- Əsl soyadınız necədir?
- Azər Qəribov! Amma mən gedib babalarımın qəbirlərini tapmışam və görmüşəm ki, orda ərəb hərfləri ilə soyadımız Qəribzadə yazılıb. Ona görə də övladlarımda Qəribzadə soyadını bərpa etmişəm.
- “Qərib Azər”, daha sonra “Oralar” telelayihələrinə başlamağınıza nə təkan verdi?
- Səyahət etməyi uşaqlıqdan sevirdim. Ürəyimdə də jurnalistika peşəsinə maraq var idi. Bu iki qüvvə birləşdi və bu telelayihələrə gətirib çıxardı.
- Ölkənin ilk səyahət verilişinin müəllifi olmaq necə bir hissdir?
- Ümumiyyətlə, hər sahədə birinci olmaq qürurvericidir.
- İndiyə kimi neçə ölkədə olmusuz?
- 86!
- Hamısı işlə bağlı səyahətlər olub?
- Telelayihəni başlayanda mənim 40 yaşım var idi. Təbii ki, 40 yaşıma kimi artıq çox ölkəyə səyahət etmişdim.
- Bəs elə bir ölkə varmı ki, orda olmaq hələ də ürəyinizdə qalıb?
- Mən bütün dünyanı gəzmək, bütün ölkələrdə olmaq istəyirəm. Latın Amerikasına ayağım dəyməyib, Avstraliyada, Yeni Zellandiyada olmamışam. “Oralar” qalıb...
- Elə bir yer varmı ki, orda özünüzü qərib hiss etməyəsiniz?
- Mən hər yerdə yadam, qəribəm. Ancaq öz ölkəmdə, öz kəndimdə və doğma şəhərimizdə yadlıq hiss etmirəm...
- Deyirlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı... Bu, düz fikirdir?
- Onu öləndən sonra deyə bilərəm... (Gülür) Gəzməyə qərib ölkə də yaxşıdır, vətənimiz də yaxşıdır. Əfsuslar olsun ki, mən öz ölkəmizi kifayət qədər tanımıram. Hər bölgəsində olmamışam. Bütün Azərbaycanı qarış-qarış gəzmək istəyirəm.
- Məsələn, hansı rayonda olmamısız?
- Çoxunda...
- Səyyah kimi təcrübəniz böyükdür. Əcnəbilərdə olan nə bizdə, bizdə olan nə onlarda yoxdur?
- Hər xalqın öz adət-ənənəsi, öz mədəniyyəti və davranış qaydaları var. Məsələn, bizdə qanunlara qarşı laqeyd münasibət var, hansı ki, xaricdə yoxdur. Avropa xalqlarından bizi ayıran da elə budur. Onlar öz qanunlarına daha ciddi yanaşırlar. Biz başqalarından qanunların icra edilməsini tələb edirik, amma özümüz qanunlara yuxarıdan aşağı baxırıq. Məsələn, adicə yol hərəkəti qaydaları... Zebra olmayan yerdən yol keçmək olmaz. Bunu bilirik, amma yenə də öz bildiymizi edirik. Hərdən özümə qıraqdan baxıram ki, başqasına rişxənd edirəm, amma özüm də həmin səhvi edirəm. Belə deməyimə baxmayın, mən özüm də zebra olmayan yoldan keçə bilərəm...
- Ən səmimi insanlar hansı ölkənin vətəndaşlarıdır?
- Asiya tərəfdə insanlar daha istiqanlı, mülayim və səmimidirlər. Bir var süni səmimiyyət, bir də var həqiqi. Asiyada mən sünilik görməmişəm. Malayizya, Tayland, Sinqapurun səmimi insanları unudulmazdır. Avropada isə soyuqluq var.
- Bəlkə bu sizin Avropaya yox, məhz Şərq mədəniyyətinə yaxın bir ölkənin vətəndaşı olmağınızdan irəli gəlir?
- Ola bilər...
- Ekranlara qayıtmaq planı var?
- Bu məndən asılı deyil. Gərək kanallar bunun marağında olsun.
- Bəs siz kanalları maraqlandırmaq üçün cəhd eləyirsinizmi?
- Yox, mən artıq cəhd eləmirəm. Açığı, bu dəqiqə efirdə olmasam da, işim məni qane edir. Mən yenə də səyahətə çıxıram, kamera, operator, mantajçı olmadan da telefona çəkiliş edirəm, paylaşıram. Xeyli sayda izləyicim də var. Düzdür, istəyim var ki, nə vaxtsa televiziyaya qayıdım. Qayıdardım... Amma gecə-gündüz bunun üçün çalışıb lobbist fəaliyyəti göstərmirəm. Ola da bilər, olmaya da.
Məncə, hər özünə hörmət qoyan televiziyanın heç olmasa bir səyahət verilişi olmalıdır. Bu həm rəqabətə çıxarır, həm verilişlərin səviyyəsini artırır. Lakin indiki sponsorları verilişin içi maraqlandırmır. Düşünürlər ki, 5 manat verib xərcə düşüb kimisə xaricə göndərməkdənsə, 2 manat verərəm, yüngülvari bir verilişin sponsoru olaram. O da gərək qalmaqallı, reytinqli veriliş olsun ki, adım daha çox səslənsin.
- Bir dəfə dediz ki, prezident də mənim tamaşaçım olub: “O mənə dedi ki, çoxdandır efirdə görünmürsünüz...“
- Bəli, olub belə bir şey... Tədbirlərdən birində gördüm ki, cənab prezident İlham Əliyev mənə sarı baxdı. Mən də ona yaxınlaşdım. Şəkil çəkdirmək istədiyimi bildirdim. O da “mən sizi tanıyıram, sizin verilişə baxmışam" - dedi. Bu məni çox sevindirdi. Əgər ölkə başçısı sənin tamaşaçındırsa, bu, qürurverici hissdir.
Bu il isə görüş zamanı prezident mənə "son zamanlar nəsə ekranlarda görünmürsüz?!” – dedi.Cənab prezidentimizə bildirdim ki, mən artıq internetdə fəaliyyətimi davam etdirirəm.
- Bəs elə bir insan var ki, görüşmək istəmisiz, amma hələ alınmayıb?
- Mənim bir layihəm vardı. “5 o`clock”. Həmin formatda bir veriliş edərdim. Siyasətçilərlə siyasətçi kimi yox, adi bir insan kimi görüşüb müsahibə almaq istəyərdim. Onlar kabinetdən çıxıb öz evlərinə qayıdanda necə olurlar?! Bunu araşdırmaq üçün tanınmış siyasətçilərlə görüşərdim. Siyasətə marağım var, ama ictimailəşdirmək fikrim yoxdur.
- Ad günlərinizi niyə ölkədən kənarda keçirməyi xoşlayırsız?
- Çünki daha ucuz başa gəlir. (Gülür)
- Milli mətbəx, yoxsa əcnəbi?
- Mən xaricə gedəndə bir doğmalarım üçün darıxıram, bir də mətbəximizçün. Düzdür, kaprizli insan deyiləm. Amma elə ölkələr olur ki, oranın yeməkləri məni qane eləmir.
- Azərbaycandan sonra 2-ci mətbəxini bəyəndiyiniz ölkə hansıdır?
- Rumınya, Sloveniya, Xorvatiya, Macarıstan. Bunların mətbəxini özümüzünkü qədər olmasa da, sevirəm.
- Gəzməyə gedəndə buna iş kimi baxırsınız, yoxsa həqiqətən dincələ bilirsiniz?
- Gəzmək özü elə dincəlməkdir də. Fiziki olaraq yorulursan, amma mənəvi cəhətdən dincəlirsən, mühiti dəyişirsən, başqa mədəniyyətləri görürsən, yeni insanlarla tanış olursan və s.
- Səyahətə gedəndə ailənizdən kimisə aparırsınız, yoxsa bu, sırf işdir?
- Əvvəllər kiçik oğlumu tez-tez aparırdım. İndi isə o da böyüyüb. Tək gedirəm. Mən tək olanda darıxmıram.
- Azərbaycanlılar özlərini xaricdə necə aparırlar?
- Burda özünü yaxşı aparan, elə orda da özünü yaxşı aparır. Özünü apara bilməyən isə heç yerdə apara bilmir.
- Bir ölkənin davranış qaydaları, adi jestlər başqa ölkənin qaydaları ilə düz gəlmir. Bu, çətinlik yaratmır ki?
- Mən, ümumiyyətlə, hansısa ölkəyə getməzdən əvvəl həmin ölkənin mədəniyyəti, maraqlı adət-ənənələri barədə məlumat yığıb sonra gedirəm. Məsələn, Taylandda uşağın başını sığallamaq olmaz. Hansısa ölkədə qələbə anlamını verən şəhadət və orta barmağımızla göstərdiyimiz bir əl işarəsi, başqa ölkədə tamam yanlış məna verir. İnternetdə bunların hamısını əvvəlcədən öyrənmək olur.
- Bakı Media Mərkəzində media eksperti vəzifəsində işləyirsiz?
- Bəli! 10 il səyahətlə bağlı veriliş aparmışam. Otel və uçuşlar sistemini bilirəm, turizm və səyahət sahəsində kifayət qədər bilgim var. Mən şərəf duyuram ki, ora məni ekspert kimi dəvət ediblər.
- İmicinizi formalaşdırmağa bu səyahət proqramları kömək etdi, yoxsa real həyatda da belə idiniz?
- Belə? Yəni necə? (Gülür)
- Belə! Yəni tam səyyah görünüşü, kompleksiz şortiklər, şlyapalar, sərbəst gənc turist imici...
- Şortik veriliş olsaydı da geyinəcəkdim, olmasaydı da! Bu mənim real imicimdir.
- Səyahət etməyi sevməsəydiniz, necə bir veriliş aparardınız?
- Mən vəzifə, kabinet, mandat həvəskarı deyiləm. Bunlardan tam uzaq adamam. Amma böyükmiqyaslı, vizual, yaradıcı layihələr etmək istəyərdim.
- Deyirlər ki, Azərbaycan get-gedə avropalaşır?!
- Bəli, müasir qaydalar, adət-ənənələr sürətlə yayılır. Köhnə dəblər unudulur. Bu özü bir proqressdir. Doğma Qəbələdə vaxt vardı oğlanla qız yanbayan gedə biməzdi, qızlar qısa geyinə bilməzdi, oğlansız kinoteatra gedə bilməzdi, bir xanım tək gedib kafedə əyləşə bilməzdi. Vaxt vardı Bakıda opera rollarını kişilər oynayırdı, çünki qadın aktrisa yox idi. Mənim anam qadın gimnaziyasında təhsil alırdı. O binaya bir nəfər oğlan buraxılmazdı.
- “Avropalaşmaq” sözünü biz düz başa düşürük?
- Çox vaxt yox. Məncə, ən çətin məsələ sintez edə bilməkdir. Gərək həm avropalaşasan, həm də milli dəyərləri itirməyəsən. Bunun tarazlığını tapa bilirsənsə, cəmiyyət inkişaf edir. Hər şeyin çoxu pisdir. Nə çox dədə-baba adətində qalmaq düzgündür, çünki onda irəliləyə bilmirsən, “geridə qalmış” deyirlər. Nə də həddən çox avropalaşmaq lazımdır, çünki milliliyini itirdinsə, hər şey mənasızdır. Amma hələ də ailələr var ki, qızını oxumağa buraxmır ki, sonra alan olmayacaq.
Hərdən köhnə vaxtlar üçün darıxıram. Amma mən köhnə vaxtları, Sovet dövrünü yada salanda nə kommunist partiyasını düşünürəm, nə də Brejnevi! Yalnız öz gəncliyimçün darıxıram, nostalgiya yaşayıram. Bu o demək deyil ki, mən Sovetin geri gəlməsini istəyirəm. Belə başa düşənin düşüncəsində qüsur var...
Fotolar: Elçin Murad