkələrdən həm Qərbin, həm Rusiyanın lehinə seçim etmiş ölkələrin aqibəti gözümüzün qabağındadır.

Həmin 6 dövlətdən ancaq Azərbaycanda xristianlar dini azlıqdır. Ümumiyyətlə, bizim xalq və dövlət olaraq inkişaf yolumuzun onlardan daha fərqli olması bu gün daha tədbirli davranmağımız üçün zərurət yaradır. Suriya da bir vaxtlar AB ilə “assosiativ saziş” müzakirələri aparırdı, indi o danışıqları Brüsselə xatırlatmağa min şahid lazımdır.

Qərb dövlətlərinin, Rusiyanın öz maraqları olduğu kimi, bizim də bir dövlət olaraq öz çıxarlarımız var.

Biz daha yaxşı yaşamaq, daha çox inkişaf etmək istəyiriksə, hər şeydən öncə müstəqilliyimizi qorumalı, suverenliyimizi BMT tərəfindən tanınmış bütün ərazilərimizdə bərpa etməli, öz müttəfiqlərimizi də məhz bu kriteriyalar əsasında seçməliyik.

“Assosiativ Saziş” öz-özlüyündə bir “sehrli çubuq” deyil və o sənədə imza atan ölkədə bir andaca “Avropa standartları” hakim olmur. Bu, bir inteqrasiya prosesidir və Azərbaycanın Qərbə inteqrasiyası istər siyasi, istər iqtisadi, istərsə də sosial və kültürəl sferada Gürcüstandan da, Moldovadan da daha yüksək səviyyədə gedir.

Bunun ən bariz örnəyi Bakıda keçiriləcək Birinci Avropa Oyunlarıdır!


Müəllif: Taleh Şahsuvarlı