5 Sentyabr 2014 17:19
2 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" praktik təlim kursu layihəsini həyata keçirən Polşa kinematoqrafçıları ilə görüşüb. Tanınmış kino mütəxəssisləri Miroslav Dembinski və Maçyej Driqasın beynəlxalq layihəsi əsasında təşkil olunan kurslarda kino təhsili alan azərbaycanlı tələbələr və gənc rejissorlar iştirak edib.

Teleqraf.com xəbər verir ki, nazir ustad dərslərinin gedişi və təlim prosesi ilə yaxından tanış olub. Rejissor Maçyej Driqas layihə haqqında ətraflı məlumatı diqqətə çatdıraraq məşğələlərdə ərsəyə gələn filmlər, əldə edilən nəticələr haqqında danışıb. O, Polşa Kino Məktəbində təhsil, kino sənayesi və kinoprodüserliklə bağlı fikirlərini nazirlə bölüşərək bildirilib ki, Azərbaycanda kino sənayesinin inkişafı üçün çox əlverişli şərait var.

Əbülfəs Qarayev Polşa Kino Məktəbi ilə əməkdaşlıq barədə fikirlərini bildirib. Qonaqları gələn il Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edən nazir ölkəmizin dünyaya tanıdılması istiqamətində görülən işlərdən söz açdı. Ümidvar olduğunu bildirdi ki, "Bakı sübhdən günbatanadək" layihəsi Azərbaycanın sənədli filmlər vasitəsilə dünyaya tanıdılmasına, təbliğinə töhfə olacaq.

Nazir vurğuladı ki, ölkəmizdə yeni kinematoqrafiya məktəbinin formalaşdırılması bizim qarşımızda məqsəd olaraq qalır və dövlət bu işə öz dəstəyini verir. Gənc kadrların beynəlxalq təcrübələrə yiyələnməsi məqsədilə xarici kino mütəxəssislərin ölkəmizə dəvət edilməsi və azərbaycanlı kino mütəxəssislərinin dünya kino məktəblərində kurs keçmələri üçün şərait yaradılacaq.

Qeyd edək ki, polşalı kino mütəxəssisləri indiyədək beynəlxalq layihə çərçivəsində dünyanın müxtəlif şəhərlərində (Minsk, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi və s.) gənc rejissorlar üçün kurslar təşkil ediblər. 2014-cü ildə kurslar Hindistan, Türkiyə və Azərbaycanda keçirilir. Təlim və məşğələlərin keçirilməsi üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib. 20-dək gənc azərbaycanlı rejissorun cəlb olunduğu seminarlarda sənədli filmlərə baxış keçirilir, onlar təhlil edilir, çəkiliş metodları, filmin montajı və s. məsələlər müzakirə olunur. Nəticədə Bakı haqqında 60 dəqiqəlik sənədli film istehsal olunacaq. "Bakı sübhdən günbatanadək" beynəlxalq layihənin tərkib hissəsi kimi dünyanın müxtəlif kinofestivallarında, telekanallarda təqdim olunacaq.

Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

Avqustun 21-də başlanan təlimlər sentyabrın 6-da başa çatacaq.

İlhamə


Müəllif:

Oxşar xəbərlər