8 Avqust 2017 17:00
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaradıcı Qadınlar İctimai Birliyi (YQİB) Rəssamlar İttifaqının dəstəyilə mütəmadi olaraq bu tip sərgilər keçirir. Bu dəfə biz bir az qəmgin idik. Çünki Xumar Zülfüqarova yanımızda yox idi.

Bu sözləri xoreoqraf, rəssam, dünən növbəti yay sərgisini təşkil edən YQİB-in sədri Afaq Hüseynova Teleqraf.com-a açıqlamasında deyib.

O, sərginin bir hissəsinin ötən ay dünyasını dəyişmiş görkəmli rəqqas, baletmeyster, xalq artisti Xumar Zülfüqarovaya həsr olunduğunu bildirib:

“Sərgi bütövlükdə Xumar xanıma həsr olunmasa da, təşkil etdiyimiz yay sərgisinin tərkibində onu da yad elədik. Bir köşəni məhz onun həyat və yaradıcılığı üçün ayırmışdıq.

Xumar Zülfüqarova Opera və Balet teatrında çalışıb, Bakı Xoreoqrafiya Akademiyasında dərs deyib. O, öz tələbələrinə həm azərbaycan milli rəqslərini, həm də beynəlxalq rəqsləri öyrədirdi. Fəaliyyət göstərdiyi 70 ilə yaxın bir müddətdə Xoreoqrafiya Akademiyasının bütün tələbələri ondan dərs alıb, əksər xalq artistləri məhz onun tələbəsi olub. Mən özüm də Xoreoqrafiya Akademiyasını bitirmişəm, mən də onun tələbəsiyəm. O adam enerji qaynağı idi. Muğamı əzbər bilirdi. Deyirdi ki, rəqslərimizi dərk etmək üçün birinci muğamı bilmək lazımdır”.

Rəssamlar İttifaqında baş tutan sərgiyə Türkiyə, Pakistan səfirliyindən qonaqlar, deputatlar və müxtəlif təşkilatların əməkdaşları təşrif buyurublar.

Xatırladaq ki, Xumar Zülfüqarova iyulun 2-də dünyasını dəyişib. 90 yaşında vəfat edən Azərbaycan səhnəsinin bir çox parlaq ulduzlarının müəllimi, Respublikanın yüzlərlə xalq və əməkdar artistinin peşəkar pedaqoqu Xumar Zülfüqarova 1945-1966-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub.


Müəllif: Könül

Oxşar xəbərlər