23 Sentyabr 2014 10:52
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Məhkumlar” filmindəki Əzizə obrazını yaradanda çox pis hislər keçirirdim. Çəkilişlərdən sonra uzun müddət özümə gələ bilmirdim”.

Bunu Teleqraf.com-a söhbətində əməkdar artist Kəmalə Müzəffər deyib. Onun sözlərinə görə, problemli qadın obrazlarını yaratmaq çətin və məsuliyyətli işdir:

“Qadın problemi çox sevdiyim mövzudur. Bu sahədə çox sayda problemlər mövcuddur. Təəssüf edirəm ki, bu barədə çox az yazılır. Yazılanlar da deyəsən ancaq mənə qismət olur. Amma fikir versəniz, Cəfər Cabbarlının yaradıcılığı bütünlüklə qadın problemlərini əks etdirir. Problemli qadınların həyatını oynayanda obraza çox qapılıram. Mehriban Ələkbərzadənin “Məhkumlar” filmindəki Əzizə obrazını yaradanda çox pis hisslər keçirirdim. Filmin sonunda qadında çürümə prosesi başladığından onu ikinci bölməyə aparırlar. O bölmədə artıq Əzizəyə yeməyi belə pencərədən verəcəklər. Əzizə orda öz ölümünü gözləyəcək.

Çəkilişlərdən sonra da mən uzun müddət özümə gələ bilmirdim. Mənə elə gəlirdi ki, o qadın həqiqətən var. Əslində belə bir xəstəlik varsa, mütləqdir ki, həyatda elə bir qadın da var. Hər zaman fikirləşirdim ki, görəsən o qadının axırı necə oldu? Bu sualı əksər oynadığım qadın obrazları haqda deyirəm. Yalnız “Qatarın altına atılan qadın”dan başqa. Onun sonu intiharla nəticələnir və bu tamaşada məlum olur”.

Nərmin


Müəllif: