20 Mart 2015 16:50
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saytı olmayan teatrlar hansılardır?

Azərbaycanda 26 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlar həm maraqlı tamaşaları, sistematik repertuarları, həm də daimi, ziyalı, mədəni tamaşaçıları ilə öyünür. İnformasiya çoxluğunun hökm sürdüyü müasir dünyada tamaşaçını cəlb etmək elə də asan deyil. Bunun üçün müasir dövrün tələblərinə cavab verən piar strukturu olmalıdır. Sadə bir tamaşaçı teatra getmək istədiyi zaman ilk nə etməlidir? Teatrın repertuarını, tamaşaların keyfiyyəti barədə yazıları necə və hansı yollarla əldə etməlidir? Bizim teatrlar bu işi necə həyata keçirirlər, onlar tamaşaçıları ilə ünsiyyəti hansı formada qururlar? “Gündəlik Teleqraf” Bakıda fəaliyyət göstərən teatrları bu mövzuda sorğuya çəkdi. Nəticələrlə yazıda tanış ola bilərsiniz...

“Azdrama”nın niyə saytı yoxdur?

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov bizimlə söhbətində bildirib ki, əvvəllər teatrın saytı fəaliyyət göstərib: “Amma indi sayt yenidən qurulur. Və işlər bitən kimi tamaşaçılara təqdim edəcəyik. Media və televiziyalarla əməkdaşlığıa can atırıq. Yeni tamaşalar barədə məlumatlar, qastrol səfərləri, uğurlar barədə informasiyalar mütamadi media nümayəndələrinə göndərilir. Teatrın sosial şəbəkələrdə ünvanları olsa da deyə bilmərəm ki, mütamadi yenilənir. Yeni tamaşalar yaxud teatrla bağlı informasiya olanda öz “Facebook” səhifəm vasitəsilə də paylaşıram”.

Gənc Tamaşaçılar Teatrı uzun illərdən sonra ötən il www.tyuz.az saytını təqdim edib. Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mürsəquliyeva deyib ki, yüksək peşəkarlıqla hazırlanmış saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat yerləşdirilib: “Saytda həmçinin, teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar öz əksini tapıb. Yeni sayta teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar yer alır”. O əlavə edib ki, sayt hər zaman özündə yenilikləri əks etdirməklə təkmilləşdirilir. Qeyd edək ki, teatrın Facebook səhifəsi də fəaliyyət göstərir.

“Bunu ilk dəfə biz etdik”

Azər baycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun sözlərinə görə, teatrın yeni saytının yaxın vaxtlarda təqdimatı keçiriləcək: ““Facebook”da səhifəmiz var. Hər gün oradan teatrımızla bağlı müxtəlif məlumatlar paylaşırıq. Teatrın bir saytı vardı, hazırda yeni bir sayt yaradılır. Mütəmadi olaraq hər ikisini yeniləyirik. Düzdür, yenisi hələ tam hazır deyil. Hazır olan kimi onu ictimaiyyətə təqdim edəcəyik. Yeni saytımızda bir çox yeniliklər olacaq. Belə ki, dünya teatrlarının saytlarının təcrübəsinə əsaslanaraq yaradılan bu saytda tamaşalarımızın tam video versiyası da yerləşdiriləcək. Bizim sayta daxil olan hər kəs teatrımız haqqında, onun tamaşaları, aktyorları, keçmişi – tarixi, bu günü barədə ətraflı məlumat ala biləcək. Hətta hansısa əcnəbi belə saytımızda tamaşalarımıza ingilis dilində sinxron tərcümə vasitəsilə baxa biləcək. Habelə, saytımız bütün mobil qurğulara adaptasiya olunacaq. Yəni, istənilən formatlı ekranda rahat və tam şəkildə açılacaq. Android proqramının sayəsində teatrın son yeniliklərilə tanışlıq imkanı qazanılacaq. Tətbiq olunacaq Noviqasiya menyusu da sayt üzrə axtarış sistemini asanlaşdıracaq. İnanıram ki, yeni yaradacağımız sayt Azərbaycanda teatr sahəsi üzrə ən yaxşılardan biri olacaq. Bundan başqa teatrımız ölkə televiziyalarının mədəniyyət verilişləri ilə mütəmadi olaraq əlaqə saxlayır. Onlara aylıq afişalarımızı göndəririk, cari repertuarımız haqqında məlumat veririk. Müxtəlif televiziyalarda tamaşalarımızla bağlı anonslar gedir. Teatrımızla bağlı mətbuatda həftə ərzində demək olar ki, hər gün xəbər yayımlanır. İlk Azərbaycan teatrıyıq ki, hələ premyerası olmayan tamaşadan – videoçarx, anons hazırlayıb, elektron KİV vasitəsilə yayımlamışıq. Bu bir ilk idi və bundan sonra da belə davam etməyə çalışacağıq. Əlbəttə, bütün bu işlərdə bizə dəstək olduğu üçün teatrın rəhbərliyinə minnətdarıq. Dövlət Musiqili Teatrının qapıları bütün jurnalistlərin üzünə açıqdır. Məşq prosesindən tutmuş geyim sexinə, tamaşalarımıza qədər hər bir yazar gəlib material hazırlaya bilər”.

