14 Dekabr 2015 10:53
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, mollaların yazdığı duanın “taksa”sıdı – klassik ədəbiyyatımızdan bilirik, ustadlar həyat həqiqətlərini nəsrə köçürüb də bizim üçün bir irs yaradıb gediblər. Ki, dünənimizi bilək, məlumatımız olsun, sabaha da aydın baxaq - gözümüz açılsın.

İndi yenə o mollalara gedənlər də var, dua-cadu-piti yazdıranlar da, ətək-ətək pul xərcləyənlər də. İllah da ki, siyasi hadisələr intensivləşəndə, məsələn, seçkilər dönəmində, elə bu son tuthatut hadisələrində də deyirlər, falçı mollalar qaz vurub qazan doldurublar. Demək taksaları da artıb. Mənsə başqa taksadan danışmaq istəyirəm. Dərs taksasından, daha doğrusu, dəsrə getməməkliyin taksasından. Ki, bunun da məbləği aşağı-yuxarı müyyənləşmək üzrədir. Uşağı dərsə getməyən valideynlər bir həftəyə 100 manat ödəyəsidirlər. Niyə? Cərimə kimi. Xub. Qanunvericilikdə vətəndaşın icbari təhsili nəzərdə tutulub. Boyun qaçırırsansa, ümumi qaydaları pozursan demək. Qaydanı pozursansa məntiqlə bunun bir bədəli də var, cəriməsini ödə getsin. Bəs? Bəs müstəqilliyimizlə yaşıd olan repetitorluq institutuna görə biçarə valideynlərin ödəmək məcburiyyətində qaldığı 300-400 manat aylıq icbari ödənişin haqq-hesabı necə olsun? İcbari təhsildən danışırıq. İcbari təhsil barədə rəsmi sənəd – attestat verib də normal savad verə bilməyən müəllimlərin əməkhaqqından tutulmasınmı bu vəsait? Uşaq dərsə niyə gəlmir? Gəlmir ki, repetitor yanına gedib biliyini artırsın. Niyə edir bunu? Çünki orta məktəb o biliyi vermir şagirdə. Yəni konkret situasiyanın günahkarı valideyn deyil, valideyni boğazından kəsib repetitorlara pul paylamaq zorunda qoyan məktəbdi, adı olub işi, işinin nəticəsi olmayan məktəb. Və bu halda təhsilə nəzarət edənlər dərs davamiyyətini pozan şagirdi cəzalandırmaq istəyirlərsə nəticəni yox, səbəbi araşdırsınlar. Uşaq dərsdən niyə qalır? Bu suala cavab versinlər. Valideyn tanıyıram ki, iki uşağına görə repetitorlara ayda 450 manat maaş verir. Özünün aldığı maaş cəmi 750 manatdı. Geri qalan 350 manatla adam kommunal xərcləri ödəsin, ərzaq alsın, geyim alsın, dərman alsın, nəqliyyatdan istifadə etsin – axı necə? Görürsünüz ki alınmır. Demə bu işdə cəzalanmalı olan yeganə şəxs məktəbdir. O məktəb ki, uşağa sahib çıxıb dərs öyrədə bilmir. O məktəb ki, şagirdləri qapı-qapı düşüb müəllim yanına getməyə vadar edir. Demək cəriməni də müəllim ödəməlidi, valideyn yox. Dərs keçə bilmədiyinə görə, şagirdi bisavad qoyduğuna görə, valideyni qane edə bilmədiyinə görə.

***

Jurfakda bir rus dili müəllimimiz vardı – Eldar Mamedov. Metis idi, həm də tam fərqlənirdi hamıdan – görkəmi, tərzi, geyimi, yerişi də başqaydı. Az işlədi adam ADU-da, sonralar çox soraqladım, köçüb gedib dedilər buralardan. Çox kreativ idi. Bizim fakültə Baksovetdə yerləşirdi o zaman. Sentyabrın ilk günlərindən anlamışdı ki, qrupda rus dilini bilən 4-5 şəhər uşağıyıq, qalanları “moya-tvoya” anlamır. Görün necə sevdirdi özünü də, fənnini də. Axırıncı saata salırdı dərslərini. Dərsi də bir gün bulvarda keçirdi, bir gün İçəri şəhərdə, bir gün İncəsənət muzeyində. Mən sizə sovetin vaxtından danışıram – ötən əsrin 80-lərindən. Qrupun talışı da, kürdü də, ləzgisi də, ucqar kənddən gələni də rusun dilini əməlli-başlı öyrənə bildi, Eldar müəllimin sayəsində. Yanaşa bilirdi, dərsi sevdirə bilirdi çünki.

***

Övladı orta məktəbdə oxuyanlar deyirlər, indiki proqramı repetitorsuz əxz eləmək mümkün deyil. Həqiqətən belədirmi? O zaman uşaqların cəriməsini müəllimlər yox, təhsil proqramını təsdiqləyənlər ödəsin gərək. Ya bilərəkdən elə proqram tərtib ediblər ki, valideynlər məcbur olub az əmək haqqı alan müəllimləri “dolandırsın”. Ki, əlavə və halal qazanc mənbəyi tapan müəllim əmək haqqı artırılacağını heç arzulamasın da – işdən sonra qul kimi işləyib qazandığı ilə kifayətlənsin, hələ bir Allahına dua da eləsin. Ya da bu proqramı qəsdən belə qəlizləşdiriblər ki, millətin balaları bisavad qalsın. Hər iki halda qərar anti-milli, anti-mənəvidir. Çünki hər savadsız kütbeyin yeniyetmə potensial caniyə, ən yaxşı variantda potensial tüfeyliyə, avaraya çevriləcək.

***

Sənət adamlarından tez-tez eşidirəm bunu – “bizi xalq dolandırır” deyirlər. Xalqdan alınan rüşvətlər hesabına bəzi məmurlar ucuz müğənnilərin taksasını artırıb milyonçuya çevirmirlərmi? Bəli, xalq dolandırır. Müəllimlər də həmçinin. Xalq cibinin pulunu müəllimə verir ki, övladı bisavad qalmasın. Bəs onda məktəb nəyə lazım? Dövlət məktəblərinə bu qədər vəsait niyə xərclənir? Binalar inşa edilir, az-çox əməkhaqqı verilir – nəyə görə?

İndi bu cərimə məsələsi ki, gəlib gündəmə - mənə maraqlıdı – yığılan cərimələrin xərclənməsi mexanizmi də hazırlanıbmı? Bir şagird ayda bir həftə dərs buraxsa, eləyir 100 manat. 20 şagirdin qaiblərinin haqqı - 2000 eləyir. Hər sinifdən 2000 olsa, məktəb üzrə orta hesabla aya 60-100 min pul yığılacaq. Yaxşı ideyadı vallah. Düşünənə bərəkallah!


Müəllif: Afaq Vasifqızı