14-15 oktyabr tarixində Alman-Azərbaycan Mədəniyyət Birliyi-“Kapellhaus”da “Payız palitrası” adlı VI əl işləri festivalı təşkil ediləcək. Bu barədə Teleqraf.com-a festivalın təşkilatçılarından olan Könül Allahverdiyeva məlumat verib.
Festivalda müxtəlif texnika ilə işlənmiş tətbiqi sənət nümunələri, o cümlədən bədii yonma, naxış, keramika, xalçaçılıq məmulatları, zərgərlik əşyaları, sandıqçalar və sairə təqdim olunacaq. Festivalda işləri nümayiş olunacaq insanları incəsənətə və yaradıcılığa olan sevgi birləşdirir.
Könül Allahverdiyevanın sözlərinə görə, festivalda müxtəlif əl işlərinin satışı da həyata keçiriləcək: “Siz festivalda iştirak etməklə həm özünüz üçün, həm də əzizləriniz üçün hədiyyə kimi ala bilərsiniz: təbii sabunlar və kosmetik vasitələr milli gəlinciklər tilda, toxunma, keçə, gildən olan oyuncaqlar, ev üçün hər cür dekor aksessuarlar, mətbəx üçün maraqlı dekorlar, yağlı və akvarel boya ilə işlənmiş rəsmlər, keramika, süşə qablar üzərində işləmələr, vitraj ağacdan oyma işləri, klassik, Şərq üslublu bijuteriyalar, makrame toxunuşlu və polimerdən bəzək əşyaları, dekupaj üslublu dekorlar, muncuqlardan gül çələngləri, saç düzümləri üçün polimer güllər və gül çələngləri və sairə. Burada siz həm də yaradıcılıq dərnəklərinə də yazıla bilərsiniz”.
Festivalın digər təşkilatçəısı Təranə Cəfərovadır. Festivala giriş sərbəstdir.
Sevinc