Ötən gün Opera və Balet Teatrının rəhbərliyi teatra qarşı səslənən ittihamlara cavab olaraq bəyanat yaydı.
Məlumatda xalq artisti, xoreoqraf, baletmeyster, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Mədinə Əliyeva ilə bağlı bəzi fikirlər qeyd olunub: “Sahib olduğu bütün fəxri ad və titulları, mükafatları, təqaüdləri Opera və Balet Teatrı rəhbərliyinin təqdimatı ilə əldə edən M.Əliyeva 2010-cu ildə balet artisti kimi fəaliyyətini başa vurmuş, öz istəyi ilə teatr rəhbərliyi tərəfindən onun balet truppasında repetitor kimi fəaliyyət göstərməsinə imkan yaradılmışdı. Teatrda fəaliyyət göstərdiyi illər ərzində hər bir istəyi yerinə yetirilən Mədinə Əliyeva ötən il Xalq artisti Kamilla Hüseynovanın balet truppasına baş baletmeyster vəzifəsinə təyin edilıməsi ilə nədənsə heç cür barışmaq istəməyərək teatr rəhbərliyinə etirazını bildirmişdi. Yüksək ambisiyalarla yaşayan M.Əliyeva bu vəzifədə yalnız özünü görürdü.
Rəhbərlik onun bu istəyini yerinə yetirməyincə öz xahişi ilə nümayişkaranə şəkildə işdən azad olunmaq haqqında ərizə yazaraq teatrı tərk etmişdi. Hələ 1997-ci ildə M.Əliyeva truppanın aparıcı solisti olarkən teatr rəhbərliyi ona eyni zamanda, baş baletmeyster vəzifəsi də həvalə etmişdi. Lakin cəmi 1 il 2 aydan sonra o vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə müraciət edərək bu vəzifədən imtina etmişdi.
Həmçinin ötən il Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifəsində də cəmi bir neçə ay fəaliyyət göstərmiş və oradan da özü uzaqlaşmışdı. Belə olan halda onun yenidən rəhbər vəzifə iddiasında olması təəccüb doğurur”.
Teleqraf.com Mədinə Əliyava ilə əlaqə saxlayıb, onunla bağlı səslənən fikirlərə münasibət öyrənməyə çalışıb.
-1997-ci ildə mən teatrda aparıcı solist idim.Onlar mənə baş baletmeyster vəzifəsini həvalə etmək istədilər. İki işi eyni vaxtda yerinə yetirə bilməzdim. Ya vəzifəni, ya da rəqsi seçməli idim. Mən də rəqsi seçdim və 25 il səhnədə qaldım.
Bəyanatda bildirilir ki, guya yüksək ambisiyalarla yaşamışam. 9 il teatrda məndən başqa aparıcı solist olmayıb. 90-cı illərdə hamı teatrdan getmişdi. Mən tək aparıcı solist kimi tamaşalarda rol alırdım. Deyirlər guya Kamilla Hüseynovanın balet truppasına baş baletmeyster vəzifəsinə təyin edilməsi ilə barışmayaraq teatrdan uzaqlaşdım. Xeyr, mən buna görə teatrdan çıxmadım. Mən onun teatrda qeyri-peşəkar iş aparması ilə razılaşmadım və ərizə yazıb işdən çıxdım.
- Teatrdan deyirlər siz Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifəsində də cəmi bir neçə ay fəaliyyət göstərmisiniz və oradan da uzaqlaşmısınız.
-Məni Akademiyada rəhbər vəzifəsinə heç kim təsdiq etməmişdi. O Akademiya açılanda məndən xahiş etdilər ki, kömək edim. Bu məqsədlə yarım il bədii rəhbər vəzifəsində işlədim, buna baxmayaraq, vəzifəyə təsdiq olunmadım. Mən biləndə ki, vəzifəyə təsdiq olunmamışam, işdən çıxdım. Ondan başqa mənə rektor bildirdi ki, sən seçim etməlisən: ya Opera və Balet teatrında işləməlisən, ya da Akademiyada. Əlbəttə, mən Opera və Balet Teatrını seçdim.
Kamilla Hüseynova isə həm Opera və Balet teatrında, həm də Bakı Xoreoqrafiya Akademiyasında çalışır. Bəs niyə Kamilla Hüseynovanı belə bir seçimlə üz-üzə qoymurlar? Əgər bu qayda varsa, o, hamı üçün eyni olmalıdır.
O qız karyera qurur. İki ildən sonra Opera və Balet Teatrından uzaqlaşacaq. Nə istəyirlər yazsınlar, onsuz da hamı hər şeyi bilir.
Yazırlar ki, Kamilla Böyük Teatrda təcrübə keçib, halbuki ongünlük məzuniyyətdə olub. Mən 1984-85-ci illərdə bir illik, 2010-cu ildə isə yarım il təcrübə keçmişəm. Ongünlük isə məzuniyyətdir, təcrübə deyil.
-Mədinə xanım, belə başa düşdük ki, Kamilla xanımla münasibətləriniz əvvəllər də gərgin imiş.
-Bəli. Çünki o deyir ki, mən oynayanda hamı oynamaq istəyirdi. İndi getsin oynasın. O qızın hələ 40 yaşı yoxdur. Oynasın da, səhnə boşdur, niyə oynamır?
Ümumiyyətlə, məni səhnədən rəhbərlik uzaqlaşdırdı. Yoxsa indi də qalardım. Mən uzaqlaşan kimi bunlar da səhnədən itdilər.
-Teatrdan uzaqlaşacağınızı deyəndə rəhbərlik sizi bu fikrinizdən yayındırmağa çalışdımı?
-Direktor bizə bildirdi ki, maaşlarınız kəsiləcək. Guya biz çox maaş alırıq, guya pensiyalarımız artıb. Mən maaşımın kəsilməsinə etiraz etdim. Teatrda heç bir perspektiv yoxdur. Mənim Belarusda quruluş verdiyim balet tamaşaları səhnədə oynanılır, amma burda tamaşa qoya bilmirəm.
-Tamaşa hazırlamaq istəyinizi teatra bildirmisiniz?
-Onlar elə fikir yaradırlar ki, guya mənim Belarusda tamaşa hazırladığımı bilmirlər. Halbuki Belarusdan həm teatra, həm də nazirliyə məktub gəlib. Məktubda mənim tamaşalarımdan razılıq ifadə edilib.
Bilirsiniz, teatrda hər kəs “özümüzün” və “kənar” kateqoriyasına bölünür. Sən çox istedadlı ola bilərsən, amma “özününkü” deyilsənsə, heç bir uğur qazana bilməyəcəksən. Hər sözü də rəhbərliyə çatdırırlar, intriqa yaradırlar. Başa düşmürsən ki, teatra işləməyə gəlirsən, yoxsa bu şəraitdə yaşamağa? İnsan nə qədər dözə bilər? Nəhayət, yorulursan.
Söhbət maaşdan getmir, elə vaxtlar olub ki, teatrdan 18 “şirvan” almışam, amma qalıb işləmişəm.
O vaxtlar mənim ifa etdiyim “Qız qalası” tamaşasından sonra Heydər Əliyev tapşırıq verdi ki, bizim maaşlarımız bir dəfəyə beşqat artırılsın. Bu, indi hamının yadından çıxıb.
-Mədinə xanım, bəs hazırda nə işlə məşğulsunuz?
-Belarusdan yenə təklif almışam. Amma hələ ətraflı məlumat vermək istəmirəm. Orda “Kleopatra” tamaşasını qoyub, Bakıya qayıdandan sonra mənə dedilər ki, bizim teatrda da bu tamaşa hazırlanacaq. Amma başqaları quruluş verəcək. O da bunların mənə təbriki idi.
Təkliflər var və yəqin ki, onların üzərində düşünəcəm.
Nərmin Muradova