17 Oktyabr 2015 08:52
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobus dayanacaqda lövbər salıb qapılarını ağır-ağır açan kimi qolu qırmızı sarğılı iki nəfər qabaq qapıdan girir içəri, iki nəfər də dal qapıdan – nəzarətçilərdi. Hamı rahat, asudə. Biz də o cümlədən.

Yaxınlaşınca bilet istəyirlər. Əlimdəki xırda pulu göstərirəm ki, düşəndə alıb gedəcəyik. Dirəşirlər ki, yox ki, yox. Bu sayılmır, bəs qaydaları pozmusunuz, protokol-filan, cərimə-cəza və s. və i.a. Əl qərəz, 15 qəpiklik yola görə o vaxtın puluyla 15 rubl cərimə ödəyəsi oluruq. Demə, qaydaya görə avtobusa minən kimi bilet almaq lazım imiş – orada, Moskvada. Bizdə isə o zaman başqa idi qaydalar – hamı yol biletini avtobusdan düşəndə alırdı. Amma ölkə yad, qaydalar fərqli, üstəlik səni də qanun pozucusu kimi tutublar, bu da var ki, gəlməsən, həm də qafqazlısan, biz qaralara da o sarıqulaqların münasibəti bəlli, uzun sözün qısası, cəriməni ödəməkdən başqa əlac qalmır.

Keçən əsrin bu hadisəsini niyə xatırladım? İş bu ki, yad bir şəhərə getdinmi, mütləq gərək öncə həmin məkandakı qaydaları öyrənəsən. Neyçün ki hər yerin bir qaydası, bir qanunu var – nəqliyyat məsələsində təəssüf ki, vahid sistem yox. Halbuki dünyanın bu qloballaşma çağında aviauçuşlarda olduğu kimi şəhər nəqliyyatında da artıq total olaraq eyni ödəniş sisteminə keçmək, vahid qaydalar tətbiq etmək zamanı gəlib ki, turist kimi getdiyin ölkədə çaş-baş qalmayasan. Bizdə isə, turist nədi, vətəndaşın özü də qalır mat-məəttəl. Xüsusən də indi, bu sahədə islahatların aparıldığı dönəmdə.

***

Bizim – toplum olaraq bir bəlamız da ondadır ki, Mirzə Cəlilin, Sabirin toxunduqları problemlər hələ də aktualdır. Qəribədir ki, şünaslar bu cəhəti o klassiklərin uğuru kimi qeyd edirlər. Mənim fikrimcə, xalq satiraya tuş gələn mənfi cəhətlərindən 100 il ərzində xilas ola bilməyibsə - bu, kütlənin naqisliyi, çoxluğun qüsurudur. “Poçt qutusu”ndakı Novruzəli bugün aktualdırsa, demək natamamlığı daim səbəbsiz-filansız uca tutduğumuz mentalitetimizdə, genetikamızda axtarmaq lazım.

***

Xeyli vaxtdı ictimai nəqliyyata minmirdim. İş elə gətirdi ki, istifadə edəsi oldum. Dayanacaqda qulağım çalan ancaq giley-güzar. Təqaüdçü xalalar danışır, qulaq asıram. Deyir xəttdə iki növ avtobus işləyir – bəzisi kartla, bəzisi dədə-baba qaydasıyla, yəni nağd hesablaşma yolu ilə. Deyir köhnə avtobusların nömrəsi də dəyişib, marşrutu da. Hansı avtobus hara gedir, məlum deyil. Camaat qalıb gicələk. Bəlli ünvana çatmaq üçün bir neçə dəfə çaşıb yolu səhv salmasan olmur.

***

Xəyalım Avropaya qayıdır. Avobus, minibus, tramvay, trolleybus, elektrik qatarı, metro, metrobus, dolmuş, vapur, kater – ictimai nəqliyyat növü o qədərdir ki, insanlar hər hansı məsafəni qət etmək problemindən bixəbərdirlər. Yoxdu belə bir problem. Üstəlik əhalini maarifləndirmək məqsədilə avtobuslarda pulsuz yol xəritələri paylanır. Avropada, elə uzaq Amerikada başqa bir üsul da var. Əlində smartfon varsa, internetə qoşulmusansa şəhərin istənilən nöqtəsində nəqliyyat üçün sorğu verə bilərsən və ağıllı telefon səni həmin məntəqədən istənilən yerə nə cür getmək barədə məlumatlandıracaq.

***

90-cı illərin əvvəlləri. Rusiyada məşhur dələduz dəstəsini ifşa edirlər. O zaman Afrikadan Avropaya mühacirətə getmək istəyənlər çox olur. Fırıldaqçılar da görün neyləyirmişlər? Guya Avropaya keçirmək adı ilə afrikalıları təyyarə ilə Moskvaya gətirir, sonra da Moskva dairəvi elektrik qatarına mindirirmişlər ki, bəs guya qatar düz gedib çıxacaq Almaniyaya. Yol dairəvi, qatar fasiləsiz. Binəva qaralar bəzən sutkalarla dairəvi yolda fırlanarmışlar. Ta ki, fırıldaqçıların güdazına düşdüklərindən xəbər tutana qədər. O vaxtacan da canilər qaçıb aradan çıxarmışlar. İt də gedərmiş, ip də. Niyə? Hamısı bilməməzlikdən, avamıqdan, geriqalmışlıqdan.

***

Yolda rast gəldiyim yaşlı xanımların söhbətindən necə əsəbləşirəmsə evə çatan kimi saytları araşdırıram. Demə bizdə də həmin o ağıllı yolgöstərəndən var. Yəni Nəqliyyatı İntellektual İdarəetmə mərkəzinin saytına daxil olmaqla bir məntəqədən başqa birisinə getməyin yollarını asanlıqla tapmaq olur. O zaman vətəndaş niyə çaşqın? Niyə əsəbi? Nədən narazı?

***

Biz gerçəkdən də poçt qutusunun qarşısında gözləyən Novruzəlilərin xələfləriyik. Yeni texnologiyalar tətbiq olunduqca insanları davamlı məlumatlandırmaq lazım. Axı heç də hamı internetdən istifadə edə bilmir. Çoxunun heç ağlına da gəlmir ki, yarımca saat vaxt sərf edib lazımi nəqliyyatın sxemini öyrənə bilər. Çox da ki ölkədə kompüterdən istifadə yetərincədi, görün adamlar nədən necə istifadə etməyi bilirlərmi? Çünki axtarış saytlarında ən çox axtarılan kəlmə “seks”, ən çox izlənilən video – pornofilmlərdir. Toplumun əksər hissəsi hələ də yalnız ilkin instinktləri təmin etməyə amadə. İnkişafı, yeniliyi, məişəti düşünən kim? Təzə avtobuslar qatarlanıb gedəndə maddım-maddım arxasınca baxan, gözü yollarda qalan qara camaatın naəaclığı da elə özünün dar düşüncəsi, məlumatsızlığı ilə bağlıdır. Başqa səbəb yox.

Afaq Vasifqızı

P.S. Əhalini maarifləndirməyinsə yeni yollarını axtarmaq gərək.


Müəllif: Afaq Vasifqızı