21 Oktyabr 2015 14:53
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülnar Məsimli

İzlədiyim, müşahidə elədiyim, yaxından-uzaqdan şahidi olduğum tarixçələrin əksəriyyətinin bir adı oldu. Aldadılmış və atılmış qadınların da hamısının bir hekayəti eyni mövzuda yazılıb müxtəlif janrlarda yaşadıldı.

Bir ömür sevgiyə şəfqətə, diqqətə, qayğıya, xoş sözə həsrət qalan qadınların əksəriyyətinin tarixçələri bir-birinin bənzəri oldu. Oxşar həyatları fərqli həyətlərdə, hərə öz üslubunda oynamağa məhkum oldu.
Uşaqlıqdan, gecələr gəlinciyi yanına uzandırıb gələcəyin xəyalını quran vaxtdan başlayır bu yol.
Əslində, sevgisizliyə məhkum olan qadınların çoxunu bir xoş söz hədiyyə edərək aldatdılar və ucuza satdılar. Amma olan kişili-qadınlı bizə oldu.

Hər aldadılmış, hər atılmış və hər nisgil görmüş qadının acısı gec-tez hər birimizin canından və qanından çıxır, ötmür, heç birimizdən yan keçmir. Birimizin könlündə, birimizin gözündə iz buraxır, birimizin də bəxtinə yüklənir və illərə calanır, ağrıları isə nəsildən-nəslə hədiyyə kimi ötürülür.

Hər kəs özündən əvvəlki birinin özünə ötürülmüş məhkumluğunu yaşayır.

Sevgisizliyə, haqsızlığa və sayğısızlığa məhkum olunmuş yaşama məhkum kimi yaşayır bundan sonra.
Təkcə üçüncü yolun mövcudluğunu anlamış olanlar nicat tapar.

Üçüncü yolun sənin özündən keçəcəyini dərk etsən, bu məhkumluqdan qurtaracağına əmin olaraq yaşaya biləcəksən. Özünə, öz sevginə, öz varlığına güvən sadəcə, çox həqiqətin gerçək ola biləcəyinə inan sadəcə. Yerində saymaqdan yaxa qurtarıb bu andan irəli, həm də içində birikdirdiyin arzu və ümidlərin gerçəkləşməsi uğrunda öz yoluna özün işıq tut. Ay işığı da ola bilər, yetər ki, ona ürəkdən bağlan və gözünü də, könlünü də ürəkdən açaraq ay işığında addımla, sənin olacaq “üçüncü”nü tapıb hüzura qovuşuncaya qədər addımla...

İki yol ayrıcına çatdığında üçüncü yolun mövcudluğuna sarıl, qorxma, usanma, əzmli və inadlı ol...

Hə bir də qürurlu...

Qüruruna sarıl və addımla!

P.S. Şəms Təbriz deyir ki, “Qadın; bilənə nəfəs, bilməyənə nəfsdir”.

Bilənlə bilməyənə önəm ver addımlayanda amma özünü bilərək özün özünə nəfəs verərək addımla!
Özünü bildiyində hər kəs səni biləcək, həm də mütləq biləcək, dostum...!


Müəllif: Gülnar Məsimli