28 May 2022 00:55
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhnə teatrında “Molla Nəsrəddin 2022” tamaşasının ictimai baxışı keçirilib.

Teleqraf.com xəbər verir ki, tamaşanın müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Rollarda Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Vaqif Kərimov, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli, Ağaəli Kərimzadə iştirak edirlər.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunu biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayıl ilə dostlaşır və sevgisinə qovuşmaq üçün ona əngəllər yaradan kənd adamları ilə mübarizəyə başlayır. Toy gününün səhəri oyanıb evində sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər arvadı görən Molla Nəsrəddin aldadıldığını başa düşür.

“Aktyorlar ştatda, rejissorlar isə...”

Tamaşadan öncə qrim otağında aktyorların həyəcanını onlarla birgə paylaşırıq. Teatrın fəaliyyəti barədə bizə Səhnə Prodüser Mərkəzinin direktoru, aktyor Elçin Hacı məlumat verir: “Səhnə teatrı 2021-ci ildə Səhnə Prodüser Mərkəzinin nəzdində yarandı. İlk tamaşamız “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah” pyesinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” etno-myuzkl idi. Janr etibari ilə Azərbaycanda ilk dəfə hazırlanan tamaşaya rejissor Elmir Mirzəyev quruluş vermişdi. Tamaşa bir neçə dəfə oyanılıb və Müstəqil Teatrlar Festivalında da xüsusi rəğbətlə qarşılanıb. İkinci tamaşamız narkomaniya ilə bağlı oldu. Teatrın rəhbəri Xaqani Əliyevdir, o həmçinin bu günki tamaşanın müəllifidir.

Bizim teatrda aktyorlar ştatdadır, amma rejissorlar dəvətlə gəlib tamaşa hazırlayırlar. Bu, teatrın siyasətidir. Hesab edirik ki, hər gələn rejissor öz fikirləri, baxışı, əsərə yanaşma tərzi ilə teatrımızı bəzəyir. Teatra aktyor qəbulunda peşəkarlıq önəm kəsb edir. Ən azında Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirməlidir. Teatrımızda gənclərə üstünlük veririk. Amma bununla yanaşı bu sənət ocağında Mingəçevir, Sumqayıt, İrəvan teatrında işləmiş əməkdar artist Vaqif Kərimov, Şuşa teatrında uzun illər fəaliyyət göstərən Mahir Mirişli kimi təcrübəli aktyorlar çalışır. Yeni yaranan teatrıq, arzularımız, planlarımız çoxdur”.

Tamaşada Molla Nəsrəddin obrazını canlandıran Elçin Hacı rolunu sevərək oynadığını deyib: “Rejissor Oruc Qurbanov Molla Nəsrəddin obrazını mənə həvalə etdi. Gərgin və maraqlı məşq prosesimiz olub. Çox dinamik, musiqili komediya janrında olan tamaşa ümid edirəm, izləyicilər tərəfindən rəğbətlə qarşılanar, səhvlərimizi-düzlərimi bizə deyərlər”.

“Qoçulardan biriyəm, Nəsrəddinə tələ qururam”

Aktyor Mahir Mirişli tamaşada kəndin qoçularından birini canlandırır: “Molla Nəsrəddin ümumiləşmiş obrazdır. Bu baxımdan lətifələri o obrazın üzərinə yönləndirmək mümkündür və bununla demək istədiyimiz sözləri Molla Nəsrəddin vasitəsilə insanlara çatdıra bilirik. Tamaşada kəndin qoçuları özləri Molla Nəsrəddindən də çox bilmiş aparırlar və ona tələlər qururlar. Amma bu Molla Nəsrəddindir və o tələlərə düşmür”.

“Tamaşaçılar düşündürən yumorun acıdırlar”

Əməkdar artist Vaqif Kərimov deyir ki, tamaşa insanları düşündürərək güldürəcək: “Oynadığım Məmmədəli obrazı kəndin imkanlı şəxslərindən biri və arvadbazdır. Geniş tamaşaçı kütləsi üçün hazırlanmış tamaşada düşündürən gülüş, yumor var. Bizim tamaşaçılar düşündürən yumorun acıdırlar. Və biz də belə nəzərdə tutmuşuq ki, bu tamaşa insanları düşündürərək güldürəcək. Bütün kollektivə uğurlar arzu edirəm”.

İlk dəfə səhnəyə çıxmağın həyəcanını yaşayan aktrisa Rəbbilə Ələkbərzadə tamaşada Molla Nəsrəddinin sevdiyi qızı canlandırır: “Səhnə teatrında oynayacağım ilk tamaşadır. Hazırlıq prosesi çox yaxşı keçdi. Kollektivə öyrəşmişəm və inanıram ki, tamaşaçılar tamaşanı sevəcəklər”.

“80 dəqiqə nəfəs almaq mümkün deyil”

“Molla Nəsrəddin əbədi mövzudur. Və intellektual komediyadır”, deyən rejissor Oruc Qurbanov aktyorların ifasını yüksək qiymətləndirir: “Aktyorlar mənim istədiyim oyun tərzini çatdıra bilirlər. Onlar emosional, templidirlər, fiziki cəhətdən duruş gətirirlər. 80 dəqiqə ərzində tamaşada nəfəs almaq mümkün deyil. Aktyorlar səhnədə can qoyurlar. Bu sənətin də özəlliyi budur: səhnədə fasiləsiz həyat yaşatmalısan. Səhnə teatrı ilə ilk əməkdaşlığımdır və teatra uğurlar arzu edirəm”.

Qeyd edək ki, yaxın günlərdə tamaşanın premyerası keçiriləcək.


Müəllif: Nərmin Muradova, Foto: Rüfət Mikayılov

Oxşar xəbərlər