Paytaxtımızdakı idman bayramı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanan maraqlı konsert proqramlarından daha biri gerçəkləşib.
Teleqraf.com xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsert izləyənlərə klassik musiqidən zövq almaq imkanı yaradıb. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə italiyalı vokalçıların ifasında məşhur operalardan parçalar təqdim olunub.
İtaliyalı Marçello Rotanın dirijorluq etdiyi konsertdə “Le Div4’s: “The Great Italy” qrupunun gözəl xanımlarının şaqraq ifasında C.Verdinin “Traviata”, J.Bizenin “Karmen” operalarından partiyalar alqışlarla qarşılanıb. İtalyan qızların ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” də ecazkar səslənib. Yerli tamaşaçılarla yanaşı çoxsaylı xarici qonaqların da iştirak etdiyi konsertdə ifanı sürəkli alqışlayan və israrla təkrar dinləmək istəyənlər üçün yenidən təqdim olunan xalq mahnımızla konsert sona çatıb.
Qeyd edək ki, dörd soprano ifaçının yer aldığı “Le Div4’s” qrupu klassik oxuma üslubu ilə yeni bir anlayış, auditoriya üçün maraqlı seçimdir. Görkəmli bəstəkarların operalarından parçaları və bütün dünyada dillər əzbəri olan mahnıları yeni ladda oxuyan Denis, İzabella, Viktoriya və Sofiya bu formatda səhnə debütünü 2008-ci ildə ediblər. Bəstəkar Andrea Bocelli ilə işbirliyi sayəsində qısa zamanda kvartet şöhrət qazanıb.
2012-ci ildən beynəlxalq festivallara qatılıb mükafatlara layiq görülən qrup müxtəlif ölkələrində konsert proqramları ilə çıxış ediblər. Özlərinin müəyyən etdiyi repertuarla çıxış edən qrup səfər etdikləri hər ölkənin bir məşhur musiqisini də repertuarlarına daxil edib diqqəti cəlb etməyə çalışırlar. Məhz bu prinsipə əməl etməklə “Sarı gəlin”ə yeni çalar qatan gözəl səsli və səhnə duyumlu italyan xanımlar tamaşaçıların yaddaşında qala biliblər.