20 Noyabr 2023 12:15
12 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnika elmləri doktoru, professor, dünya şöhrətli alim Rafiq Əliyev Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

Adı-soyadı: Rafiq Əliyev

Təvəllüdü: 10.02.1942

Elmi dərəcəsi: texnika elmləri doktoru

Elmi adı: professor

Əsas elmi nəzəriyyələri: "Sistemlərin dayanıqlıq nəzəriyyəsi”, “Ümumi qərar qəbuletmə nəzəriyyəsi”, “Yeni qeyri-müəyyən ədədlər hesabı”

İnsanlarda görmək istədiyi əsas xüsusiyyət: tolerantlıq

Ən böyük arzusu: orta və ali məktəblərdə qeyri-səlis məntiq və onun tətbiqinin dərs vəsaitlərinə salınması

- Rafiq müəllim, siz Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin davamçısı oldunuz. Bu nəzəriyyədə sizə ən çox maraqlı gələn nə idi?

- Həmişə düşünmüşəm ki, ən gözəl nəzəriyyə praktikadan əfzəldir. Amma çox bilim adamları bunun əksini deyirlər. İstənilən nəzəriyyə praktikadan doğur. Məsələn, Eynşteyni götürək. Onun cəmi bir neçə məqaləsi var, amma bu nəzəriyyələr ilə bütün dünyanı dəyişdi. Nisbilik nəzəriyyəsi... Nüvə silahları onun nəzəriyyələrinin əsasında yarandı. Sonra praktika əmələ gəldi. O nəzəriyyədən sonra Naqasakiyə, Xirosimaya bombalar da atıldı.

Ən böyük, ən gözəl nəzəriyyə odur ki, real həyatı daha adekvat, daha düz yaza bilsin. Eynşteyn deyir ki, "əgər riyaziyyatın qanunları dəqiqdirsə, o, qeyri-dəqiq olan, qeyri-müəyyən olan həyatı yaza bilmir. Amma real həyatı yazması üçün gərək riyaziyyat qeyri-dəqiq olsun". O, "qeyri -səlis" ifadəsini işlətməsə də, "qeyri-dəqiq" sözündən istifadə edib. Yəni riyaziyyat özü bir dildir. Əgər dilin gücü çatsaydı, onda o nəzəriyyələrə və simvollara ehtiyac olmazdı.

Ancaq Lütfi Zadə bunu görə bildi. Mən həmişə bu fikirdəyəm ki, söz bir az urvatdan düşüb, "dahi" sözünü yerli-yersiz işlədirlər. Dahi odur ki, öz zəmanəsini 100 il, 300 il, 500 il qabaqlaya bilsin. Lütfi Zadə kimi.

Dünya Aristotel nəzəriyyəsini indiyə kimi, 40 il, 50 il əvvələ kimi, tam alternativsiz bir nəzəriyyə, bir məntiq kimi qəbul edirdi. Amma Lütfi Zadə gördü ki, axı, real dünya elə deyil. Ona görə də real dünyanı yaza bilən başqa bir dünya yaratmaq lazımdır.

- Aristotel deyirdi ki, yalnız tam qara və tam ağ rənglər mövcuddur. Lütfi Zadə isə qara və ağ arasında çoxlu rəng birləşmələrinin, çalarların olduğunu göstərdi. Bu hansı rənglər, çalarlardır?

- Baxın, bu, Lütfi Zadə ilə mənim yazdığım sonuncu kitabdır. Kitabın üz qabığına diqqət yetirin. Görürsüz, qırmızıdan bənövşəyiyə qəfil keçid yoxdur. Hissə-hissə keçidlərdir.

Aristotel nəzəriyyəsi ilə işləyən Nyuton deyirdi ki, cəmi yeddi rəng var. Cəmi yeddi not var. Siz dan yeri söküləndə görmüsüz? O, qəfildən qaranlıqdan ağa keçmir. Ağdan qaraya keçiddə neçə-neçə rənglər var.

- Lütfi Zadəyə qədər bəşəriyyət bu rənglərin fərqində deyildi?

- Yox, onu heç bir alim görə bilməmişdi. Gücü də çatmamışdı. Aristotel məntiqinə görə, bir adam ya qocadır, ya cavan. Mənim başqa bir kitabımda gəncliyin, qocalığın düsturu var. Əgər öz yaşını ora əlavə etsən, görəcəksən ki, hansı dərəcədə cavansan, hansı dərəcədə qoca.

Qeyri-səlis məntiqin canı odur ki, o müddəalar sərhədsizdir. Və yaxud dostla düşmən arasında çalarları götürək. Yaxın dost ola bilər, Ramiz Rövşənlə mənim kimi ürək dostu ola bilər, neytral ola bilər, bir az sevməyə bilər, leksikonuma görə üzr istəyirəm, lap zəhləsi gedə bilər. Görün, nə qədər çalarlar var.

Zadə haqqında biz bir film çəkmişdik. Rejissoru Oqtay Babazadə, ssenari müəllifi Möhbəddin Səməd idi...

- Xatırlayıram, "Uzaq və yaxın Lütfi Zadə". Səhv etmirəmsə, Azərbaycan ictimaiyyəti həmin filmdən sonra bu möhtəşəm alimi tanıdı.

- Tamamilə doğrudur. O vaxt AzTV bir "yaxşılıq" etmişdi, verilişi gecə 12-yə salmışdı. Guya ən çox baxılan saatdır. Verilişin birinci seriyası efirə gedəndən sonra Bəxtiyar Vahabzadə mənə zəng vurub dedi ki, Rafiq, deyəsən, bu, böyük adamdır e. Dedim, bəli, Nyutonla, Eynşteynlə bir sırada duran adamdır.

İkinci seriyaya baxandan sonra dedi, deyəsən bu lap böyük adamdır axı. Dördüncü seriyaya baxıb qurtarandan sonra zəng etdi ki, Rafiq, sənə bir kitab göndərirəm. Dedim, gecə 1-in yarısıdır. Dedi, yox, sürücü burdadır.

Kitabı gətirdilər. Şair həmin şeirin olduğu səhifəni qatlamışdı. Yalnız bir bəndini deyəcəyəm:

Vaxt gəmirir binaları

Tavanla tir arasında.

Bir rəqəm də, demə, varmış

İkiylə bir arasında.

Lütfi Zadə deyirdi ki, 0 və 1 arasında rəqəm var. Bəxtiyar müəllim də öz uzaqgörənliyi, fəlsəfəsi ilə bunu duymuşdu. 0,1, 2, 3... Bu rəqəmlərin arasında axı nə isə var. Real həyat da belədir.

Mən sonra demişdim ki, qeyri-səlis məntiq iki böyük türk oğlunun birinin beynindən, birinin qəlbindən gəldi.

"Lütfi Zadənin böyüklüyü sadəliyi qədər idi"

- Rafiq müəllim, Lütfi Zadə ilə tanışlığınız necə oldu?

- Mən Moskvada aspiranturada oxuyurdum. O vaxt çox möhtəşəm bir institut vardı: SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutu. Tam mübaliğəsiz deyirəm, indiki dərsliklərdə olan nəzəriyyələr həmin o binaların divarları arasında yaranırdı.

Mən dəhlizdən keçəndə, bir professor dedi ki, Rafiq, tanış ol, sənin yerlindir. Bu 1964-cü ildə olub. Zadə o vaxt o qədər də tanınmırdı. Qeyri-səlis məntiq 1965-də meydana çıxdı. Ancaq bu, çox səthi görüş oldu.

Əsas tanışlığımız 1980-ci illərə təsadüf edir. ABŞ-ın Sietl şəhərində Vaşinqton universitetində çox möhtəşəm bir konfrans keçirilirdi. Mən də məruzə etməliydim. Lütfi Zadə məruzəçilər arasında mənim adımı oxuyub: Rafiq Əliyev. Həyat yoldaşı Fey Zadə ilə yaxınlaşdı mənə: "Bakıdansan?" Dedim: "Bəli. Xatirinizə gəlir, illər öncə biz universitetdə görüşmüşdük". Xatırladı.

Ondan sonra bir yerdə elmi işlərimiz oldu. Nəhayət, bir kitab ərsəyə gətirdik. Heyif ki, özü bu kitabı görmədi. Dünyasını dəyişməzdən səkkiz ay öncə mənə dedi ki, Rafiq, qeyri-səlis məntiqi yaratdıq, inkişaf etdirdik, bu nəzəriyyə bütün dünyanı dəyişdi. Amma bu barədə bir kitab yazmadıq. Kitabın ideyasını, strukturunu diqtə elədi. Dedi, birinci cildi biz yazaq, ikinci cildə isə dünyada olan səkkiz ekspert, yəni ən məşhur alimin işlərini salaq.

- Lütfi Zadə sizi çox yüksək qiymətləndirirdi. Bəzi məşhur insanlar özlərindən sonra gələn nəsillərə yol açmaq, nüfuzlarını paylaşmaq istəmirlər. Görünür, Lütfi Zadəyə bu hisslər yad olub.

- Mənim Lütfi Zadə haqqında bir deyimim var: "Onun böyüklüyü onun sadəliyi qədər idi". İnsan mənəvi cəhətdən nə qədər böyük olursa, bir o qədər sadə olur. O, son dərəcə sadə adam idi. Onun qeyri-səlis məntiqə yanaşması mənə də keçib. Mən bu nəzəriyyəyə öz övladım kimi baxıram.

Kamal Abdulla ilə bizim kitabımız çıxdı - "Dədə Qorqud və qeyri-səlis məntiq". Sonra Muxtar İmanov da bu sahədə işləməyə başlayıb. Mənim heç ehtiyacım yoxdur ki, adım hardasa olsun. Ancaq kimsə bu sahəylə məşğul olursa, bunu daha da genişləndirirsə, elə bilirəm ki, bütün dünyanı mənə bağışlayır.

Həmin Vaşinqton universitetində, Lütfi Zadə ilə tanış olduğumuz konfransın son günündən danışmaq istəyirəm. Tədbirdə təxminən dünyanın hər yerindən, min nəfərə yaxın bilim adamları yığışmışdı. Mən də onda lap cavan idim, gedib lap arxa sırada oturmuşdum. Gərək adam öz yerini bilsin də.

Yuxarıda, paneldə isə dörd nəfər oturub və tədbirə yekun vuran Zadədir. Özü əvvəlcə konfransın necə keçdiyindən, hansı elmi biliklər qazanıldığından və sair haqqında danışdı. Sonra bir nəfərə söz verdi. Daha sonra isə paneldən düşüb düz mənim yanıma gəldi. Dedi ki, növbəti çıxışı sən edəcəksən. Mən qəti "yox" dedim. Bunu doğru saymadım; orda məşhur alimlər oturub, mən isə elmdə təzəcə addımlayan cavan bir adamam.

"Mən sizdən xahiş edirəm," dedi. Durdum, çıxış etdim. Siz elə bilirsiz o mənim elmimə aşiq olduğu üçün məni ora çıxarırdı? Yox, o istəyirdi Azərbaycanı tanısınlar. Və bunu geniş ürəklə edirdi ki, qoy bu cavan bilim adamını da tanısınlar.

Yaxud ikinci bir misal. Almaniyada böyük bir konfrans gedirdi. Mən də Corciya Universitetində, Atlantada dərs deyirdim. Bir alman həmkarımla Almaniyaya, konfransa gəldik. Elə oldu ki, 15-20 dəqiqə gecikdik. Xəlvətcə gedib ən axırıncı sırada oturduq ki, heç kim bizi görməsin. Lütfi Zadə də məruzə edirdi. Məruzənin qurtarmasına 10 dəqiqə qalmış dedi ki, indi də sözü verirəm azərbaycanlı alim Rafiq Əliyevə. O, mənim məruzəmi davam etdirəcək.

Təəccüb məni bürüdü: bizi necə görə bilmişdi? Bu onun böyüklüyü idi. Özü həddən artıq böyük idi deyə qısqanclıq onun içinə sığmazdı.

- Bizim toplum Lütfi Zadənin vətənlə bağlı hisslərinə bəzən şübhə duyur. "O bizim xalqımız üçün heç nə etməyib" deyənlər də var. Bu fikirlərlə bağlı nə deyərdiniz?

