Anan ölsün, bacın ölsün, ay vətən!
Qəşəm Nəcəfzadə
Ələsgər Məmmədoğlu yolda, küçədə, bulvarda tez-tez qarşıma çıxıb, amma heç vaxt yaxınlaşıb görüşməmişəm. İndi fikirləşirəm ki, kaş bircə dəfə onunla hal-əhval tutaydım. Sevdiyimiz adamların yanına getməmək, onlardan uzaq gəzmək bizim çoxdankı xasiyyətimizdir.
Yanına getməsəm də həmişə kənardan Ələsgər müəllimə böyük sevgi ilə baxmışam. Halbuki, başqa aktyorlarla üz-üzə gələndə heç belə marağım olmayıb.
Bir dəfə Kukla Teatrının qabağındakı dayanacaqda marşrut gözlədiyim yerdə bacımın beş yaşlı qızı Aysu qəfil barmağını uzadıb dedi:
– Dayı, ona bax...
Baxdım ki, uşaq mənə Ələsgər Məmmədoğlunu göstərir.
– Sən onu hardan tanıyırsan? – bacım qızından soruşdum.
Uşaq qımışıb dizimi qucaqladı, bilmədi ki, onu hardan tanıyır.
Bəlkə də tanımırdı. Bəs niyə o qədər adamların içində barmağını Ələsgərə uzatdı?
İnanmıram ki, bacımın qızı onun rol aldığı bir filmə baxmış olsun.
Deməyim odur ki, uşağın üzündə Ələsgər müəllimə olan sevgidən mənim də içimdə var.
Bəlkə də Aysu “Bəyin oğurlanması” filmi nə vaxtsa efirə veriləndə epizodik olaraq televizorun qabağından keçib və həmin an Ələsgərin epizodik rolunu görüb.
Yeri gəlmişkən, “Bəyin oğurlanması”nda toy səhnəsini yadıma salıram, Ələsgər qollarını qaldırıb qəfil Nəsibə Zeynalovanın qarşısında oynadığı səhnəni olduğu kimi xatırlayıram.
Mənə elə gəlir, Ələsgərin ölümü də qəfil oynamağı kimi oldu.
Dünən hamı manatın qiymətdən düşməsini müzakirə elədiyi yerdə Ələsgərin ölüm xəbəri gündəmin ortasından nazik bir xətt kimi keçdi.
Elə bil qəfil işıqlar yanıb söndü. Ya da kimsə gözünü qırpdı.
Oynadığı rollar kimi ölümü də epizodik oldu.
Ölüm xəbərini eşidən kimi, əslində, Ələsgəri nə qədər çox istədiyimi anladım.
Tez internetdən onun neçə yaşı olduğunu öyrəndim, tələm-tələsik şəkillərinə baxdım.
Guya bir az gec baxsam, kimsə Ələsgərin şəkillərini, səsini internetdən siləcəkdi.
Onun o qədər geniş olmayan tərcümeyi-halına baxıb kövrəldim.
Mən Ələsgəri lap cavan bilirdim.
Gördüm bir müsahibədə deyir ki, 70 yaşıma hazırlaşıram...
Bəlkə, onun aləmində 70 yaşına hazırlaşmaq ölüm deməkdir.
Həmişə epizodik rollar oynayan bir aktyor hamının xatirəsində balaca bir uşağın yaddaşında qaldığı kimi qalıb.
Mən inanıram ki, Ələsgərin rolu “Bəyin oğurlanması” filmindən çox yaşayacaq.
Həyatda belə qəribə adamlar olur. Qəribəliyini nə izah eləyə bilirsən, nə də izah eləməyə ehtiyac duyursan.
Əl dəymirsən, görürsən ki, elə beləcə gözəldir.
Artıq o gözəl adam aramızda yoxdur.
Həmişə Ələsgər, ay Ələsgər deyib gülənlər bu gün Ələsgər, ay Ələsgər deyib ağlayacaqlar...