6 Oktyabr 2015 12:05
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu barədə bir söz deyə bilməyəcəm”

Müsahibimiz olan Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanla müxtəlif mövzularda söhbətləşdik. Müsahibəni təqdim edirik.

- İntiqam bəy, hazırda Uşaq Teatrında nə işlər görülür? Yeni tamaşalardan nə xəbər?
- Uşaq Teatrı böyüklər üçün dünyanın bir nömrəli problemi olan - insan alverinə həsr olunan tamaşanın premyeralarını keçirir. Bilirsiniz ki, 10 tamaşa premyera sayıla bilər. Biz bu tamaşanı ötən mövsümün sonu təqdim etdik, bu ayın 7-də üçüncü dəfə tamaşanı göstərəcəyik. Daha öncə Şabranda premyera etdik, bu dəfə isə öz məskunlaşdığımız yerdə - Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində nümayiş etdirəcəyik. İnsan alveri əbəs yerə dünyanın bir nömrəli problemi deyil. Çünki müəyyən miqdar narkotiki sərhəddən keçirmək mümkündürsə, bunu yalnız bircə dəfə keçirmək olar, amma aldadılmış, qarmağa salınmış, alverin qurbanı olmuş insanı dəfələrlə o tərəf, bu tərəfə keçirmək olar. Azərbaycanda rəsmi statistikaya görə, insan alveri qurbanlarının hər ikisindən biri anadır. Yeni tamaşalara gəlincə, biz bir az fərqli formada işləyirik. İnzibatçılarla tez-tez müzakirələr edirik, məktəblilərin, cəmiyyətin hansı mövzuya daha çox tələbatı var, onu öyrənirik və bundan çıxış edərək yeni tamaşalar hazırlayırıq. Bu mövsüm də bütün yaş qruplarına aid olan, müxtəlif janrları əhatə edən tamaşalarımız olacaq. Cəlil Məmmədquluzadə və ya Mirzə Ələkbər Sabirə də müraciət edəcəyik. Amma hansı daha əvvəl olacaq, bu, bizim şəraitimizə baxır. Alleqorik janrda yeni bir tamaşamız var, hazırda onun üzərində işlər gedir. 70-80-ci illərdə bəzi yazarlarımız kabinetdə oturub pambıq tarlasından yazırdılarsa, indi bu cür işləmək, təbii ki, özünü doğrultmur. Xalqın, camaatın, millətin içərisində olub uşağın, gəncin, yeniyetmənin tələbatına uyğun tamaşalar qurmaq lazımdır. Hərdən mənə deyirlər ki, bəzi şəxslər tərəfindən bizə laqeyd münasibət göstərirlər, diqqət yetirmirlər. Mən də deyirəm ki, onların ən böyük diqqəti işimə qarışmamalarıdır. İndiyə qədər heç kim deməyib ki, bu mövzuda tamaşa hazırlama. Yəni mənə inanıb, etibar edirlər. Onlar bilirlər ki, mən bu xalqa, millətə, dövlətə xəyanət edə bilmərəm. Bu, mənim qanımda yoxdur.

- Qaraçuxurdakı o balaca məkanınızdan razısınızmı?
- Qətiyyən razı deyiləm. Bəlkə də, taleyin qismətidir. Aktyorlarımızın ikisi Lökbatandan, ikisi Masazırdan, biri Gənclər üçün tikilmiş yeni şəhərcikdən, digəri isə Buzovnadan gəlir. Xutordan gələn adam uzaqdan gəldiyini deyə bilmir, utandığından. Ən azı üç avtobus dəyişməli olurlar. Həm məşqə gecikməli olurlar, həm də gəlib çatanacan yorulurlar. Amma bütün bu çətinliklərə baxmayaraq çalışırıq.

- Son dönəm çox şikayətçi danışırsınız...
- Görünür, səbir kasası artıq dolub daşır.

- Həm mətbuatda, həm də sosial şəbəkələrdə sərt çıxışlarınız olur.
- Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəndə deyirlər ki, sizə İdarə yaradılıb, probleminizə onlar baxsınlar. İdarə deyir, teatrsan, nazirlik baxsın. Təsəvvür edin, Bakı Şəhər İcra Hakimiyyəti özü yaratdığı, 14 ildir ki, fəaliyyət göstərən qurumu hələ görməyib. Mən desəm ki, qəbul etməyib, deyəcəklər, bizim heç xəbərimiz yoxdur. Çünki onun ətrafına bəzi şəxslər o qədər sıx çəpər çəkiblər ki... Ona görə niyə sərt danışmayım. Bu teatr nə qədər mənimdirsə, bir o qədər həmin şəxslərin, bir o qədər də Azərbaycan vətəndaşınındır. Bu, bizim teatrımızdır, bunu niyə dağıdaq. Türkiyə indiyə qədər uşaq teatrı yarada bilmir. Uşaq Teatrı yaratmaq o qədər asan məsələ deyil. Yaratmışıq...

- Elza Seyidcahan da deputatlığa namizədliyini verib. Xəbəriniz var?
- Var, amma mən sizə faydalı ola biləcək nəsə deyə bilməyəcəm. Çünki mən çox tolerant adamam. Təhqirə dözə bilməyən biriyəm, tənqid də haqlı, əsaslı olmalıdır. Tolerantlıq da hər kəsin fikrinə hörmətlə yanaşmaq deməkdir.

Nərmin Muradova


Müəllif: