Köhnə milyoçu, mesenat Murtuza Muxtarovun adına salınmış küçədə binalar cərgəylə sökülür; toz-torpaq göyə qalxıb, üfunət iyi basıb aləmi. Buldozer gəlib dirənib “Yuğ” teatrına – yəni o dərəcə. Teatrın məskunlaşdığı qədim hamamı tarixi abidə kimi saxlasalar, deməli “Yuğ” cərgədə salamat qalan sonuncu binadır. Qarşısında iri afişası da var: “SONUNCU”!!!
Tamaşanın rejissoru – yüksək mədəniyyət və ədəb sahibi, tək zahirən yox, elə daxilən də ucaboy, sax qamətli Ramiz Həsənoğludur ki, sənətinə dərin hörməti, sədaqəti ilə seçilən klassik rejissorlar nəslində sonunculardan sayılmalıdır.
Tamaşanın qəhrəmanı – Fərhad İsrafilov “Yuğ”un yaradıcısı, ustad V.İbrahimoğlunun psixosof (tərcumədə: “ruhun hikməti”) estetikasını mənimsəyənlər arasında birincilərdəndir. Əzizimiz Fərhadın bu il 60 yaşı tamamdır, “Sonuncu” - onun benefisidir. Fərhad bu tamaşada benefisi keçirilmiş qocaman aktyor rolunu oynayır…
***
…Bilirsiz aktyor üçün benefis nəyə bənzər? Öz bildiyim kimi izah eləyim: gecindən olsun - o ki, ölüm mələyi bir gün gəlib alır adamın başının üstünü…belə deyirlər, bütün həyatın bir lent kimi keçir gözünün qabağından... Hə, məncə benefis də təxminən belə bir şeydi. Yaş ki, 60-ı keçdi, işlədiyin teatrda bir benefis təşkil eləyirlər, bilinsin, illərlə bu qapının kəndarını niyə çürütmüsən, oyunun nədən ibarət olub, hansı cildlərdə, obrazlarda adam arasına çıxmısan?.. Hərgah xoşbəxt taleli sənətkarsansa, səhnədə Oqtay Eloğlundan, Vaqifdən, İblisdən-zaddan nəsə oynamısan. Yox, əgər bəxtin gətirməyibsə, heç nə, başın üstünü alan ölüm mələyi nədi, yubileyə gül-çiçəklə gələn tost-tanış, qohum-əqrəba arasında da üzün qaradı. Qırışmış sir-sifətindən savayı baxılası bir şey yox… Qaranlıqlar içində… tək sənə tuşlanmış baxışlar qarşısında necə duruş gətirəsən? Nə deyəsən? Deyəsən ki…öz sənətimi canımdan çox sevmişəm…həyatda nəyim varsa, ona qurban vermişəm…amma yönətmənim qəddar olub…həyat filmimdə lent dolaşıb qalıb…və mən bu dolaşıqda aciz qalmışam?..
***
Qoca aktyor Əlisöhbət Qələndərli (Fərhad İsrafilov) köhnə məktəbin pafosuna nifrət eləyən cavan teatrşünasa (Hikmət Rəhimov) görün nə deyir: “A bala, sən bizə qrşı çox qəddar olma, haçan imkan oldu ki, nümunə gətirdiyin o Avropa, ya rus sənət məktəblərinin səviyyəsini əxz eləyək? Onda ki, cavan idik, dedilər, mərifətiniz olsun, böyüklərə yol verin. Sonra biz yaşlaşanda, dedilər, çəkilin kənara, cavanlara yol açın…” Bu cümləyə lap ürəkdən gülürəm, əhvalımı bundan dürüst dilə gətirmək mümkün deyil…
Bəlkə sonuncu gün bu cümləni mən də deyəm, bəraətə bənzəsin…
Sağ çiynimdəki mələk mənə baxıb gülümsəsin…
…Qarşımdakı cərgədə əyləşmiş yazıçı Anar narazı-narazı ətrafa baxır, tamaşadan sonra səbəbini izah edəcək: “Faciəyə gülməzlər!” Necə gülməzlər? Bu bizim həyatımızdır, qismətimizə düşən taledir, gülünc olmasa da, gülməlidir, müəllim…
***
Ortalıqda bir masa var, üstündə benefisdən sonrakı məclisin nişanələri. Hörmətli qonaqlar, 60 yaşlı Əlisöhbət Qələndərlini çox içirdiblər, yuxuya veriblər, sonra da teatrın bir küncündə köhnə, lazımsız dekor kimi atıb gediblər... Gecələr teatrlar vahiməli olur, qoca aktyor məclisdə olanları bir-bir yadına salır, hərəni öz “diliylə” məzəli-məzəli dilləndirir ki, içini tutan xofa qalib gəlsin… “Bax burda direktor Əliheydər müəllim oturmuşdu”, – deyir. Burda AzTV-dən Kərim Petroviç, burada isə nazirlikdən Məmməd Kamal…”
Tamaşa bitəndən sonra rejissor Ramiz Həsənoğlu bizi həmin masanın arxasına dəvət edir. Yazıçı Anar “direktorun” stulunda əyləşib, mənimlə Qulu Məhərrəmli də deyəsən elə AzTV-dən gələn jurnalistin yerindəyik. Səbəbkar Fərhad İsrafilov özü də burdadır, təriflərə qulaq asa-asa dodaqaltı gülümsəyir… Bax, buna deyərəm oyun! Deməli tamaşa davam edir... Elə isə mən də janrın tələblərinə uyğun çıxış eləyim…
Əzizim Fərhad! Gözlərindəki gizlin, dərin kədərə quzu kəsim! Baxışlarınla bir saatlıq tamaşanı ovcunun içində saxladın, uşaq kimi səmimi gülüşünlə, qocalara xas mərhəmətinlə bizi haldan-hala saldın, həm güldürdün, həm ağlatdın… Pyesin müəllifi Pərvin deyir ki, Əlisöhbət Qələndərli əslində istedadsız aktyordur, “Dantenin yubileyi”ndəki Kəbirlinski kimi. Amma sənin ifanda mən buna inanmadım. Sən sənətə özəl, yüksək münasibəti olan sənətkarlar nəslinin sonuncu nümayəndəsinin faciəsini dürüst və dəqiq ifadə elədin. Bravo, qardaşım!
“Sonuncu”dakı cavan teatrşünas – aktyor Hikmət Rəhimovu Azdramanın “Qatil” tamaşasından tanıyıram, əla obraz yaradıb; onda həqiqətən də qatil plastikasından nəsə var – baxışları çoxmənalı, yayğın, daim arxasında qatil xəncəri gəzdirənə bənzəyir. Elə bu tamaşada da Hikmət qatildir, hər dəyərin qiymətini, əyarını bilən və xırdalayıb satlıq mala çevirmək üçün fürsət axtaran cavan teatrşünasdır - gözəl tərəf-müqabildir. Nə demək olar, Hikmət? Əgər karyerandakı tamaşaların hər dəfəsində özünü “öldürüb” təzə obraz üçün doğula bilsən, səhnədə tökdüyün “qan” sənə halal olsun!
***
İndi ən əsas məqama keçim… tamaşanın qəhrəmanı - benefisi keçirilən qəhrəmanın hələ lap gənc ikən həyatında bir macəra olub: sevgi macərası. Amma gələcəyin sənətkarı sevgisinə (tamaşada aktrisa Könül Cəfərzadə), sevgilisinə sahib çıxa bilməyib. Bacarmayıb, alınmayıb. Bəhanələri sadalasan, bitməz: zaman o zaman deyilmiş, şərait imkan verməyib, qohumlar maneçilik törədiblər… Amma səbəb bir dənədir: QORXAQLIQ! Həəə, bax bu məqamda bütün düyünlər açılır, faciənin əsil mahiyyəti ortaya çıxır… İş ondadır ki, qəlbindəki həqiqi, təmiz, xalis sevginin üstündən xətt çəkən kəs sonra həyatda (ya da səhnədə, fərq etmir) lap Şah İsmayılı oynasa da… artıq qəhrəman sayılmaz… “Yarım zavod çörəyi, 150 qr kolbasa”dır beləsinin qisməti…
Ramiz Həsənoğlunun səhnələdiyi “Sonuncu” tamaşasından mənim aldığım ibrət budur…
…Nə isə… Cavan teatrşünas qoca aktyorun fikirlərini dinləyib, ifa elədiyi obrazlardan fraqmentlərə baxandan sonra soruşur: “Bəlkə axırıncı tamaşanı bir də oyanayasız, axı hamı “bis, bis” deyib sizi təzədən səhnəyə çağırırmış?.. ” Məncə, bu yerdə qocaman aktyor ən düzgün cavabı verir: “Olmaz! Benefisi bir dəfə oynayarlar!”
Doğrudan da, benefis - SONUNCU göstəridir. Benefisə nə bis?..
Lalə