30 İyul 2016 16:42
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum yazıçımız İsa Muğannanın bacısı, 77 yaşlı riyaziyyat müəllimi Svetlana Hüseynova “Hədəf” nəşriyyatı tərəfindən hazırlanan “İsa Muğanna – Ölümdən sonrakı həyat” kitabına görə müəlliflərə təşəkkür ünvanlayıb.

Teleqraf.com-a daxil olan məktubu təqdim edirik:

““Ölümdən sonrakı həyat” kitabında başda hörmətli prezindentimiz İlham Əliyev olmaqla, qardaşım haqqında ürək sözlərini deyənlərin hamısına minnətdaram.
Akademik İsa Həbibbəyli, çox sağ olun, sizin “Bütövlükdə İsa Hüseynov əsərləri ilə çətin ideoloji mühit çərçivəsində də ciddi yazıçı sözü deməyin mümkünlüyünü isbat edə bilmişdir” – sözləriniz məni ağlatdı. Bunun gerçək həyatda necə gərginliklə reallaşdığının şahidi olmuşam. Tələbə idim, İsa qağamgildə olurdum. Qağamın hansısa əsərini iclasda ağır tənqid etmişdilər. Evdə hamımız bilirdik. Qağam işdən gəldi, sakit, mehriban idi. Süfrə açıldı, yeməyə oturduq. Qağamın əlinin əsdiyini gördüm, gözlərimdən yaş sel kimi axmağa başladı. Özümü mətbəxə saldım.

İsa Muğannanın əsərlərinə onun gözü ilə baxdığı üçün Şamil Sadıqova can sağlığı, bütün işlərində, araşdırmalarında uğurlar arzulayıram.

Əziz Sevinc, körpən qədər sevdiyin Atana Allah rəhmət eləsin. Biz İsa qağamdan kiçik olan dörd bacı və iki qardaş onu dünya qədər sevirdik. Bir dəfə sizə getmişdim. Onda artıq iki əmini və iki bibini itirmişdik. Görüşdük, oturduq. Qağam astaca: “Bacı, Omar da Pirvəli də bir yerdədirlər, çox yaxşıdırlar, darıxma”. Sevinc, sənin atan böyük yazıçı olmaqdan başqa, həm də çox gözəl qardaş və ata əvəzi idi.

Anar müəllim, mən 1956-1961-ci illərdə qardaşımgildə qalaraq ali məktəbdə oxuyurdum. Qardaşım həyat yoldaşı ilə birlikdə axşamlar dəniz kənarına gəzməyə çıxırdılar. Mən onun yazı stolunun üstündə redaktə etdiyi əlyazmaları gizlicə oxuyurdum. Bir dəfə soruşdum ki, “Anar kimdir?”, dedi – “tələbədir, necə, yazısı xoşuna gəldimi?”. Dedim – “hamısını oxudum, çox yaxşıdır”.

Hörmətli Sabir Rüstəmxanlı, çox sağ olun, “Doğrudan da, İsa Muğanna bizim gəncliyimizn İdealı idi”. “Məşhər” kitabı yenicə çıxmışdı, biz yaylaqda dincəlirdik. Bacı-qardaş kitabı bir-birimizdən oğurlayaraq çox maraqla oxuyurduq.

Allah sənə rəhmət eyləsin, Zəlimxan Yaqub:

Dayanmışdı yağış, külək,
Dayanmışdı çərxi-fələk,
Yaş tökürdü göydə mələk,
Yerdə insan ağlayırdı.

Sənin üçün də bütün ellər ağlayırdı, əziz Zəlimxan.

Orhan Aras, əzizim, çox böyük məhəbbətlə yazdığın məqaləni oxudum, çox təsirləndim. Bəli, İsa Muğanna müharibənin dəhşətlərini yeniyetmə vaxtında da, müharibədən sonrakı illərdə də çiyinlərində hiss edib.
O iki bacının (ana və xalasının) altı qızını, iki oğlunu oxudub. Yoldaşı Füruzə bacı da onunla bərabər bizim əziyətimizi çəkib. Orxan, sənin gözəl qızını və Afaqını öpürəm.

Hörmətli, Abbas Abdulla, Əsəd Cahangir və Zahir Əzəmət. Hər üçünüzə təşəkkür edirəm, qağamın povestləri, hekayələri çıxanda qardaşım Omarla hamıdan əvvəl oxuyurduq. Mən deyirdim “Omar, mən oxuyub bitirdikdən sonra hansı əsər, hansı hekayə olursa-olsun, örtüb ağlayıram. Bu nədir?” Omar gülümsünərək deyirdi: “Bax bu fəlsəfədir”.

Həqiqətən, dərdi içəridə qalmağa qoymayan, dərk etdirib və göz yaşı kimi çıxardıb qovan fəlsəfədir. Qağamın “imtinasını” eşidəndə onlara getdim, dedim: “Qağa, mən bir oxucu kimi bu imtinanı qəbul etmirəm. O əsərləri bəzən ikinci-üçüncü dəfə oxuyuram. Orada bütün kəndimizin əhalisini, qohumları görürəm”.

Qağam dedi: “Yenidən oxuyacaqsan”. Əsərləri altı cilddə yenidən çıxanda müəllif imzası ilə hədiyyə verdi. Əvvəlcə “Dan Ulduzu”nu, hekayələri oxudum. Çox yaşlıyam, oxuduğumu da artıq yadda saxlaya bilmirəm. Amma “Kollu koxa”dakı Cında qarı yadımdan çıxmır. Hörmətli Əsəd Cahangir dediyi kimi, mən də İsa Muğannanın düşüncəsinin birinci qatındayam, Allah ömür versə, ikinci qata çıxacağam, inşallah.

Hörmətli, Kəmalə qızım, Ananıza Allah rəhmət eyləsin. İsa Hüseynovun oxucuları çox olub. Hamı qəzet və məktub vasitəsi ilə bunu bildirsəydilər, bəlkə də, yüz yaşına qədər yaşayardı.

Hörmətli, Mehman Q: “O əsərləri ilə sözün klassik qatına vardı, əvəz olunmaz tablolar yaratdı” – sözləriniz ürəyimi dağa döndərdi. Kaş cavan ikən onu belə təsdiqləyənlər çox olaydı

Hörmətli, Dilqəm Əhməd, qardaşımı yad etdiyiniz üçün çox sağ olun.

Müşfiq Xan, nənəniz Aliyə xanıma salam deyərsiniz. Sizə can sağlığı arzu edirəm. Nənə-bala bir-birinizə sarılmağınız məni çox kövrəltdi. Bu, İsa Muğannaya olan böyük sevginizdəndir.

Hörmətlə, “İsa bacısı S.Hüseynova”.


Müəllif:

Oxşar xəbərlər