3 Fevral 2016 11:15
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com türkiyəli yazar Tan Sağtürkün Ləman Samdan aldığı müsahibəni təqdim edir:

– İlk baxışda diqqəti çəkən uzun, qızılı saçların arasındakı makiyajsız üzü, sadə geyimləri sanki içində alışıb-yanan bir təzadın təcəssümüdür. Və insanın ürəyinə işləyən yanıqlı bir səs... Elə bil dərində gizlənən bir etiraz insan varlığından da yüksəkdə eşqin nəğməsini səsləndirir. Mənə hiss etdirdiyiniz budur. Bəs siz özünüzü necə ifadə edərdiniz?

– Anarxist ruhumun çox hiss edildiyini düşünürdüm, amma sən çox xoş ifadə elədin məni. Əslində, çox sərt görünürəm, amma içimdə yumşaq, hətta çox vaxt məni yaralayan bir mərhəmət var. Uşaqlığımdan bəri bunu ört-basdır etməyə çalışıram. Bu tərəfimi göstərməyi sevmirəm. Sevgiyə də, siyasətə də baxışım necə ifadə edirəmsə, elədir. Həmişə buna diqqət edirəm.

– Bu vəziyyət sizə ağırlıq eləmir ki? Əslində, bir çox şeyin əmanətçisi kimisiniz. İnsanların danışdıqları, sizinlə bölüşdükləri çox deyil sizin üçün?

– Həm də necə... Mən açıq bir yara kimi yaşayıram. Hər şeydən təsirlənirəm. Heç vaxt heç kimin yanında ağlamıram, ağlayanda öz-özümə ağlayıram. İki il heç ağlaya bilməmişəm. Ağlaya bilməmək çox pisdir... Bizdə adətən oğlan uşaqlarını “kişilər ağlamaz” deyib böyüdürlər. Bu, axmaq bir şərtdi, ağırdı. Kişi də, qadın da ağlaya bilməlidir. Elə bir ailədə yetişmişəm ki, ağlamamağı özümə şərt qoymuşam. Məsələn, sən övladına nağıl oxuyursan. Amma mənim atam hərbçi idi, çox sərt adamıydı. Mənə heç vaxt nağıl oxumayıblar. Qızlarımı belə böyütməmişəm. İşləyirdim, onlara nağıl oxumağa vaxtım yox idi. Nağılı oxuyub, kassetə səsimi yazırdım, başlarının üstündə oxudurdum. Onlar da yaxşıca dinləyib yatırdılar.

– Elə bil heç vaxt uşaqlarınızın atası olmayıb. Sadəcə, Ləman Sam və iki qızı var imiş. Yəni biz həmişə belə bilmişik...

– Sən bunu heç vaxt anlaya bilməzsən. Sənin kimi bir kişinin elə bir ata obrazını başa düşməyi çox çətindir. Amma belə çətinliklər bir çox qadınları dim-dik ayaqda durmağa, həyatla mübarizə aparmağa vadar edir. Təbii ki, çox sıxıntı, çətinlik gördüm. Həyatımın ən gözəl illəri bu mübarizədə keçdi. Amma birincisi, övladlarımı, ikincisi, özümə inam qazandım. Cəmiyyətdə sayğı, hörmət görən iki qız övladı böyütməyin qürurunu yaşayıram.

– “Penceremin perdesini havalandıran rüzgar, denizleri köpük-köpük dalgalandıran rüzgar...” Çox güclü bir mahnıdır və Ləman Samın səsiylə adamı uzaqlara aparır. Oxuduğunuz mahnıları özünüzlə necə birləşdirirsiniz?

– Oxuduğum mahnı hüceyrələrimə qədər işləməlidir. O mahnını əvvəlcə mən sevməliyəm, öz ifamda dinləyib bəyənməliyəm. Baxmalıyam ki, o duyğunu çatdıra bilmişəmmi? Bu günə qədər sevmədiyim, bütün bədənimlə hiss etmədiyim heç bir mahnını oxumamışam, oxumaram da. Ona görə də çoxlu albomlarım yoxdur. Çünki mən insanların gözlərinin içinə baxaraq mahnı oxumağı sevirəm.

– Sevgi mahnılarını çox incə, xəfif səslə oxuyursunuz. Fırtınalı sevgilər yaşayan biri bunu necə bacarır?

– Sevgi mövsuzunda bununla razıyam: insan xəyalında mükəmməl bir obraz yaradır və o onu kiməsə geyindirir, ona sitayiş etməyə başlayır. Daha sonra gözündəki eynək qırılır və həqiqətləri görməyə başlayırsan, nəticədə qarşındakı da insandır. Amma sən onu mələk kimi görürdün və sevgin günbəgün artırdı. Bir gün bunu anlayırsan: onu yanında yad biri kimi görürsən və özünlə üzləşirsən. Bunu niyə elədim, niyə, necə belə oldu? Bu sualların heç birinə cavab da tapa bilmirsən. Ona görə də sevginin alovlu bir xəstəlik olduğunu düşünürəm.

– Sevgi mahnıları oxuyursunuz. Bu, yaşanmış ağır duyğuların təzahürüdür elə bil. Həmişə beləmi oldu? Belə deyək, həmişə əlçatmaz sevgilərmi yaşadınız?

– Yox, elə deyil. Bu gün sevgi bizdən küsüb, ancaq həqiqi sevgi ilahi bir duyğudur. O zaman Allah insana daha çox yaxınlaşır. İnsan o qədər ağlagəlməz detallar kəşf edir ki, elə bil beynimizdə bir oyanış baş verir. Ətrafımda qarşılıqsız sevgi yaşayan insanlar görürəm. Bundan səs çıxır, ondan yox. Əsl sevgidən xəbərsiz bir ömrü başa vuran insanlar var. Ancaq Aşıq Veysəl demiş, sevgi qovuşa bilməsən, sevgi olur.

– Uşaqlıqda həyatınız ağır olub, eləmi? Qatı qayda-qanun, dağılan ailə, Hakkari xatirələri... Keçmişə qayıdıb balaca Ləman Sama baxanda nə görürsünüz?

– Zaman-zaman o balaca qız uşağına ürəyim ağrıyır. Atam bir yerdə vəzifəyə təyin olunurdu, həmin yerə öyrəşirdim ki, ordan da qopmalı olurdum. Ona görə də heç bir yerdə kök ata bilməmişəm mən. Bəzən adamlar məktəb dostlarından danışanda onlara həsəd aparıram. Mən elə şeylər yaşaya bilməmişəm. Köhnə illərə bağlı dostlarım çox azdır. Hərdən o qızın halına acıyıram, amma sonra da deyirəm ki, əslində, çox rəngli şeylər yaşamışam.

– Gələk siyasət mövzusuna. Siyasətlə maraqlanırsınız, amma siyasətçi olmağı fikirləşmirsiniz...

– Siyasətlə məşğul olmaq mütləq siyasətçi olmalısan demək deyil. Mən “Siyasətdən başım çıxmır” deyən sənətçilərə təəccüb edirəm. Yolla gedirsən, ayağın çuxura düşürsə, burda günah kimdədir? Bələdiyyədə. Bələdiyyə də seçki ilə seçildiyinə görə gedib siyasətə söykənir. Deməli, hər şeyin kökündə siyasət var. Televiziyalar, qəzet və jurnallar, ağlımıza gələn hər şeyin siyasətlə əlaqəsi var.

Məni siyasətə çox çəkmək istəyiblər. Amma həmişə imtina eləmişəm. Çünki mənim siyasi baxışımı dəstələyəcək nə xalq var, nə partiya. İki günün içində döyüb çölə atarlar, onsuz da heç seçilə də bilmərəm. Türkiyədə siyasətlə məşğul olmaq mümkün deyil. Bəlkə, xarici ölkələrin birində ola bilərdim. Məsələn, solçu partiyada aktiv fiqur olardım.

– Biz həmişə tariximizlə qürur duyan bir cəmiyyət olmuşuq. Amma siz “Osmanlı mənim sələfim deyil” demisiniz. Niyə belə fikirləşirsiniz?

– Osmanlı imperiyasına, Türkiyə tarixinə “Atam, babam, nəslim” coşğusuyla yanaşmıram. Bu mövzularda daha realistəm. İmperializmə qarşı çıxan bir insanın imperiyaya isti münasibəti mümkündürmü?

– Bəs Atatürk?..

– Atatürkün çox ağıllı, uzaqgörən, vətənini sevən bir insan olduğunu düşünürəm. Amma onun da səhvləri olub. Məsələn, “Mübadilə” müqaviləsi (Türkiyə ilə Yunanıstan arasında bağlanan müqavilə. Müqaviləyə əsasən, Türkiyədə yaşayan yunanlar Yunanıstana, Yunanıstanda yaşayan türklər zorla Türkiyəyə köçürülməli idi). Günah tamamilə ondadır demirəm. Atatürkü tənqid eləmək mənim başım üçün deyil, əlbəttə. Atatürkü sevirəmmi? Sevirəm. Qandini sevirəmmi? Sevirəm. Amma onlar da insandır, onların da çatışmayan cəhətləri var.

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər