Qocalar demişkən, insan ən birinci ailədə, sonra məktəbdə düşünməyə başlayır. Təəssüf ki, bizim ailələr, ota məktəblər düşünmək, düşündürmək yeri deyil. Axı ötən əsrin 60-70-ci illərində qalan, yeniləşmək hissindən məhrum olan müəllimlər şagirdə nə öyrədə bilər ki? Onlar şagirdin fikirlərinin müstəqil şəkildə inkişaf etməsinə hansı töhfələri verə bilər?
Müəllimlər orta məktəbdə dərs deməyə ərinirlər. Müəllim üçün öz evində ali məktəbə hazırladığı uşaq daha çox maraqlıdır. Elə bil, müəllim acığa düşüb, məktəbdə heç nə öyrətmir, deyir, evimə gəl, aylıq pulumu ver, öyrədim.
Ağızdolusu müəllim adının ucalığından danışırıq, onları hər yerdə reklam edirik. Amma heç vaxt məsələnin mahiyyətinə varmırıq ki, məktəblərdə fikrini azad şəkildə dilə gətirən şagirdə pis baxırlar, əksər hallarda ona tərbiyəsiz uşaq damğası vurulur. Bundan ötrü valideyn məktəbə çağırılır. Elə müəllimlər tanıyıram, azadlıq sözünü yuxusunda belə eşitmək istəmir.
Ali məktəblərdə də vəziyyət bu cürdür, onlar da orta məktəblərdən geri qalmır. Qocalar bütün stolları, stulları, dərs zallarını işğal eləyiblər. Hətta onların əlindən bufetdə də oturmaq olmur, qab-qaşığı da özlərininki bilirlər.
Heç kəs öz xoşuna işdən çıxmaq istəmir. Qoca-qoca kişilərin ən böyük arzuları cənazələrinin universitetdən götürülməsidir. Universitet divarından şəkillərinin asılması üçün az qalırlar yalvarsınlar. Anlamırlar ki, bu günə kimi nə işləmisən, nə yazmısan, nə pozmusan, nə qədər elmi uğurların və nə qədər elmi oğurluqların olub-olub, daha bəsdir, əziyyət çəkib oğul-uşaq əkmisən, özünə bağ evi düzəltmisən, nəvələrin var, bir az da onlara vaxt ayır, qoy Azərbaycan elmi nəfəs alsın, dincəlsin. Narahat olmayın, nə vaxt elmimizdə boşluqlar yaransa, gedib bağ evindən sizi maşına qoyub gətirəcəyik.
...Bir də görürsən, kafedra müdiri, 70 yaşlı alim Orxan Pamuka lağ eləyir. Yaxud, tələbələrin qarşında deyir ki, Eko nə vaxtdan yazıçı oldu, yazıçı Mirzə Cəlildir, Haqverdiyevdir. Bu cür mənasız milli təəssübkeşlik adamın ətini tökür. Bu, əslində, milləti geriyə aparan bir şeydir. Sizcə, Orxan Pamuka lağ eləyən, Ekonun adını belə eşitmək istəməyən bir alim tələbənin fikrini necə dəyişə, dünyagörüşünü necə yeniləşdirə bilər? Axı özündə heç nə yoxdur, bəs bizə nə versin? Ona görə də tələbə müəllimdən heç nə öyrənmir. Ancaq boş-boş xatirələr naminə universitetə gəlib-gedir.
Ən pisi də odur ki, gənc kadr müəllim işləmək üçün bəzən köhnə kişilərin maskasını geyinməli olur. Bu, daha dəhşətlidir. Elə bil bayağılığın ömrünü uzadırlar. Bu gün demək olar ki, bütün universitetlərimiz içində uzun və enli qalstuq gəzdirən gənc nəsil yetişdirməklə məşğuldur. Hansı ki, ağzını açıb iki kəlmə söz danışanda, ürəyin bulanır. O qədər çarəsiz qalırsan ki, əsəbindən onların fiziki görkəminə lağ eləmək istəyirsən.
Niyə heç kəs düşünmür ki, heç bir etiraz ruhu olmayan, hər şeylə razılaşan, savadsız, istedadsız, ruhsuz, beyinsiz müti bir kadr gələcəyimizin nəyinə lazımdır?