16 İyun 2021 12:10
4 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç Teleqraf.com-a müsahibə verib.

Əvvəli burada

Müsahibənin ikinci hissəsini təqdim edirik:

- Vətən müharibəmizdən bəhs edən film çəkmək fikriniz varmı?

- Son ilə kimi Azərbaycan torpaqlarını itirmiş bir məmləkət idi, filmlərimizdə ümid verən, "biz qayıdacağıq", "gələcək bizimdir, qələbə bizimlə olacaq" və sair bu kimi mövzularda filmlər çəkilib. Amma finalnda qələbə yox idi. Vətən müharibəsi baş verdi, biz torpaqlarımızı azad etdik, bundan sonra filmlərimizdə baxış bucağı da, mövzu da dəyişəcək.

Filmlərimizdə bütün gücümüzü yalnız hərbi qələbə üzərində qurmamalıyıq. Sual oluna bilər ki, bəs, nə?.. Zənnimcə, İnsan talelərini yaddan çıxarmamalıyıq. Sovet dövründə çəkilən "Şərikli çörək" filminə diqqət edin. Bu filmdə cəbhə, döyüş, müharibə səhnələri yoxdu, güllə də atılmır. Amma arxa cəbhədə əziyyət çəkənlərin talelərilə tanış oluruq.

"Mən ki gözəl deyildim" filmində isə atasından məktub gözləyən bir qızın yaşantıları təqdim olunur. Yaxud "Bizim Cəbiş müəllim" filmi... Təbii ki, generallarımızdan, ordumuzdan da film çəkməliyik. Düşünürəm ki, kütləviliyə çox da yol vermək olmaz. Bütün kino taleyimizi Qarabağ müharibəsi üzərində qurmamalıyıq, belədə kino sahəsi zəifləyə bilər. Söhbət dövlət büdcəsi hesabına maliyyələşən filmlərdən gedir, şəxsi təşəbbüslə çəkilən ekran əsərlərindən yox.

Ramil Ələkbərovla "Neytral zonanın sakini" adlı ssenarimiz var idi. Ssenarini yeddi il əvvəl yazmışdıq, bəzi hissələri bu günün mövzusuna uyğun dəyişmək lazımdır. Üzərində iş gedir, artıq yekunlaşmaq üzrədir. Yenə də ümid edirik... Amma və lakin o ssenarinin filmə çevriləcəyinə inamımız çox deyil. Nə olacaq, bax bunu bilmirəm...

- Cəmiyyətimizdə qınaq var idi ki, 30 il ərzində Qarabağ hadisələrini ürək yanğısı ilə dünyaya çatdıracaq film, musiqi, şeir ortaya qoya bilmədik.

- Bir məsələni yaddan çıxarmayaq, Azərbaycan yaradıcı mühitinin 70 faizi sifarişi sevir. Bu sovetlərdən gələn məsələdir. Bir məsələni də yaddan çıxarmayaq ki, Qarabağdan ümümbəşəri film çəkməsək, rəğbətlə qarşılanmayacaq. Başqalarını maraqlandıracaq iş görmək çox çətindir... Məsələn, bir italyanı "Zəngilanda 500 nəfər şəhid vermişik" deməklə təəccübləndirə bilməyəcəyik. O da deyəcək ki, mənim də həlak olan əsgərim az olmayıb. Biz başqalarını nə ilə təəccübləndirə bilərik? İnsan və onun taleyi ilə...

"Pianoçu" filminə baxanda necə hislər keçiririk? Həyəcanlanırıq, ürəyimiz ağrıyır... Yaxud "Titanik" filmində bilirik ki, sonda gəmi batacaq. Rejissor Ceyms Kemeron tamaşaçını niyə ekran qarşısında saxlaya bildi? Batan gəmidə ölməz məhəbbət yaratdı, sevən gəncləri izlədik, gəmi suyun dibinə gedəndə onların ölümünə ağladıq, halbuki orada 5000 adam ölmüşdü... İş budur.

Yoxsa bir generalı, ya bir əsgəri tank üzərinə qaldırım, əlində bayraq irəli atısın... İngilis deyər ki, bunun mənə nə dəxli var?! Biz ümümbəşəri əsərlər yaradıb, ingilisin, fransızın ürəyini dağlayacaq mövzular ortaya qoymalıyıq. Yetərincə belə mövzular var. Atasının qəbrini tapmayanlar, oğlu itkin düşən, paltarını saxlayıb, 30 ildən sonra kəndində oğluna qəbir qazıb, onu basdıran var. Müharibə nə qədər pis hadisə olsa da sənət üçün yaxşı materialdı...

- Siz Böyük Vətən Müharibəsindən bəhs edən filmlərinizə görə Rusiya prezidenti Valdimir Putin tərəfindən mükafata layiq görülmüsünüz, xatirə medalı ilə təltif olunmusunuz. Bu haqda danışmağınızı istərdik.

- Mənim yaradıcılığımın 70 faizini hərbi-siyasi mövzu təşkil edir. Xüsusilə İkinci Dünya Müharibəsi dönəmindən bəhs edən filmlər... Təvazökarlıqdan uzaq olsa da, o müharibənin tarixini mən çox gözəl bilirəm. Bu haqda uşaqlıqdan oxumuşam.

2015-ci ilə qədər rejissor olaraq 9 film çəkmişəm. Mənim filmoqrafiya və festival həyatımda bu filmlərin çox böyük rolu olub. Özümü rahat hiss edirəm ki, İkinci Dünya Müharibəsində iştirak edən azərbaycanlılar qarşısında simvolik də olsa borcumu yerinə yetirmişəm. Qəribə də olsa, həmişə deyirəm yaxşı ki, İkinci Dünya Müharibəsi oldu, bizim qəhrəmanlığımız üzə çıxdı. Müharibə olmasaydı, Mehdi Hüseynzadə, Həzi Aslanov tarixə düşməzdi.

İkinci Dünya Müharibəsindən bəhs edən filmlər mənə keçmiş sovet ölkələrində bir çox festivallarda iştirak etmək və uğur qazanmaq şansı qismət elədi. 2015-ci ildə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən Vladimir Putinin imzası ilə mənə mükafat təqdim edildi.

- Tahir müəllim, necə düşünürsünüz, Azərbaycanın tarixi qəhrəmanlarını yarada bilən aktyorlarımız varmı?

- Fikrimcə, xalqımızda beyin əmsalı çox güclüdür. Yalnız ədəbiyyatda deyil, kinoda, musiqidə, başqa sahələrdə... Bizim istedadlı aktyorlarımız var, sadəcə onları ortaya çıxaran filmlərimiz çatışmır. Bu, böyük problemdir. Filmlər olmalıdır ki, rejissorlar aktyorları üzə çıxara bilsinlər.

Tutalım, Məmməd Əmin Rəsulzadə obrazını yaradan gözəl aktyorlarımız var. O aktyor bu obrazı harada oynayacaq? Onun üçün film çəkməlisən. Tutaq ki, Cəfər Cabbarını oynayan gözəl aktyorumuz var, nə olsun?! Problem budur. Material, səhnə və ekran olmalıdır ki, aktyorlar özlərini göstərsinlər.

Aktyorlarımız kütləvi surətdə seriallardadırlar. Mənə seriallarda tarixi obraz göstərin, yoxdur. Yusif Məmmədəliyev, Düdənginski haqqında serial var? Rusiyada da mətbəx filmləri çəkilir, sevgi, məhəbbət mövzusunda seriallar göstərilir. Amma Rusiya Sergey Yesenin, Türkiyə Mehmet Akif Ersoy haqqında da serial çəkir. Bəs biz son on ildə nə çəkdik? Fikir bildirəndə də deyirlər ki, fərqli düşünürsən, yaxud müxalifətçisən...

- Türkiyənin "Kuruluş Osman" tipli seriallarının kifayət qədər izləyiciləri var. Hətta Azərbaycanda da izlənilir.

- Sizə bunun səbəbini deyim. Söhbət hadisələrə, proseslərə yanaşmadan gedir. Azərbaycan xalqı tələb etməyi sevmir. Çar II Nikolayın ailəsini bolşeviklər 1918-ci ildə güllələyib basdırdılar. 25 il öncə onları müqəddəs elan elədilər, basdırıldıqları məkandan çıxararaq kilsədə dəfn etdilər. Boris Yeltsin dəfn mərasiminə getmək istəmirmiş. Böyük rus ziyalısı Dmitri Lixaçovun 90 yaşı vardı, Kremlə getdi, Boris Yeltsinə dedi ki, Yekaterenburqa, dəfnə get. Ölkənin müqəddəs adamını dəfn edirlər. Ziyalılıq bax budur...

- Tahir müəllim, bəlkə özünüz film çəkməyə cəhd edəsiniz.

- Asan məsələ deyil. Gəlin bu barədə danışmayaq...

- Bu haqda Mədəniyyət Nazirliyinə müraciət etmisinizmi?

- Biz hər şeyi Mədəniyyət Nazirliyinin üzərinə ata bilmərik. Televiziyaları da yaddan çıxarmamlıyıq. Televiziya kinosu inkişaf etməlidir. Televiziyalarda sənədli filmlər yalnız Azərbaycan Dövlət Televiziyasında və İctimai Televiziyada qalıb. ARB-də, ATV, Xəzər televiziyasında var idi, indi yoxdur. Çünki sənədli filmlərə pul xərcləməlisən.

Ümumən televiziya rəhəri ələ baxan olmamalıdır. Yaxşı mənada varlı olmalı, istədiyi sahəyə rahat maliyyə ayıra bilməlidir.

- “Aran Film” Yaradıcılıq Mərkəzi yenə də ARB kanalının tərkibində fəaliyyət göstərir?

- Dörd il əvvəl “Aran Filim” Yaradıcılıq Mərkəzi mənim təşəbbüsümlə yarandı, 15 nəfərlik kollektivimiz vardı. Əməkdaşların hər biri sənət üzrü təhsilli insanlar idi, qısa müddətdə yalnız maaşla 100 sənədli film istehsal etdik. O sənədli filmlərin içində portret, televiziya, elmi, araşdırma, mənzərə filmləri də var idi.

Təvazökarlıqdan uzaq olsa da deyim ki, ”Aran Film” Yaradıcılıq Mərkəzi Azərbaycanda sənədli filmin təqdimatında, bütün sferalar üzrə elm, təhsil mərkəzlərində, dövlət qrumlarında sənədli kinonun tanıdılmasında çox böyük rol oynadı. Təəssüf ki, qısqanclıq və paxıllıq ucbatından mərkəz bir il əvvəl bağlandı. Belə deyək, “islahtın” qurbanı oldu. Amma indi rahatam...

- Hazırda kino sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

- Hər bir işin düzgün təşkilində inzibatçılıq durur. Prodüser sənəti xüsusi inkişaf etməlidir. Yaxşı rejissorlarımız, operatorlarımız, aktyorlarımız var. Sadəcə inzibatçılıq çatışmır. Güclü nəzarət olmalıdır ki, iş düzgün qurulsun. Kimə necə, harada kömək edilməlidir - bu suala dürüst cavab tapılmalıdır. Bunlarsız Azərbaycan kinosu üçün çətin olacaq.

Düşünürəm ki, son bir ildə dəyişiklik gedir. Köhnə sistem dağılmaq üzrədir. Ümid edirəm ki, yaxın vaxtlarda öz bəhrəsini verəcək.

- Siz "Əbədi ezamiyyət" filminə aktyor kimi çəkilmisiniz...

- Bəli, filmdə aktyor kimi oynamışam, hətta "Əbədi ezamiyyət"in ideya müəlliflərindən biri və məsləhətçisi idim. Orada Məmməd Məhərrəmov obrazını oynadım.

- Bəs, aktyor kimi filmlərə çəkilməyinizin niyə davamı gəlmədi?

- Mən aktyor deyiləm... İnsan bildiyi işlə məşğul olmalıdır.

- Cümhuriyyət tarixi ilə əlaqədar filmlər çəkmisiniz. Hazırda yeni ideyalarınız varmı?

- Cümhuriyyət illəri ilə bağlı altı film çəkmişəm. Mən həvəskar tarixçiyəm. Amma sizin əməkdaş Dilqəm Əhməd peşəkardır. Cümhuriyyət tarixi ilə bağlı Ramiz Abutalubovla bir neçə film işlədik. Mənə elə gəlir, cümhuriyyət tarixi ilə bağlı yetərincə iş görülüb, həm ədəbiyyatda, həm də mədəniyyət sahəsində. Düzdür, bədii filmlər yoxdur. Artıq bəsdir, Məmməd Əmin Rəsulzadə kimə nə dedi, Əlimərdan bəy Topçubaşov filankəsdən küsdü və sair... İndi milli azadlıq hərəkatı tarixinə diqqət yetirmək vaxtı çatıb. Bu tarixi unutmamalıyıq.


Müəllif: Nərgiz Cavadzadə, Rəqsanə Həsənova