31 İyul 2015 11:06
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dostum planlaşdırdığım bir işlə bağlı bütün əyər-əskikləri düzəltməyi, sənəd-sünəd külliyyatını mükəmməl yığıb toplamağı məsləhət bilir. Ancaq bu qədər düz-düzünəqulu olan adamın planlarını zaman axırda arxivə yollayır, dəyərli proyektdən olsa-olsa dadlı-duzlu xatirələr qalır. Nə etməli?

Doğrusunu bilmək istəyirsizsə, doğru nə ordadı, nə burda, həqiqət mövqeyi sevmir və mövqeyə sığışmır. Həqiqət həmişə, hər vaxt bilvasitə və bilavasitə neytral zonaya can atır.

Bəli, indi sual budu: İşi bir balaca əymək olarmı? Orta məktəbi qurtarıb attestat alan gün bir qəribəliklə qarşılaşdım. O vaxt attestat rus və Azərbaycan dillərində yazılırdı, mənimkinin qiymət cədvəlində səhv vardı - rusca olan cədvələ bir fəndən "5", azərbaycancada isə həmin fəndən "4" qeyd edilmişdi. Fövrən qayıtdım məktəbə, rastıma çıxan bir müəllim baxıb dedi, vecinə alma, ona heç kəs diqqət eləməyəcək. Eləmədilər də... Ancaq məsələ onda deyil.

Yenə həmin il, sonuncu sinfin buraxılış imtahanı keçirilən günü yaxın qohumumuz əsgərlikdən gəldi, onda əsgərliyini çəkib qayıdan gənc üçün böyük dəsgah açılırdı. Rayona bazarlığa getmək lazımıdı. Daha bir qohumumuz olan ədəbiyyat müəllimi ağ "Jiquli"sini xodladı, dedi, getdik. Rus dilindən imtahan verəcəyimi xatırladanda dedi, narahat olma, gəlib çatacağıq, səni özüm tapşıracam...

Sözünə xilaf çıxmadı, təbii... İmtahanlar uzun çəkirdi onda. Məni tapşırdı. Yaxşı yadımdadı, indi bu sinnimdə xatirələrin aydınlaşan çağıdı. Sumqayıtdan məktəbimizə təyinatla gəlmiş bəstəboy, zərif rus dili müəlliməsi məndən şeir istədi. Onda şeirlərim rayon qəzetində çap olunurdu. O da tələsirdi, əslində. Özünə xatirə toplayırdı. Həmin il təyinat üzrə axırıncı iliydi, şəhərə qayıdacaqdı.

Tez-tələsik, indiki kimi yadımdadı, üç bənd uydurdum. İmtahan götürülən sinifdən çölə qaçdım, eşik çox cəlbediciydi... Vida günlərinin həzin havası vardı eşikdə.

Ancaq... Bəli, bu "ancaq" olmaya... O vaxtdan bu yana həmişə, xüsusən son illər daha tez-tez yuxuda həmin imtahanın, həmin sənəd qüsurunun dolaşıq kələfinə düşürəm. Süjeti olmayan bir əhvalat içrə röyada özüm-özümə söylənirəm: "Gecikəcəm, eləmi?" "İmtahanı verdimmi?"

Yuxuların sirrini kim bilir? Kim bilir, kim bilir... Bir dəfə çoxdan, bilmirəm bu faktı özü hardasa qeyd edib, ya yox, yazıçı Anar bir məclisdə danışmışdı ki, bir yuxunu uzun müddət və müntəzəm görürmüş. Görürmüş ki, başının üstdə kimsə dayanıb fasilə vermədən sayır: Bir, iki, üç, dörd... Bu hadisəni "Əlaqə" povestində yazandan sonra yuxu da çəkilib gedib.

Sual belədi - vəziyyəti nəzərə alıb, uzun yolu qısa eləmək, yekə əziyyəti kiçiltmək xətrinə bir balaca kəmfürsətlik eləmək caizdimi? İndi mənim səmimi olan vaxtımdı, zira səmimiyyət ya situasiyaya bağlı olur, ya da yaşa. "Deyir, yaş artdıqca ağıllanırıq, Gözlər yaşardıqca ağıllanırıq..." "Özüm öz dalımca gözlərim dolur..." Vaqif Bayatlının misralarıdı.

Gənc ifaçı Ayşən Mehdiyeva isə deyib ki, muğamı başa düşmək yaşla əlaqədardı. Eh, qızım, bilirsən yaşla əlaqədar nə qədər hikmətlər var. Bəlkə, sən qışqırıb oxuyasan ki, onu bağışlamaq olar!

...Sualıma cavab tapmasam da, köşəm bitir. Həcm zamandan da insafsızdı. Gələn dəfə səkilərdən yazacam. Küçələrin qırağıyla dinməz-söyləməz gedən səkilərdən. Geniş yollar sizin olsun, səkiləri bizə verin, gözümüz toxdu...


Müəllif: Qurban Yaquboğlu