19 Noyabr 2017 09:30
2 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Elçin Aslangilin Türkiyədə çapa hazırlanan “Həzrəti İsanın Quranı” romanının II hissəsini təqdim edir:

Əvvəli burada

- A..a..a.a..a! Həkim, mən ölmək istəyirəm. Xahiş edirəm, mənə yardım edin... İstəyirəm doğacağım uşaq da ölsün.

- Xanım, mən bunu edə bilmərəm, sakitləşməyə çalışın, özü¬nüzü yormayın, dərindən nəfəs alın.

Həkim üzünü geri çevirib tibb bacısına baxdı. Tibb bacısı əlindəki dolu şpirisi həkimə verərək xəstənin baş tərəfinə keçdi:

- Bir az sonra sənin gözəl bir qızın olacaq.

Tibb bacısının sakitləşdirməyə çalışdığı Qadın elə nəfəs alırdı, sanki, az sonra ürəyi qanadlanıb sinəsindən çıxacaq. Boğulurdu. Gözlərinin içi qan çanağına dönmüşdü. Əlini ağzına salıb dişlərini möhkəmcə sıxdı. Və özündən gedincəyə qədər gücəndi. Birdən, üzünün təbəssümü ətrafa işıq saçan və təbəssümünün işığında doğum otağındakı hər kəsin surətini buxarlandıran bir kişi, azacıq ona tərəf əyilərək dedi:

- Lamia, Tanrı sənin səsini bəyəndi.

Saqqalının ağ dənlərini sağ əlinin barmaqları ilə eşən kişi həzin bir pıçıltıyla davam edi:

- Qadın, bu ağ dənlərin arasına yaxşı bax, diqqətlə bax, əmin ol və de: Başınıza and içməyin. Çünki saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"-niz hə, "Yox"-unuz yox olsun. Bundan artığı şeytanındır...

- Tibb bacısı Q. Ova, qadın koma vəziyyətindədir, əməliyyat etmək lazımdır. Yoxsa uşağı da itirəcəyik, tələsin! - Həkim təşviş içində tibb bacılarına deyirdi.

259-cu surə

Ruhi xəstəliklər dispanserinin baş həkimi İ. Eva yeni gələn xəstə ilə seansdan sonra öz kabinetində dərin dü-şüncələrə dalmışdı. Bu gün, təxminən gecənin əvvə-lindən təcili şəkildə dispanserdə qapalı otağa yerləşdirilən xəstə ilə bir neçə dəfə görüşməli olmuşdu. Belə ki, xəstə əsəblərinə sahib ola bilmir, və yalnız keyidici iynəərin təsiri altında sakitləşirdi. Gördüyü halsunasiyaların təsirindən, divarla üz-üzə dayanaraq tez-tez təkrarlayırdı:

- Və ya uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!”. Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Həqiqət bəlli olduqda o-“Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”, dedi.

...Əvvəl sərxoş vəziyyətdə balaca qız uşağını avto-mobillə öldürür, sonra isə dindirmədə “Mən heç kimi öldürməmişəm” deyə təkid edir. Və üstəlik fürsət tapıb cəfəngiyyat da uydurur, guya uşağın anası yanındaymış. Daha sonra ömürlük həbs cəzasından canını qurtarmaq üçün özünü dəliliyə vurur. Belə ola da bilər, olmaya da bilər... Bəs yaxşı, bu dırnaqarası dəli tövbə edir? Mən onun dediklərini hardansa xatırlayıram. Divarla üz-üzə durub tövbə etmək nə qədər məntiqə uyğundur? Baş həkim İ. Eva qapını açıb dəhlizdəki tibb bacısını səslədi:

- Siz, xanım Moradi, zəhmət olmazsa bura gəlin.

Tibb bacısı tələskən addimlarla baş həkimə yaxinlaşib, “ Buyurun!” - dedi.

- Səhv etmirəmsə müsəlmansınız. Xatırlayırsınızsa sizdən islam dini ilə bağlı qısa bilgilər almışdım. Qiblə hansı tərəfdədir? - deyə baş həkim tibb bacısından soruşdu.

- Azacıq üzü sağ tərəfə durduğumuzda, üzü Qibləyə dayanmış oluruq.

- Aydındır, çox sağ olun, gedə bilərsiniz.

Baş həkim yenə kabinetinə çəkilib düşünürdü. Deməli, xəstə üzü divara durduğunda Qibləyə tərəf dururmuş... Günahlarına görə tövbə edir? Yox, burda nəsə var...

SUR-TU surəsi

- Mən hardayam, məni hara aparırsan?

- Cəhənnəmə ...

Ağzından laxtalanmış qan qusan Nut, qayığın avarlarını əvəz edən ağ ilanların köməkliyi ilə ilkinliyə aparan sona tələsirdi ...

Gecədir, ulduzsuz, aysız. Üfunət qoxuyan bataqlıqda qayıq dayanmadan şütüyür.

- Bu nədir, mən ki qurşağa qədər qan içindəyəm?! Sən kimsən, məni hara aparırsan? Bu nə qandır? Niyə bu qayıqdayam? Hardayam, hara gedirəm ?

Nut köz kimi qızarmış dilini bayıra çıxartdı. Dilinin ucundakı bir çimdik torpaq qabararaq şişib göbəyi kəsilməmiş körpəyə çevrildi, qırışığını aça-aça zarıyaraq dil-ləndi :

- Bu qayıq bizim taleyimizdir. Qan bizim qanımızdır. Biz yaranışdan işığı yox, zülməti seçdik... Biz buludların ayrıldığı, İsanın taxtdan endiyi, İsrafilin suru çalındığı zamana gedirik ...

Qəfil, qaranlıqdan nəhəng, gözəl, cazibədar, uzun saçlı qadın peyda olaraq şığıyıb qayığın uc tərəfində oturdu. Əlləriylə çılpaq bədənini tumarlaya-tumarlaya qayıqdakıları qəmzəli baxışlarıyla süzdü. Gözlərindəki ehtiras insanın ruhunu məst edirdi…Hamı dalmışdı bu mənzərəyə. Birdən qadın gözlənilməz bir çevikliklə Nutun dilindəki körpəni qaparaq uça-uça oxumağa başladı:

Lili lili La Lilit

Lili lili La Lilit.

- O... O qadın kim idi? Bütün bunlar nə deməkdir? Yalvarıram, yalvarıram məni rahat buraxın!

- O qadın Adəmin birinci arvadıdır.

Nutun ağzından bayıra çıxardığı dili - Lat bunu deyib, xüsusi bir avazla qaranlığa səsləndi:

- Ya məşərəlcinni vəl insi inistətətum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu. La tənfuzunə illa bisultan.

- Müqəddəs İsa!

…Ay işığı pəncərədən süzülürdü… Pəncərələrdən süzülən ay, kazarmadakı qaranlığın üzünü azacıq işıq-landırırdı. Yatanların fısıltısı , sayıqlamaları eşidilirdi.

- Bu yer... Yox, bu yer mənlik deyil... Bu nə yuxuydu, müqəddəs İsa ?!

O, ətrafa bir daha nəzər salaraq ehmalca yatağından qalxdı. Ayaqlarına toxunan daş döşəmənin soyuqluğunun fərqinə varmadan gözləri ilə pəncərələrdən düşən hamarlanmış ay işığına nəzər salanda beyninə gələn ilk fikri dodaqları pıçıldadı:

- İçərinin havası çox boğunuqdur, gedim bir az bayırda təmiz hava qəbul edim .

Ayaqlarını sürüyə-sürüyə qapıya doğru irəliləyəndə kazarma növbətçisi onu görüb qarşısını kəsdi. Dişlərini ağardıb onu məsxərəyə qoyurmuş kimi soruşdu:

- Əsgər, silahının nömrəsi neçədir ?

- 157 – 158.

- Hə, ağıllanmısan. Bir də unutma! De görək, hara gedirsən, gecəquşu, bəlkə bir az əylənək?

- Hava almağa.

Növbətçi əsgərin kölgəsi gecənin alatoranlığında zəif işıqdan süzülmüş kimi görünürdü. O, sağ əli ilə qurşağının altını sığallayaraq bir də təkrar etdi:

- Səni şey eləyim? Hə? Razısan ?

- Yox, istəmirəm, keyfim yoxdur ...

Növbətçi əsgərə əhəmiyyət vermədən çıxışa tərəf gedəndə zəif tıqqıltı səsləri onun baxışlarını qeyri-iradi olaraq səs gələn istiqamətə yönəltdi. Diksindi:

- Bu nə səsdi?

Həyəcanlanaraq duruxdu... Ürkək addımlarla zirzəminin qapısına yaxınlaşdı. Ürəyi üşünə-üşünə soruşdu:

- Orda kim var ?

- ...

- Orda kimsə var ?!

Böyük bir qıfıl asılmış dəmir qapının arxasından səs eşidildi:

- Həqiqətlər qapı arxasındadır. Yaxın gəl, mən sənə həqiqətləri deyəcəm ...

Gözlənilməz vahiməli qışqırıq, hərbi hissənin yuxuda olan və ya olmayan sakinlərinin tüklərini ürpərtdi. Gecənin qaranlığında gözləri mürgü döyən ay qorxaraq qara buludların arxasında qeyblərə qarışdı ...

2. 48 surəsi

- O, dayanacaqda dayanmışdı, səninlə birlikdə. Yadındadır, əlində qırmızı şar da vardı? Mən ona baxırdım, heyranlıqla təpədən dırnağa kimi süzürdüm. Əynində qırmızı don, saçlarında rəngbərəng kəpənəkli sancaq-lar... Saçlarının ucu qıvırcıqdı. Qırmızı çəkmələri də vardı. Axı sən ordaydın? Onun üzündəki təbəssümü xatırlayırsan? Zil qara gözlərinin içi də gülürdü...

- Başqasını mühakimə etməyin ki, sizi də məhkəmə araşdırmasın. Başqasını necə mühakimə etsən, səni də eyni yolla mühakimə edəcəklər. Hansı ölçüylə ölçsən, səni də eyni ölçü ilə ölçəcəklər. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Sənin gözündə tir ola-ola qardaşına necə, "İzin ver gözündəki çöpü çıxardım!" - deyirsən? Ey ikiüzlü! Əvvəl öz gözündəki tiri çıxart, onda qardaşının gözündəki çöpü çıxartmaq üçün daha yaxşı görəcəksən.

Bu sözləri, qara pərişan saçları çiynlərinə tökülmüş, qollarını qoynunda çarpazlamış bir kişi deyirdi. Qaşlarını çataraq gözlərini barmaqlarına zilləyib onları sayırdı. Deyirdi:

- Əbdül, kiminlə danışırsan?

- Mən... Mən özümlə danışıram. Sən kimsən?

- Mən Eynullayam, Allahın gözü...

QIRMIZI surə

Qadının gözlərindən Həvvanın ovuclarındakı buğda dənləri boyda yaşlar süzülürdü. Həkimlər uşağı qurtarmağa çalışırdılar.

- Qadın, saqqalımın ağ dənləri arasında nə gördün? - Özünü Allahın gözü adlandıran dedi.

- Cənnət.

- İndi gözlərimin içinə bax, bax nələr var...

Qadının gözlərinin nuru ən dərin dəryaların dalğaları kimi kükrədi və sanki ildırımlar çaxan qara buludların arasına dalıb getdi. Zil qara dərinliyin içində günah-karları ildırımlar sarmışdı. Onlar, dişləri ilə öz əllərinin ətini yeyirdilər. Öz qanlarını üzlərinə çəkib qışqıraraq:

- Nə xoşbəxt o insana ki, pislərin öyüdü ilə getməz, gnahkarların yolunu tutmaz, ələ salanların arasında oturmaz. Ancaq həzzi Rəbbin Qanunlarından alar və gecə-gündüz onun üzərində dərin-dərin düşünər. Beləsi axar su sahillərinə əkilmiş ağaca bənzəyir, meyvəsini mövsümündə verər, yarpağı heç solmaz. Etdiyi hər işi bacarar. Pislər belə deyil, küləyin sovurduğu saman zibilinə bənzərlər. Buna görə mühakimə ilə ağıllanmazlar, doğrular birliyində yer tapa bilməz günahkarlar. Çünki Rəbb doğruların yolunu güdər, pislərin yolu isə ölümə və əzaba doğrudur! – deyirdilər.

GÜNAHSIZLAR surəsi

- Əgər sən Allahın gözüsənsə, mənim günahkar olmadığımı görmüsən. Mən günahsızam. Mən heç kimi öldürməmişəm.

Əbdül bunu deyib başıyla divarı döyəclədi.

- Allahın gördüyü sənin gördüyün və görəcəklərindir Əbdül. Yeri və göyləri yaradan “O”dur. Hər şeyi görən də “O”-dur. Günahsızam deməyin günahkar olmadığına dəlalət eləmir. O, hər şeyi bilir. Yadına sal Əbdül, üzünü Qibləyə tutub hansı hekayəti nəql edirdin? Və nə üçün nəql edirdin? De, Əbdül, de ki, - Başınıza and içməyin. Çünki, saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"niz hə, "Yox"unuz yox olsun. Bundan artığı şeytanındır...

116 – 117 surəsi

- Mən silahı təmizləyib güllələri darağa yerləşdirdim... Sonra darağı silaha qoydum. Sonra bütün əsgər yoldaşlarımı qışqıran gördüm. Onların gözləri bərəlmişdi. Əllərindəki silahlar ağ ilanlara çevrilmişdi. Mənimkindən başqa. Birdən ilanlar qanadlanıb uçmağa başladılar. İlanlar uçuşurdular... Qəfil tükdən də nəzik bir səs qulaqlarımı batırdı, göydə uçuşan ağ ilanlar öldü. Əsgər yoldaşlarım yerin dibinə batdılar... Başımı qaldırıb göyə baxanda günəşi qan-qırmızı rəngdə gördüm... Buludlar qaralıb lopa-lopa torpağa tökülürdü, adam boyu boyda qara yağış yağırdı... Mənsə eləcə dayanmışdım... Əlimdə silahım... Məndə hər şey qaydasındaydı. Bilirsiniz, qorxurdum, ürəyim əsirdi. Amma nədənsə mənə elə gəlirdi ki, sanki bütün bu olanlar olmalıymış . Elə bil mən baş verən bütün bu hadisələri lap çoxdan gözləyirdim.

- Siz, dörd əsgər yoldaşınızı öldürmüsünüz, yeddisini isə yaralamısınız.

- Mən heç kimi öldürməmişəm, cənab təhqiqatçı…

- Yaxşı... Siz, Klaudyo Şimidlinin əsgər yoldaşlarınızı gülləbaran etməyinizdən bir neçə gün əvvəl baş verən müəmmalı ölümünü xatırlayırsınız mı?

- Hə... O ölməmişdi, yanında da biri vardı... Onları zirzəmidə gördüm. Əsgər yoldaşım Klaudyo Şimidlin tanımadığım biri ilə yanaşı dayanmışdı. Naməlum adam lütüryan idi. O, şəhadət barmağından axan qanla divara nəsə yazırdı. Nə yazdığını başa düşmədim, qəribə bir yazıydı. Klaudiyo Şimidlin onun yazdıqlarını oxuyurdu. Sonra o, yazıların altından rəqəmlər yazdı. Hə, mən o yazıları gördüm, mən o rəqəmləri xatırlayıram ... 1 , 5 , 7 , 1 , 5 , 8 ...

- O nə yazırdı, bu necə bir yazı idi? Hansı hərflərlə yazırdı? Xatırlamağa çalışın!

- O hərfləri ilk dəfə idi ki, görürdüm. Hansı dildə olduğunu bilmədim. Amma rəqəmlər elə bizim istifadə etdiyimiz rəqəmlər kimiydi. Şimidlin “Qalx!” komandasından əvvəl oyanmışdı. Mən kazarma növbət-çisiydim. Hava almaq üçün bayıra çıxanda zarafatca silahının nömrəsini soruşdum. O da mürgülü-mürgülü silahının nömrəsini dedi: 157–158. Sonra mən ona təmiz hava qəbul etmək üçün bayıra çıxmağa izn verdim. Ayaqlarını sürüyə- sürüyə çıxıb getdi. Ancaq çox keçmədən dəhşətli bir qışqırtı eşitdim. Qorxdum... Sonra anladım ki, bu səs Şimidlinin səsidir. Kazarmanın çölə açılan qapısına tərəf qaçanda, zirzəmiyə düşən dar pil-lələrin nura boyandığını gördüm. Sonra... Sonra zirzəmiyə endim. Orda dəmir qapı olmalıydı... Üstündə böyük qıfılı olan dəmir qapı... Mən o qapını dəfələrlə görmüşdüm. Üstündəki köhnə böyük qıfılı da... Amma indi nə qıfıl var idi, nə də dəmir qapı. Zirzəmidən göz qamaşdıran işıq süzülürdü bayıra. İçəri boylananda naməlum adam şəhadət barmağından axan qanla divara oxuya bilmədiyim yazılar yazırdı. Sonra növbətçi rəisə gördüklərimi məruzə etmək üçün geri dönüb getmək istəyəndə ayağım ilişdi və yıxıldım... Bu dəhşətli idi... Şimidlin zirzəminin girişində yerə uzanmışdı, gözləri bərəlmişdi, ağzından köpük axırdı ... Qorxudan qışqırıb hamını oyatmaq, hamını səsləmək istədim, səsim boğazımda düyünləndi. Sonra ... Sonra bütün gücümü toplayıb var quvvəmlə qışqırdım... Göz qamaşdıran işıq yox oldu. Qapı da, qapının üstündəki köhnə qıfıl da yerindəydi...

Danışdıqca gözləri, üzü, daha da məsumlaşırdı. Titrəyən barmaqları gömgöydü. Hərdənbir dərinliyə dalıb yox olan gözləri göz qapaqlarının altından təhqiqatçı xanımın boynundan asdığı xaçda ilişib qaldı. Xəstənin halı dəyişdi. Sol gözü qıyıldı. Üzünün sol yanağı əsməyə başladı. Ağzını geniş açan xəstə sanki boğulurmuş kimi dərindən nəfəs aldı. Xanım təhqiqatçı cəld ayağa qalxıb həkimləri səsləmək istəyəndə 116 saylı ruhi xəstəxananın 117 nömrəli palatasında bayaqdan onun suallarına təmkinlə cavab verən B. S. qəfildən təhqiqatçının qolundan tutaraq xahiş etdi:

- Lütfən, həkimləri çağırmayın, mənə diqqətlə qulaq asın.

Təhqiqatçı miss Jasmin Qrandval qorxduğunu biruzə verməyərək dilləndi:

- Buyurun, mən sizi dinləyirəm, amma bir az sakitləşməyə çalışın. Zəhmət olmazsa, qolumu buraxın, yerinizə əyləşib sakitcə danışın.

B.S. titrəyən dodaqlarını miss Jasmin Qrandvalın sağ qulağına yaxınlaşdırıb pıçıltıyla dedi:

- Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin - Allahla yanaşı, məni və anamı da özünüzə Tanrı bilin? İsa cavabında deyəcək, sən pak və müqəddəssən, haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz! Əgər mən bunu demiş olsaydım, mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən. Mən isə sənin zatında olanları bilmirəm. Şübhəsiz, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: - Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər