“Cənazə işləri” adlı türk filmi sentyabrın 14-dən etibarən Azərbaycan kinoteatrlarında nümayiş olunacaq.
Bu barədə Teleqraf.com-a filmin ssenari müəlliflərindən biri və rejissoru Korhan Uğur məlumat verib. O bildirib ki, “Cənazə işləri” söyüşsüz, əyləncəli, ailəliklə izlənə biləcək filmdir.
“Sayqın Film” və “Serpil Altın Film”in istehsalı olan filmin prodüserləri Serpil Altın, Mustafa Sayqındır. Rejissor Korhan Uğur Azərbaycan tamaşaçısına “Tərkedilmiş”, “Qız qaçıran” filmləri ilə yaxşı tanışdır.
Film bələdiyyədə cənazə işləri vəzifəsində çalışan Orxanın başına gələn hadisələrdən bəhs edir. O həmçinin kimsəsizlər qəbiristanlığına da cavabdehdir. Sevgilisi Serpil ilə evlənmək istəsə də, maddi durumu buna imkan vermir.
Günlərin bir günü dostu Rafət bir cəsədi aradan qaldırmaq üçün Orxanın yanına gəlir. Pul qarşılığında cəsədi kimsəsizlər qəbiristanlığında basdırmağını istəyir. Orxanın vicdanı rahat deyil, amma alacağı pul onu Serpilə qovuşdura bilərdi. Orxan istəmədən də olsa dostunun təklifini qəbul edir. Amma cəsədi basdıran zaman adamın ölmədiyini görən Orxan başına nələrin gələcəyindən xəbərsizdi.
Filmdə Melih Selçuk, Cemre Melis Çınar, Suzan Aksoy, Ergun Kuyucu, Barış Kıralioğlu, Yüksel Ünal, Caner Atacan, Bedia Ener, Aydan Burhan, Halil Kumova çəkiliblər.