- Görən, onu deyənlər xalq üçün nə etmək lazım olduğunu bilirlərmi? Hər kəsin bir "etmək" bacarığı var. Srağagün bir tədbirimiz vardı. Ramiz Rövşən, Kamal Abdulla, mən, bir-iki yoldaş səkkiz Vətən qəhrəmanıyla görüşdük. Mən dedim ki, biz kitab yazarıq, elmdə, sənətdə bir yol açarıq, amma əsl qəhrəmanlar sizsiz. Onlar da çox gözəl, intellektual cavab verdilər. Dedilər, yox, hər kəs öz bacardığını etməlidir.

Mən üç beynəlxalq konfrans keçirmişəm. Dünyanın bütün ölkələrində o konfranslar keçirilib. Hamısında Lütfi Zadə iştirak edərdi. Azərbaycandan həmişə nümayəndəlik gedərdi. Ölkəni bundan gözəl necə tanıtmaq olar?

Bir ölkəni, xalqı seçilmişlər tanıdarlar. Azərbaycanı biz necə tanıda bilərik? Nöyütüylə, pambığıylamı? Yox. Önəmli olan bunlar deyil.

Elektrik avtomobilləri meydana çıxıb, 30 ildən sonra o neftin qramına da ehtiyac olmayacaq. Kömür mədənlərinin hamısı bağlanacaq. Başqa alternativ enerjilər meydana gələcək. Amma xalqın Nizamisi, Füzulisi, Hüseyn Cavidi qalacaq. Lütfi Zadə qalacaq - ən qiymətli qızılımız. Ən böyük sərvətimiz odur. Onun ürəyi Azərbaycanla döyünürdü.

- Azərbaycanda dəfn olunmaq da Lütfi Zadənin öz arzusu idi?

- Onun burda dəfn olunmağı bizim torpağı xeyli şöhrətləndirdi. Amma o mövzu bir az mübahisəlidir. İndi bəzən çıxıb deyirlər ki, mənə filan şey vəsiyyət elədi. O mövzularda o, heç vaxt danışmırdı.

Lütfi Zadə dünyasını dəyişəndən sonra oğlu mənə zəng vurdu ki, atam sizə filan qədər maddi vəsait vəsiyyət edib. Bu mənim üçün gözlənilməz oldu. Biz 40-50 il ailəvi dost olmuşuq. Bizim uşaqlar onun qucağında böyüyüb. Amma o bir dəfə də olsun bu haqda mənə deməmişdi.

- Siz mirası aldınızmı?

- Aldım və 5 dəqiqə sonra bütün saytlara, jurnalistlərə (eləcə də Amerika mətbuatına) məlumat verib bildirdim ki, bu məbləğin 1 dolları da Rafiq Əliyevin özəl məqsədlərinə istifadə olunmayacaq. Yalnız Lütfi Zadə təqaüdü kimi xaricdə oxuyan tələbələrə, imkansızlara, onun haqqında esse yazanlara veriləcək. İndiyə qədər də belə davam edir.

"Siyasətçilərin Aristotel məntiqi ilə düşünməyini qəbul edə bilmirəm"

- Rafiq müəllim, müsahibələrinizdə hər zaman deyirsiz ki, yeni sivilizasiya qurulmalıdır, insan dəyişməlidir. Siz çağdaş insanın hansı xüsusiyyətlərini yolverilməz sayırsız? Yeni sivilizasiyanın insanı necə olmalıdır?

- Sivilizasiya məntiqlə əlaqəlidir. Məntiq də insan təfəkkürünün təzahürüdür. İndiki insanların, xüsusilə siyasətçilərin Aristotel məntiqi ilə düşünməyini heç qəbul edə bilmirəm. Leninin bir sözü vardı: "Bizimlə birlikdə olmayan bizim düşmənimizdir". Niyə? Mən səninlə deyiləm, neytralam. Mən sənin nəzəriyyəni qəbul eləmirəm, amma səni təhqir etmirəm ki. Ya da əks tərəfdəyəm, sənə qarşı gedirəm, amma sənə düşmən deyiləm.

Mən 2005-ci ildə bir müsahibəmdə demişdim ki, 30-cu illərin insanları tolerant düşüncəli olacaq. Qeyri-səlis məntiq, əgər qısaca tərif verməli olsam, tolerantlıq məntiqidir. Bayaqkı dost-düsmən məsələsinə qayıdıram. Deyir, dostsan, ya düşmən? Niyə bu sual verilir? Çünki tolerantlıq yoxdur. Axı bunun arasında minlərlə çalar var. Ürək dostu, çörək dostu, nə bilim, yemək dostu. Mən düşünürəm ki, o sivilizasiyada tolerant insanlar mövcud olacaq.

İşığa həmişə qaranlıqdan çıxılır, bir az elmi dillə desəm, xaosdan çıxılır. İndi dünya təxminən xaos vəziyyətindədir. Ukrayna bir tərəfdən, İsrail bir tərəfdən, Livan bir tərəfdən…. Amma Allah eləsin, mən səhv etməyim, bu, durulacaq. Bunun üçün təfəkkür dəyişməlidir. Bu isə məntiqdən qaynaqlanan məsələdir.

- Bəs bu sivilizasiyada Azərbaycan insanının yerini necə görürsüz? Azərbaycanlılarda qəbul etmədiyiniz, dəyişilməli olan xüsusiyyətlər hansılardır?

- On beş il bundan qabaq mənim bir yazım vardı: "Sosial yenidən kodlaşdırma". Onun ətrafında bir az müzakirə getdi. Sosial psixologiyada belə bir sahə var. Əgər millətdə, toplumda kodu dəyişirsənsə, onda 10-15 il sonra ayrı toplum görəcəksən.

Bəs o kod nədir? O, dəyərlərdir. Əgər o kodu dəyişdinsə, millət dəyişir. Bu mənada televiziyaların "rolu" böyükdür. Axı o, hamının qapısını döyür.

Bir dəfə televiziyaların birində ictimai şura yaratdılar, məni də dəvət etdilər. Dedim, xarizması olan adamları televiziyaya çıxarmaq lazımdır. Dedilər, varmı xarizması olan adamlar? Dedim, var, kölgədədirlər.

Dəyərlərin aşınması o xarizması olan adamları kölgədə qoymaqdır. Axı xalqı, milləti iki-üç faiz olan adamlar arxasınca aparıb. Dəyərləri dəyişəndə o insanlar heçə keçir. Mən inanıram ki, 30-cu illərdə bu dəyərlər sistemi bərpa olunacaq.

- Siz “dəyər” deyəndə daha çox nələri nəzərdə tutursunuz?

- Mənim üçün dəyər birinci növbədə vicdan sipəridir. Mən din adamı deyiləm. Amma həmişə demişəm, din olmasa, dünyada xaos olardı. Mənim imanım dinimdən yüksəkdir. İman nədir? İnsanın içindəki vicdan sipəri. Mən istəyərdim ən böyük dəyər o olsun.

Mənim üçün ən böyük dəyər ədalətdir. Ən böyük dəyər qarşılıqlı olmaq - tək özünü düşünməməkdir. Bax o vaxt bizim yerimiz sivilizasiyada olacaq ki, "mən"dən "biz"ə keçək.

- Keçə biləcəyikmi? Bunun üçün nə tələb olunur?

- Bu sual mənə tanışdır. Təxminən 10-15 il bundan qabaq mən BDU-da multimedia kursu aparırdım. Dördüncü kurs tələbəsi bu sualı mənə verdi. O tələbəyə sual verdim ki, hansı evdə yaşayırsız? Dedi, çoxmərtəbəli evdə. Dedim, qızım, birdən qonşunuzun evində taxtabiti oldu, axı o sizin evə də keçə bilər. Nə edərsiniz?

Dedi, qonşuya gedib deyərik ki, təmizlə. Dedim, birdən təmizləmədi? Dedi, gedib sanepidemstansiyaya deyərik, gəlib təmizləyər. Dedim, birdən o da təmizləmədi, onda nə olacaq? Dedi, onda köç qurtar. Dedim, köçməyə də yeriniz yoxdur. Dedi, bəs nə edək? Dedim, qonşular yığışıb birlikdə bunun öhdəsindən gəlməlidir. "Mən" yox, "biz".

Mən qloballaşmanın əleyhinə deyiləm. Mənlik identifikasını saxlamaq şərtilə. Milli mənlik gərək itməsin. Amma çox şeyləri aradan qaldırmaq lazımdır. Biz məzmunu deyil, formanı götürürük.

Mən televiziyaya nadir hallarda baxıram. Serialları görəndə isə əsəbiləşirəm. Yəni Azərbaycan qadınını belə göstərmək lazımdır? Belə deyil axı, vallah belə deyil. Müsbət qadın obrazları da var axı. Bunları göstərin!

- Ümumiyyətlə müasir seriallarda müsbət insan obrazlarına nadir hallarda rast gəlinir...

- Müsbət obraz yoxdur, düzdür. Axı insanları bu obrazlarla tərbiyə edə bilərik. Bax, dəyərlər bunlardır. Gərək hamımız "taxtabitidən" təmizlənək. Təkcə Azərbaycan deyil, bütün dünya.

- Hansı daha çətindir - yaxşı insan, yoxsa yaxşı alim olmaq?

- Qızım, bu heç müzakirə olunmur ki. İnsan olmaq çətindir. Şəxsiyyətin ən birinci atributu insan olmaqdır. Şəxsiyyət olmaq çox ağır şeydi. Hüseyn Cavidi mən çox sevirəm. O dövrdə deyib:

Sarmış yurdu qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq.

İnsanlıq odur ki, əyilməyəsən, sınmayasan. Ən əsas da, insanlığın ən birinci atributu budur ki, nəfsini özünə nökər, qul edə biləsən.

Dostoyevski deyir ki, ziyalılıq imtina etmək bacarığından gəlir. Əgər sən orden-medal dalınca qaçacaqsansa, şəxsiyyət ola bilməzsən.

- Bizim toplumda imtina etməyi bacaran insanlar yəqin ki, çox deyil.

- Var elə adamlar, mən tanıyıram. Mənim cəmi iki təltifim var. Biri 1983-cü ildə elm sahəsində SSRİ dövlət mükafatıdır - çox nadir halda verilən mükafat idi. Biri də 2010-cu ildə ABŞ- ın "Elmdə Ömürlük Uğur" mükafatı - o da çox nadir adamlara verilir. Mənim ayrı mükafatlarım yoxdur.

“Din olmasa belə onu uydurmaq lazımdır”

- Rafiq müəllim, siz Allahın mövcudluğunu qəbul edirsiz, bəs dinlərə münasibətiniz necədir?

- Mən dini atributların heç birini icra etmirəm. Amma belə fikirləşirəm ki, din olmasaydı, bütün dünya xaos içərisində olardı. Bu yaxında bir jurnalist mənə sual verdi ki, cənnət-cəhənnəm var? Dedim, olmasa belə, uydurmaq lazımdır.

Xurafatdan söhbət getmir, bunun qəti əleyhinəyəm. Dini ekstremizmin tamamilə əleyhinəyəm. Mən "Qurani- Kərim"i dünyada ən böyük mənəviyyat sistemi sayıram. Ümumiyyətlə, müqəddəs kitabların qanunları oxşardır. "Tövrat" olsun, "İncil" olsun, "Qurani-Kərim" olsun. Onların qanunlarına biz əməl etsəydik, vallah dünya bu vəziyyətdə olmazdı.

Əfsus ki, müsəlman dünyasında Nobel mükafatçıları azdır, həddindən artıq azdır. Elm sahəsində cəmi dörd nəfərdir, onlardan biri pakistanlıdır - Əbdus Salam. Nobel nitqində deyir, ona görə islam dünyası bu vəziyyətdə deyil ki, islama xidmət etdi, ona görə bu vəziyyətdədir ki, islama xidmət etmədi.

Qara rəngin sirri

- Rafiq müəllim, qeyri-səlis məntiqə görə, tam qara və tam ağ yoxdur. Amma siz özünüz geyimdə tam qara rəngə üstünlük verirsiz. Bunun sirrini heç kim bilmir.

- Sizə açıq deyəcəm. 2011-ci ilə kimi mənim başqa rəngdə geyimlərim də vardı. Həyat yoldaşımı itirəndən sonra mən qütbün bir tərəfində dayandım.

- Həmişə düşünürdüm ki, böyük məhəbbətlər ancaq nağıllarda olur. Amma sizin həyat yoldaşınıza yazdığınız məktublar bizi böyük, əbədi sevgiyə inandırır...

-Unudulmayanlar ölmürlər. Əgər sevdiyin adam həyatda yoxdursa, gərək qoymayasan unudulsun.

Mənim dostum, şair Zakir Fəxrinin oğlu lap cavan, 17 yaşında rəhmətə gedib. Yoldaşımın uyuduğu məzarlıqda dəfn olunub. Zakir Fəxri hər ay oğlunun qəbri üstünə gedəndə Aidə xanımın da məzarını ziyarət edir, gül qoyur.

Bir dəfə mənə yazmışdı ki, əsl sevginin nə olduğunu bilmək istəyən Rafiq Əliyevə üz tutsun. Heç vaxt ola bilməz ki, mən Bakıda olum və ayda iki dəfə onun məzarı üstündəki qızılgülləri təzələməyim.

- Həyat yoldaşınız Aidə xanım sizə həmişə dəstək olub, həyatın bərkindən-boşundan birgə çıxmısız. Yəqin ki, ortaq nöqtələriniz çox idi...

- O, ixtisasca həkim idi. Ümumiyyətlə, bilim adamının (mənim "alim" sözündən xoşum gəlmir) həyat yoldaşı olmaq çətindir. Elə olurdu ki, mən 24 saat, 48 saat yazı stolumun arxasından qalxmadan işləyirdim.

Bizim çox ağır günlərimiz olub. Moskvada aspiranturada oxuyurdum. Cəmi 90 manat təqaüd verirdilər. Onun 40 manatını ev kirəsinə verirdik. Tam mübaliğəsiz deyirəm, mən iki alma ala bilmirdim.

Bir dəfə müəllimim akademik Petrov bizi evinə qonaq çağırmışdı. Mənim iki əsas müəllimim olub: Lütfi Zadə və akademik Petrov. O, SSRİ Elmlər Akademiyasının vitse-prezidenti idi. Həm də İnterkosmosun sədri idi. Hər hansı gəmi uçanda elmi tərəfinə o, qol çəkərdi, texniki tərəfinə Kərim Kərimov.

Həmin gün 28-30 dərəcə şaxta vardı. Televiziyada deyirdilər ki, mebel mağazasında şaxtanin təsirindən mebellər partlayıb. Qonaqlığa Aidə xanım dikdaban ayaqqabıda getmişdi. Çox heyrətləndilər ki, bu şaxtada da belə ayaqqabı geyinərlər? Çətin günlərimiz çox olub.

Sonralar hər şey qaydasına düşdü, dünyanın demək olar ki, bütün ölkələrində oldu Aidə xanım...

"O komanı qoyub gedə bilməzdim"

- Yəqin bu sualı sizə çox veriblər: dünyanın bir çox universitetinin professorusuz. İstənilən ölkədə, daha rahat həyat şəraitində yaşaya bilərsiz, bəs niyə Azərbaycanda qalmağı seçdiz?

- Dünyanın bir çox universitetlərində təyin olunmuş yox, seçilmiş professoram. Corciya Universiteti, Almaniya, Təbriz...

- Təbrizi xüsusi sevgiylə qeyd etdiniz...

- Təbriz başqadır, yuxularımızın şəhəri olub həmişə... 90-cı illərdə mənə sual verdilər ki, seçilmiş professorlardansınız, niyə gedib xaricdə yaşamırsız? Dedim, mən Qarabağda doğulmuşam. Özü də 5 yaşıma kimi kənddə böyümüşəm, kənd həyatını yaxşı bilirəm. Əgər mən indiki vəziyyətdə başqa ölkədə yaşasam, bu doğru olmaz. İnsan yaşa dolduqca, torpaqlaşmaq istəyir. Onda doğulduğun komaya qayıtmaq istəyirsən. Ona görə, o əsarətdə olan torpağı, əsarətdə olan komanı qoyub gedə bilməzdim...

Foto: Elnur Muxtar


Müəllif: Günel Natiq

Oxşar xəbərlər