9 May 2015 15:57
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim məkandan oralara baxanlar elə güman eləyir ki, bəs ora Avropadırsa, demək, hər şey düppədüz, hər şey hamar olacaq, heç bir kəsir-qüsur gözə dəyməz. Elə deyil. Qətiyyən elə deyil. Hətta bizdən geri qaldıqları məqamlar da var. Məsələn, İtaliya paytaxtının Hacıbala Abutalıbovu yoxdur.

Yəni ki, şəhər meri var, təbii, amma onun Abutalıbov olmadığı gözgörəsi bilinir. İri meydanlar, vağzallar, dayanacaqlar, hətta Vatikanın ətrafı belə eynən bizim merin vaxtilə həyata keçirdiyi antialver tədbirlərinə qədərki halımızı xatırladır. Hərə palazını bir küncə salıb müştəri çağırır. Alver də nə alver. Ən keyfiyyətsiz Çin malları üst-üstə qalaqlanıb. Üçüncü növ məhsulları təqdim edənlər də elə üçüncü dünyanın insanları - qara dərililər, pakistanlılar, banqladeşlilər, asiyalılar, aralarında bircə avropalı belə yox. Hamı satır, hay-küylə adam yığır, müştəriyə qırsaqqız olub əl çəkmir, əksəriyyət də icazəsiz, lisenziyasız, vergisiz. Bir polis görən kimi də iri-iri palazları bircə göz qırpımında xüsusi qurğu vasitəsilə yığıb aradan çıxa bilirlər. Şəhər milyonlarla turistin ixtiyarında. O qalabalıqda gözdən itib uzaqlaşmağa nə var. Ta nəzarətçilər keçib gedənə qədər. Ara sakitləşincə yenə olur - bu meydan, bu şeytan.

***

Rəngbərəng xırda koslardı. Normal top deyil. Əl boyda xüsusi növ qeyri-şəffaf rezindən hazırlanıb. Qaldırıb yerə çırpınca formasını dəyişir, palçıq kimi müstəviyə yayılır, amma qopub tökülmür, 2-3 dəqiqəyə yenidən öz-özünə toparlanıb əvvəlki halına qayıdır. Və - ən maraqlısı - yerə dəyincə möhkəmdən cükküldəyir, fit çalır. Götürüb baxıram, içində səs çıxarası heç bir şey yox. Bəlkə, ən yeni texnologiyadır, xüsusi gözəgörünməz qurğulardı səs çıxaran? Yoxlamaq üçün bir neçə dəfə yerə atıram, hər dəfə də cük-cük cükküldəyir. Baha da deyil. Biri iki avro, ikisi üç, çox alsan, aşağı yeri də var. Beş-altısını alırıq - dostların balalarına hədiyyə üçün. Torbaya yığıb verir əlimizə. Aralanan kimi kosun birini götürüb atıram səkiyə. Cazibə qüvvəsi, üstəlik də qolumun qüvvəsinin təsirilə kos formasını dəyişib zibil kimi yerə sərələnir, amma heç cınqırı da çıxmır. Birini də çırpıram - bu da elə - lal - kar, səssiz səmirsiz..

Başıalovlu qayıdırıq qara qaqaşın üstünə. Etirazsız-filansız qaytarır. Niyə cükküldəmir? - deyincə özünü vurur anlamazlığa. Bazarın öz qanunu var - təzə xam müştəri görən kimi bizi unudur. Başlayır elə bu kosları bir-bir yerə çırpıb cükküldətməyə. Diqqət edən kimi hərifin fırıldağı bəlli olur. Demə, səsçıxaran fit öz ağzındadır - dişlərilə sıxdığı lap xırda bir borucuqdu, kosu yerə atan kimi ağzındakı fiti çalıb müştərini aldadır. Göz görəsi. Bir nəfər olsa, nə vardı ki. Ağzı düdüklülərin addımbaşı biri çıxır qabağına. Hamısı da fırıldaq. Beləsinə baxanda bizə min şükür. Ehh, haradasan, ay Abutalıbov, bu fırıldaq alverçilərin kökünü kəsib buraları da abıra salasan?

***

Haqqında danışacağım bu adamlarınsa icazəsi də var, lisenziyası da, hələ vergi də ödəyirlər. Roma metrolarında, elə qədim şəhərin meydanlarında da dəstə-dəstə gəzib məharətlərini göstərirlər. Biri frakda - ədəli-dədəli geyim-keçimdə meydanda "A-ve-Mariya" oxuyur, başqa biri metroda musiqi ifa edir, hələ trio şəklində işləyənləri də var - skripka, akkardeon və zərb. Repertuarları da çox zəngin - Sinatradan tutmuş Lyuba Uspenskayaya qədər. Bacardıqlarını təqdim edib pullarını qazanırlar. Qəribədir, elə məharət sərgiləyirlər ki, hər qəpiyə də dəyər verdiyin qürbətdə belə əlini cibinə atıb pul çıxarmaya bilmirsən. Pul verirsən, üstəlik, dillə də alqışlayırsan. Yazığın gəlir deyə yox, məhz qabiliyyətinə valeh olduğun üçün. Qaraçılar orada da var, təbii. Amma pul dilənənlərin əksəriyyəti çox sivil, çox nəzakətli, həm də gülərüz. "Yalvarıram, yalvarıram" deyib Bakını dolaşan arvadlar var ha, oralarda elələri yox. Sədəqəni də yalvarmadan elə alırlar ki, adamın özünə də ləzzət eləyir.

***

Orası Avropa. Təsəvvürümə gəlməyən bir məqama da toxunum. Romanın da, Barselonanın da tarix olan küçələri ki var - hamısı zibil qoxuyur. İctimai ayaqyolları pullu olduğundan kişilər qaranlıq düşən kimi təbii ehtiyaclarını elə küçədəcə ödəyirlər. Divar boyu iyrənc maye izləri qurtarmaq bilmir, qoxusu, üfunəti də havada. Əl-qərəz, bizlərə min şükür.


Müəllif: Afaq Vasifqızı