22 Sentyabr 2015 11:57
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar azadlıq çarçıları deyillər ki. Onlar adi anarxistlərdi. Guya absolyut azadlıq axtaran allahsız anarxistlər. Azadlıq isə heç vədə absolyut ola bilməz. Məkanından və zamanından asılı olmayaraq. Bir kəsin azadlıq sərhədi başqa birinin azadlığının başladığı yerə qədərdir, hüdudsuz, nəhayətsiz deyil ki.

***

Bu ayın əvvəlində dünya mediasının ön səhifələrində yer alan və milyonları darmadağın eləyən o şəkli, söz yox, hamımız gördük. Suriyadakı qanlı hadisələrə görə vətənindən qaçqın düşən üç yaşlı Aylan Kürdi Türkiyədən Yunanıstana gedərkən dənizdə boğulmuşdu. Sahildə uzanıb qalmış o məsum körpənin cansız cəsədinin fotosu neçə gün sosial şəbəkələri dolaşdı, gündəmdən düşmədi. Fotonu görən hər kəs dünyaya da, dünya siyasətinə də, dünya malından gözü doymayan siyasilərə də lənət oxudu. Dəhşətli mənzərə idi...

***

İnsanı sarsıdan o foto qlobal bir problemə ictimai münasibəti də tamamən dəyişdi. O çağacan avropalıların 56 faizi qaçqın axınına qarşı şıxış edirdisə, Aylan Kürdinin dəhşətli fotosundan sonra bu göstərici 32 faizə endi. Avropaya üz tutan qaçqınlara qarşı çıxış edənlər sərt mövqelərini dəyişdilər. Tarix araşdırmaçılarının dediyinə görə, belə reportaj fotoların hadisələri, tarixi gedişatı dəyişdiyi, hətta rejimləri çökdürdüyü də çox olub. Bu balaca günahsız oğlanın rəsmi də Avropaya üz tutan qaçqınların simvoluna çevrildi. Dərdin, faciənin rəsminə, rəmzinə döndü.

***

Fransadakı “Şarli Hebdo” hadisəsindən çox az vaxt keçib. Bu ilin yanvarında peyğəmbər əfəndimizin karikaturasını dərc edən bu jurnal redaksiyasına təşkil olunan hücum, söz yox ki, terror aktı idi. Ortada qətlə yetirilən 12 insan vardı. Amma hadisə səbəbsiz də deyildi. İnsanların səbr və dözümünün də həddi-hüdudu var axı. Milyonlarla müsəlmanın sitayiş etdiyi islam peyğəmbərini təhqir etməyi kim təqdir edə bilərdi ki, İstənilən qətl, terror cinayətdi, bu məlum. Amma terrora təhrik edən fakt da ortadaydı və bu faktı inkar etmək mümkün deyildi.

***

Bəli, həmin “Şarli Hebdo” bu dəfə həmin o fotosu ürək parçalayan günahsız Aylan Kürdini satira obyektinə çevirib. Hər nə yolla olursa olsun, islama qarşı çıxan bu jurnal uşağın fotosuna karikatura dərc edib. Sahildə üzüqoylu qalan uşaq, yanında da “Mak Donald’s”ın reklamı - “iki uşaq yeməyi birinin qiymətinə”.

***

Aydın məsələdi ki, karikatura janrında sərt tabular qoymaq qeyri-mümkündü. Burada sənət də, sənətkar da azad, düşüncəsində sərbəst olsun gərək. İstənilən mövzuda karikatura çəkmək olar. Amma baxır o karikaturanı necə, nə məqsədlə, hansı tərzdə çəkəcəksən. Bu işdə senzura ola bilməz, amma hər kəsin daxili senzurasına nə gəlib? İnsanlıq bu həddə qədər iyrəncləşibmi ki, ölən qaçqın balasının ölüsündən belə əl çəkmirlər, nə yolla olur olsun, pul qazanmaq, varlanmaq, ən pisi də - iyrənc siyasi məqsədlərinə çatmaq istəyirlər. Bir də ki Aylan Kürdi ümumiləşdirilmiş bir simvol olsa belə, hər halda real insandır, real körpədir, onun dərdini çəkən konkret insanlar da var. Belə ləyaqətsizlikmi olar? Bu, heç qara yumor da deyil. Qara yumor abstraktizmə söykənir. Bu, sadəcə, allahsızlıqdı. Müqəddəs nəsnələrin olmamasıdı, vəssalam.

***

İlin əvvəlində “Mən Şarli Ebdoyam!” deyən azadlıq carçıları bu dəfə də “Mən Aylan Kürdiyəm!” sloqanıyla çıxış edəcəklərmi? İnanmıram.

***

“Azadlıq”sa o qədər şirin sözdü ki, əsəbiləşəndə belə “Allah kəssin belə azadlığı” söyləyə bilmirsən. “Allah kəsməsin” deyirsən...


Müəllif: Afaq Vasifqızı