Məşhur sovet dissidenti Vazif Meylanov vəfat edib.
Milli.az xəbər verir ki, siyasi məhbus, ictimai xadim, filosof və riyaziyyatçı Meylanov Mahaçqalada şənbədən bazara keçən gecə ölüb.
Meylanov 1940-cı ildə doğulub. Dağıstan Dövlət Politexnik İnstitutunda dərs deyərkən fəlsəfi-siyasi "Sovet qəzetlərinin kənarlarındakı qeydlər" işini yazıb. Bu yazını o, kommunizm nəzəriyyəsinə həsr edib, söz və mətbuat azadlığına tərəfkeşlik edib, RSFSR-in CM-nin 70 və 190-1-ci maddələrinin ləğvini istəyib.
1980-ci il yanvarın 25-də Meynalov Mahaçqaladakı Lenin meydanına "A.Saxarovun hökumət tərəfindən təqibinə etiraz edirəm. İdeyalara qarşı milis yox, ideya çıxarmaq lazımdır. Xalqa saxarovlar lazımdır - onlar dövlətin hərəkətlərinə qeyri-formal, əsl nəzarəti həyata keçirirlər. Bu ölkənin bütün dərdləri söz azadlığının olmamasından irəli gəlir. Kommunizmin ideya opponentləri üçün söz azadlığına görə mübarizə aparın - bu da olsun sizin söz azadlığınız!" plakatı ilə çıxdığına görə həbs edilib.
Həmin il dekabrın 2-də Meylanovu DASSR-in Ali Məhkəməsi 3 hərəkətə görə təqsirli bilir: "Sovet qəzetlərinin kənarlarındakı qeydlər" işini yazılması və yayılması, meydana plakatla çıxmaq, İvan Buninin "Lənətli günlər", Vladislav Xodaseviçin "Nekropol", Dmitri Paninin "Soloqdinin həyatı" kitablarının yayılması. Ona sərt rejimli lagerdə 7 il həbs, 2 il sürgün cəzası kəsirlər.
Meylanov Mahaçqalaya sürgündən 1988-ci il dekabrın 25-də qayıtdı.
O, "Pələng kimi görünür" (1972), "Sovet qəzetlərinin kənarlarındakı qeydlər" (1977), "Məhkəmə işlərinin protokollarına qeydlər" (1980), "Tərksilah və cinayət məcəllələri" (1977), "Kommunistlərlə danışıram" (1983), "Gəzəyənin qeydləri" (1988), "Çeçen böhranının analizi" (1998), "Rusiya demokratiyasının yalançı stereotipləri" (1998), "Rusiyada fərdi siyasi fəaliyyət təcrübəsi" (2003), "Rus düşüncəsinin yalançı sabitləri. Rusiyada vətəndaşların dövləti udduqları məhkəmə qərarları niyə icra olunmur" (2006) kitablarının müəllifidir.