10 Oktyabr 2014 17:04
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faiq Sücəddinov: "Onlar bəstəkar adı ilə xalqa sırınır"

Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov "Gündəlik Teleqraf"ın əməkdaşı ilə söhbətdə bir çox məqamlara toxunaraq diqqətçəkici fikirlər səsləndirib.

"Sanki kosmosa çıxıram"

"7 yaşından pianino çalıram. Uşaqlığım elə pianinonun arxasında keçib. Məşhur bir dirijorun sözünü xatırlatmaq istəyirəm: "uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayan adamın uşaqlığı olmayıb". Həqiqətən belədir: mən bir gözümlə küçəyə, o birisilə pianinoya baxmışam. Bütün həyatım belə keçib. İlk musiqi təhsilimi skripka sinfində almışam. 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil oldum, daha sonra təhsilimi Azərbaycan Pedaqoji Dillər İnstitutunda davam etdirdim. Sonra isə Milli Konservatoriyaya gəldim. Bilirsiniz, məni musiqiçi olmağa Üzeyir Hacıbəyovun musiqisi ruhlandırıb. Onun yazdığı himnə qulaq asaraq böyümüşəm. Tofiq Quliyevin, Qara Qarayevin , Fikrət Əmirovun musiqiləri məni musiqiçi kimi yetişdirib. Bəstəkarlıq çətin sənətdir. Musiqi bəstələmək, onu ifa etmək üçün insanın zövqü, biliyi olmalıdır. Bəstəkar mahnı bəstələyəndə sanki kosmosa çıxır. Mahnı bəstələyənlər çoxdur, pianino çalmaq, onu dərindən bilmək ayrı aləmdir. Yalnız mahnı bəstələməklə iş bitmir. Simfoniya, opera, operettanı bəs kim yazmalıdır? Bu gün Bakıda çoxlu sayda bəstəkarlar peyda olub. Amma iri həcmli əsərlər yazan bəstəkarlar azdır. Çünki camaatın belə musiqilərə marağı demək olar ki, yoxdur. Üstəlik də bəstəkarların həmin əsərləri il ərzində yalnız hansısa festivallarda, qurultaylarda çalınır. Ondan savayı əsərlər başqa heç yerdə səslənmir. Əvvəllər mexanizm işləyirdi. Bilirsiniz ki, bir müddət mən Simfonik Orkestrın bədii rəhbəri olmuşam. Əsərləri Bədii Şura bəstəkarlardan alaraq onları təşkilatlar üzrə ayırırdı. İndi mexanizm itib, Bədii Şuralar yoxdur, orkestrların sayı azalıb. Bu gün bir Simfonik Orkestr var, onlar da hər əsəri çalmır. Üstəlik, onun konsert proqramında Qərb bəstəkarlarının əsərlərinə çox yer ayrılır. Bir də deyirəm, Azərbaycan bəstəkarlarının əsərləri ancaq musiqi günündə, festivallarda, qurultaylarda çalınır. Bəstəkar o vaxt məhsuldar işləyir ki, ona sifariş verirlər".

"Çoxları bilmir ki..."

"Əsərlərim arasında piano və simfonik orkestr üçün konsert, simli kvartet, pianino və kamera orkestri üçün konsert, xor və simfonik orkestr üçün "Atatürk" odası, müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyalarım var. Bu, təcrübə ilə gələn, doğulanda verilən vergi, zəhmətin, iç dünyandır. Yaxşı musiqi yazmaq üçün insanın zəngin dünyagörüşü, ağlı, savadı olmalıdır. Mən 1981-cı ildən mahnı bəstələyirəm. Bəstələdiyim musiqilər hər yerdə oxunur, sevilir. Siz hər gün o mahnıları eşidirsiniz, toylarda gənc müğənnilər ifa edirlər. "Mən səni axtarıram", "Ay sevgilim", "Gəl, üzmə məni" və s. mənim mahnılarımdır. Ancaq çoxlarının xəbəri yoxdur ki, onları mən bəstələmişəm".

"Özlərini bəstəkar adlandırırlar"

"Bu gün bir çoxu özünü bəstəkar adlandırır və televiziyalar, radiolar, ümumiyyətlə, media belələrini bəstəkar adı ilə cəmiyyətə sırımağa çalışır. Belə çıxır ki, özünü bəstəkar adlandıran və ona bu adla müraciət edənlər də eyni səviyyəlidirlər. Bu gün ağıllı adamı heç kim yaxına buraxmaq istəmir. Halbuki, musiqi ilə milləti tanıyırlar, hörmət edirlər. Gürcülər, ermənilər və başqaları bizim mahnılarımızı oğurlayıb öz adlarına çıxarırlar. Mahnılarımızın qədrini bilməliyik. Onların disklərini çıxarıb başqa ölkələrə göndərməliyik. Müğənnilərimiz xarici efirlərdə, səhnələrdə çıxış etməlidir. Biz öz musiqilərimizə sahib çıxmaq üçün onları ilk növbədə təbliğ etməliyik. Musiqimizi yeni aranjemanda, yeni fikirdə təqdim etməliyik. Nə qədər musiqi insanların qəlbində, qulağında yaşasa da, istər-istəməz nəsil dəyişdikcə onu təkrarən xatırlatmaq lazımdır".

"Gəl, mahnımı oxu"

"Bizim müğənnilər Bakı toylarında cəmləşib, mahnılarımız da səpələnib, başqaları bir-bir onları yığışdırıb mənimsəyir. Gənc müğənnilər özləri yazıb, özləri də oxuyurlar. Elə olan təqdirdə mən nə etməliyəm? Deməliyəm ki, gəl, mahnımı oxu. Bunu etmərəm. Çünki özümə kifayət qədər hörmət edirəm. Oxuduqları mahnılar kimi özləri də bu sənətdə müvəqqətidir. Mən hər zaman mahnı bəstələyirəm. Şərt deyil ki, kimin üçünsə mahnı bəstələyim. Bu, olmaya da bilər. İndi daha çox özüm üçün mahnı bəstələyirəm. Müğənnilərə vermədiyim o qədər mahnılarım var ki... Şou-biznesdən kənara çəkilmişəm. Onlar mənə, mən də onlara toxunmuram. Bir sözlə, onlar məndən, mən də onlardan uzağam. Filmə musiqi yazıram, televiziyadan sifarişlər alıram. Bizdə çox pis vərdiş yaranıb. Müğənnilər oxuduqları mahnıları yaşatmırlar. Buna görə də bəstəkarların da hansısa ifaçıya təqdim etdiyi mahnını bir müddətdən sonra başqa müğənniyə vermək haqqı var".

Konsert

"Hər bir bəstəkar konsert verdiyi zaman xoşbəxt olur. Mən də həmçinin. Ötən ilin fevral ayında Bəstəkarlar İttifaqının konsert zalında bir konsertim baş tutdu. Böyük ustadların yanında hesabat konserti verdim. Bu, çox gözəl hisslər idi. Eləcə də, 2006-cı ildə Filarmoniyada verdiyim sonuncu konsertimi xatırlayıram. O zaman nazir Polad Bülbüloğlu idi. Konsertlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim, nazirlik də xahişimi yerinə yetirdi. Konsertin birinci hissəsində iri həcmli, ikinci hissəsində isə estrada janrlı əsərlərim səsləndi. Bütün biletlər də satılmışdı".

Nərmin


Müəllif:

Oxşar xəbərlər