Bu gün Beynəlxalq Muğam Mərkəzində əməkdar artist Fərqanə Qasımovanın konserti baş tutdu.
Konsertlə bağlı təəssüratlarını Teleqraf.com- a bölüşən Fərqanə Qasımova bildirdi ki, ustad sənətkarların qarşısında konsert vermək imtahan kimidir. Onun sözlərinə görə, konsertdə iştirak edən bütün sənətkarlar ifa tərzindən razı qalıblar: "Ağaxan Abdullayev, İlhamə Quliyeva, Mələkxanım Əyyubova və Səkinə İsmayılova konsertdən sonra mənə yaxınlaşaraq razı qaldıqlarını bildirdilər. "Nəva" muğamı Azərbaycanda ilk dəfə idi ki, səslənirdi. Bu muğamın üzərində çox əziyyət çəkmişdik. Konsertə gələn qonaqlar dedilər ki, əziyyətinizin bəhrəsini gördünüz və çox gözəl ifa etdiniz. Və mən bu muğamın hər zaman yaşamasını arzu edirəm".
Qeyd edək ki, əməkdar artist konsertin açılışında xalq artisti Alim Qasımovla duet ifa etdi. Sonra ifasını solo davam edən F.Qasımova sonda "Nəva" dəsgahını səsləndirdi.
Əməkdar artisti müşayiət edənlər arasında iranlı musiqiçilər də vardı.
Bildirək ki, konsetdə xalq artistləri Ağaxan Abdullayev, İlhamə Quliyeva, Mələkxanım Əyyubova və Şeyx Əbdül Mahmudbəyov, Metropolitenin keçmiş rəisi Tağı Əhmədov və b. vardı.
Rəqsanə