“Yazılı media orqanlarına üstünlük veririk”

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva bildirib ki, teatrın saytı www.tob.az adı altında fəaliyyət göstərir: “Aylıq repertuarımızı saytımıza yerləşdiririk. Biz televiziya və radio reklamından daha çox digər yazılı media orqanlarına üstünlük veririk. Gündəlik saytlara müntəzəm olaraq informasiyalar göndəririk. Tamaşalara musiqişünaslar rəy verirlər və bu rəylər müxtəlif saytlarda yayımlanır. Şəhərin mərkəzində afişalar vurulur. Televiziyalarda reklam verməsək də tamaşaların premyeralarına kanal nümayəndələrini dəvət edirik, onlar çəkirlər, süjetlər hazırlayırlar. Eləcə də bizim bütün tamaşalarımız Mədəniyyət kanalı vasitəsilə çəkilir, vaxtaşırı nümayiş olunur. Ondan başqa Lider, İTV, Space kanalları da tamaşalarımızı lentə almaqda maraqlıdırlar”.

“Saytımız müntəzəm yenilənir”

Əsasən yazılı media orqanları ilə daimi əlaqələr qurduqlarını deyən Pantomima Teatrının direktoru Elman Rəfiyev aylıq afişalarını həm mətbuatda, həm də Mədəniyyət və Turizm Nazirliyinin saytında işıqlandırdıqlarını bildirib: “Bütün tamaşaçılarımızın xəbərdar olduqları saytımız - pantomima.az fəaliyyət göstərir. Və müntəzəm yenilənir. Sosial şəbəkələrdə xüsusilə Facebook-da rəsmi səhifəmiz var, oranın üzvləri xəbərlərimizi, afişalarımızı yaymaqda bizə yardımçı olurlar. Ondan başqa yeni tamaşalarımız təqdim olunan zaman telekanallarımızın nümayəndələri süjetlər hazırlayıb müxtəlif verilişlərində təqdim edirlər”.

“Tamaşalarımız çox məhdud qrupları əhatə edir”

Yuğ Teatrının direktoru Tərlan Rəsulov televiziya və radiolara reklam vermədiklərini bildirib: “Çünki bizim teatrda tamaşalar spesifik xarakter daşıyır. Onlar geniş kütlə üçün nəzərdə tutulmayıb. Bu tamaşaları bütün tamaşaçılara təqdim etmək olmur. Başqa teatrlardan fərqli olaraq bizim öz tamaşaçılarımız var. Tamaşalarımız çox məhdud qrupları əhatə edir və onlarla reklam işini internet vasitəsilə edirik. Sabah bu qrupların sayı artsa biz televiziya, radio və jurnalların reklam sahələrinə əl atacağıq. Menecer dili ilə desək, indi ona sərf olunan maliyyə tamaşadan əldə olunan gəlirlə uyğun gəlmir”. Bu baxımdan teatra sosial şəbəkələr və birbaşa dəvətlərlə tamaşaçı cəlb olunur. Sayta gəlincə, hazırda teatrın saytında yeniləmə işləri aparılır. Direktor dedi ki, yaxın günlərdə sayt yenidən fəaliyyətə başlayacaq.

Kukla Teatrının mətbuat əlaqələndiricisi Həmidə Rüstəmova bildirib ki, teatrın saytı www.kuklateatri.az ünvanında yerləşir. Bundan başqa teatrın Facebook adresi də fəaliyyət göstərir: “Saytda əsasən teatrın aylıq repertuarı öz əksini tapır. Yeni tamaşalar barədə məlumat isə müntəzəm olaraq media orqanlarında işıqlandırılır”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər